23 aprel 2025 23:36
110

Kosmik sahədəki birlik strateji maraqları əks etdirir

Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilib

Aprelin 23-də Bakıda Azərbaycan Nəqliyyat  və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən  Kosmik Agentliyin ("Azərkosmos") ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Kosmik Agentliklərinin və aidiyyəti qurumlarının rəhbərlərinin 4-cü görüşü keçirilib.

Toplantıda Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və müşahidəçi ölkə Macarıstan iştirak edib.

Toplantı türk dövlətləri arasında kosmik sahədə müştərək layihələri dəstəkləmək, qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, regional innovasiya və elmi-texniki tərəfdaşlığı təşviq etmək məqsədi daşıyır. Əməkdaşlığın mərkəzində ortaq texnologiyaların yaradılması, insan kapitalına yatırımlar və kosmosun dinc məqsədlərlə istifadəsi dayanır. TDT çərçivəsində möhkəmlənən əməkdaşlıq və türk dövlətlərinin kosmik sahədəki birliyi müasir dövrdə sadəcə mənəvi bağları deyil, strateji maraqları da əks etdirir. Bu əməkdaşlıq regionun texnoloji müstəqilliyini artırmaqla yanaşı, onun beynəlxalq kosmik gündəmdə daha fəal rol oynamasına şərait yaradır.

Görüşdə bəzi məsələlər müzakirə olunub. Bunlardan biri birgə "CubeSat" layihəsidir. TDT çərçivəsində icra ediləcək bu peyk təşəbbüsü, üzv ölkələr arasında texniki bilik mübadiləsini genişləndirməklə yanaşı, karbon dioksid və metan kimi istixana qazlarının monitorinqi vasitəsilə iqlim dəyişikliklərinə qarşı mübarizəyə töhfə verəcək. Digər bir məsələ kosmos sahəsində hüquqi çərçivənin standartlaşdırılmasıdır. Azərbaycan tərəfindən təklif edilən bu təşəbbüs ortaq hüquqi baza yaratmaqla gələcək birgə layihələrin reallaşdırılmasını asanlaşdıracaq. Tətbiq olunacaq model BMT-nin kosmosla bağlı beynəlxalq müqavilələrinə uyğun şəkildə hazırlanacaq. Virtual Kosmik Akademiyanın yaradılması, 21 aparıcı universitetin iştirakı ilə qurulacaq bu rəqəmsal platforma regionun gənc istedadlarına daha geniş təhsil imkanı yaradacaq və Azərbaycanın gələcəkdə kosmik təhsil və innovasiya mərkəzi kimi mövqeyini gücləndirəcək. GUHEM Kosmos düşərgəsi və təhsil layihələri Türkiyədə baş tutacaq. Düşərgənin təqdimatı ilə yanaşı, coğrafi informasiya sistemləri (GIS) üzrə təlimlərin TDT ölkələrində tətbiqi məsələsi də gündəmə gətirilib.

“Azərkosmos” İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov toplantıda çıxışı zamanı bildirib ki, Azərbaycan gələcək birgə kosmik təşəbbüslərin uğurla reallaşması üçün Türk Dövlətləri Təşkilatının kosmik subyektləri arasında vahid hüquqi normaların yaradılmasını təklif edir: “Kosmik Fəaliyyət haqqında” Qanunun qəbul edilməsi ölkəmizin milli kosmik ambisiyalarının rəsmiləşdirilməsi baxımından mühüm addımdır. Bu sənəd beynəlxalq hüquqa, o cümlədən BMT-nin kosmik sahə üzrə müqavilələrinə uyğun hazırlanıb və dayanıqlı inkişaf üçün yol xəritəsi rolunu oynayır”.

D.Bədirxanov qeyd edib ki, türk dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir: “Türk xalqları arasında ortaq mədəni irs, dil və dəyərlər mövcuddur. Son illərdə əməkdaşlığımız strateji düşüncə, praktik tərəfdaşlıq və səmimi həmrəyliyə əsaslanan yeni mərhələyə qədəm qoyub. Bu baxımdan Türk Dünyası 2040 Konsepsiyası kosmik əməkdaşlıq üçün də aydın istiqamətlər müəyyənləşdirir. Kosmosun dinc məqsədlərlə tədqiqinə və elmi inkişafımıza kollektiv öhdəlik götürürük”.

Dunay Bədirxanov bu kontekstdə Türk Kosmik İnnovasiyalar Fondunun yaradılmasını da önəmli hadisə kimi dəyərləndirib: “Bu Fond artıq birgə tədqiqat təşəbbüsləri, peyk proqramları, startapların inkubasiyası və texnologiyaların kommersiyalaşdırılması üçün praktiki zəmin formalaşdırır. Resurslarımızı birləşdirərək regional innovasiya ekosistemi yaradırıq”. O, həmçinin keçən il başlanan “CubeSat”layihəsini TDT çərçivəsində əməkdaşlığın ümidverici nümunəsi kimi qiymətləndirib: “Azərbaycan bu təşəbbüs çərçivəsində qənaətcil və miqyaslana bilən peyk modelindən istifadə etməklə texniki biliklərin paylaşılmasını və ekoloji məqsədlərə nail olunmasını hədəfləyir. “CubeSat”lar karbon dioksid və metan kimi zərərli qazların emissiyalarını izləyəcək və regionun iqlim məqsədlərinə dəstək verəcək”.

Kosmik inkişafın təməlində insan faktorunun dayandığını vurğulayan D. Bədirxanov əlavə edib ki, bu sahədə uğur qazanmaq üçün insan kapitalına sərmayə vacibdir: “Region üzrə istedad axınının təmin edilməsi üçün universitetlər, tədqiqat institutları və özəl sektor arasında əməkdaşlıq dərinləşdirilməlidir. Gənc mühəndislər, alimlər və sahibkarlar yetişdirilməli, kosmik siyasət liderləri formalaşdırılmalıdır. Bu istiqamətdə Azərbaycan Kosmik Akademiyası mühüm rol oynayır. Akademiya, həmçinin Virtual Kosmik Akademiya platforması ilə bu imkanları daha da genişləndirəcək. Bu onlayn təşəbbüs 21 görkəmli universitetin dəstəyi ilə həyata keçiriləcək və Azərbaycanın Şərq-Qərb arasında gələcək kosmik mərkəzə çevrilməsinə töhfə verəcək”.

TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev çıxışında diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatı Azərbaycanın Virtual Kosmik Akademiyanın yaradılması təşəbbüsünü dəstəkləyir: “Biz əminik ki, insan kapitalının inkişafı və təhsil kosmik əməkdaşlığın əsas elementləridir. Bu kontekstdə biz Azərbaycanın Virtual Kosmik Akademiyanın yaradılması təklifini, eləcə də coğrafi informasiya sistemləri üzrə təlim proqramlarını alqışlayırıq".Onun sözlərinə görə, bu təşəbbüslər gənclər və mütəxəssislərin bilik və bacarıqlarının genişləndirilməsi üçün şərait yaradacaq, kosmik elm sahəsinə marağın yaradılması və peşəkar hazırlığın formalaşmasına töhfə verəcək. “Azərbaycan tərəfinin bu gün bu təkliflər barədə daha ətraflı məlumat təqdim edəcəyini gözləyirik”, - təşkilatın baş katibi əlavə edib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatının kosmik agentliklərinin 2026-cı il üçün planlaşdırılan beşinci görüşü Qazaxıstanda keçirilə bilər: "Nizamnamə sənədlərinə və mövcud təcrübəyə əsasən TDT çərçivəsində müxtəlif istiqamətlər üzrə görüşlər hər il əlifba sırası ilə keçirilir. Lakin əvvəlki görüşdə Azərbaycan tərəfi tədbirə özünün ev sahibliyi etməsini təklif edib və Qazaxıstan tərəfi öz növbəsini güzəştə gedib. Əməkdaşlığa və göstərdiyi anlayışa görə Qazaxıstana təşəkkürümü bildirmək istəyirəm. Əlifba sırasını nəzərə alaraq, katiblik beşinci görüşün 2026-cı ildə Qazaxıstanda keçirilməsini təklif edir. Qazaxıstan tərəfi bu təklifə müsbət yanaşarsa, minnətdar olarıq”.

K.Omuraliyev bildirib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə kosmik fəaliyyətin tənzimlənməsi üçün vahid hüquqi normaların işlənib hazırlanmasını təklif edib: “2024-cü il noyabrın 6-da Bişkekdə keçirilən sammitdə Kosmik fəaliyyət sahəsində Anlaşma Memorandumunun imzalanması əməkdaşlığımızın institutlaşmasının mühüm mərhələsi oldu. Bu prosesin davamı olaraq, Azərbaycan tərəfi birgə kosmik fəaliyyətin tənzimlənməsi üçün unifikasiya edilmiş hüquqi normaların işlənib hazırlanmasını təklif edir”. Onun sözlərinə görə, bu mühüm təşəbbüs hüquqi aydınlığı, şəffaflığı və beynəlxalq standartlara uyğunluğu təmin edəcək.

Görüş zamanı qeyd olunub ki, TDT üzv ölkələrin kosmik agentliklərinin görüşləri mütəmadi təşkil olunacaq: "Bu təşəbbüs sayəsində üzv və müşahidəçi ölkələr arasında əməkdaşlıq və bilik mübadiləsi sistemli şəkildə həyata keçiriləcək".

Yaqut Ağaşahqızı, “İki sahil”