24 aprel 2025 09:00
266

Strateji əməkdaşlıq səviyyəsində olan Azərbaycan-Çin münasibətləri

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ÇXR) arasındakı münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir və müxtəlif siyasi, iqtisadi, mədəni, humanitar və nəqliyyat-logistika sahələrini əhatə edir. İki ölkə arasında dostluq münasibətləri də yüksək səviyyədə inkişaf edib və son illər daha da dərinləşib. 2024-cü il iyulun 3-də qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” dövlətlərarası bağlılığı möhkəmləndirib. Bəyannamədə əməkdaşlığın gələcəkdə genişləndirilməsi, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, iki dövlətin ümumi maraqlarının birlikdə müdafiə edilməsi, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətinin birgə təşviq edilməsi razılaşdırılıb. Eyni zamanda, Bəyannamədə iki ölkənin dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlar olduğu təsdiq edilib.

Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxarıb, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirib. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir.

Bu gün Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanın belə nəhəng və iqtisadiyyatı uğurlu olan dövlətlə əməkdaşlıq etməsi, münasibətlərini gücləndirməsi dövlətimizin başçısı İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir

Hazırda iki ölkə arasında iqtisadi əməkdaşlığın səviyyəsi əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcudluğunu göstərir. Prezident İlham Əliyevin aprelin 22-də Çin Xalq Respublikasına səfəri də münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda möhkəmləndiyini təsdiqləyir. Çinlə əməkdaşlığın genişlənməsi yalnız iqtisadi və diplomatik deyil, həm də regional sülhə, təhlükəsizliyə və inkişafa xidmət edir.

Azərbaycan Respublikası bütün dünya dövlətləri ilə, o cümlədən Çin Xalq Respublikası ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq, bu istiqamətdə əməkdaşlıq etmək niyyətindədir və möhtərəm Prezidentin Çinə cari dövlət səfəri, əslində, həm də ölkəmizin qeyd olunan konstitusion niyyətinin təntənəsi hesab olunmalıdır.

Azərbaycanla Çin arasında siyasi, iqtisadi, ticari, mədəni, humanitar istiqamətlərdə əməkdaşlığın kifayət qədər geniş spektrə malik gündəliyi mövcuddur. Həm Bakı, həm də Pekin hesab edirlər ki, Azərbaycan və Çin arasında maraqların uzlaşdırılması tam mümkündür və bununla da hər iki dövlətin mənafelərinin təmin olunması ilə yanaşı, ortaya ümumbəşəri niyyətlər naminə ciddi töhfələr qoyula bilər. Bu mənada, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində imzalanan sənədlərin əhatə dairəsinin genişliyi və dövlət başçılarının imzalanan sənədlər üzrə icranın reallaşması baxımından ortaya qoyduğu iradə bütövlükdə beynəlxalq münasibətlər sistemi adına ciddi perspektivlər vəd edən geosiyasi hadisədir

Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bu gün Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub. İki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Həmçinin Azərbaycan ticarət və şərab evləri artıq Çinin Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir

Aprelin 22-də Pekin şəhərində baş tutan yüksək səviyyəli görüşlər və imzalanan sənədlər bir daha göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və düşünülmüş xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu yeni mərhələyə daşıyır.

Azərbaycan ilə Çin Xalq Respublikası arasında 21 mühüm sənədin imzalanması, viza rejiminin ləğvi, kosmik sahədə əməkdaşlığın başlanması və strateji tərəfdaşlıq əlaqələrinin rəsmiləşdirilməsi ölkəmizin qlobal miqyasda etibarlı tərəfdaş kimi tanındığını təsdiqləyir. 

Dövlət Neft Fondu ilə Çin İnvestisiya Korporasiyası arasında əldə olunan razılaşmalar və multimodal daşımalar üzrə saziş Azərbaycanın nəqliyyat-logistika və enerji sektorunda mühüm bir qovşaq olduğunu bir daha ortaya qoyur.

Bu həm iqtisadi inkişafımız, həm də regionda artan geosiyasi çəkimiz baxımından əhəmiyyətlidir. Çinin Azərbaycanın ŞƏT-də statusunun artırılmasına və ÜTT-yə üzvlüyünə dəstək verməsi, habelə ölkəmizin irəli sürdüyü sülh təşəbbüslərinə qətiyyətli dəstəyi, regional sabitliyin və ədalətin tərəfdarı olan Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqidir.

Ən əsası isə bu tarixi görüşdə Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədrini Azərbaycana rəsmi səfərə dəvət etməsi, qarşılıqlı hörmət və strateji baxışın bariz nümunəsidir. İnanırıq ki, bu səfər də tezliklə reallaşacaq və əməkdaşlığımız daha da dərinləşəcək. Azərbaycanın milli maraqlarını qoruyan, dünyada söz sahibi olan bir dövlətə çevrilməsi yolunda bu kimi uğurlar hər bir vətəndaşımız üçün fəxr mənbəyidir. Biz, millət vəkilləri olaraq, bu strateji xəttə tam dəstək verir, cənab Prezidentin apardığı uğurlu siyasəti yüksək qiymətləndiririk.

İsrafil Kərimov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü