Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. İqlim diplomatiyası ilə bağlı COP29 kimi mötəbər tədbirin yekdilliklə ölkəmizə etibar edilməsi həm də onun göstəricisidir ki, Azərbaycanın Qlobal Cənub və Qlobal Şimal arasındakı münasibətlərin faydalı məcraya yönləndirilməsinə verə biləcəyi töhfə beynəlxalq aktorlar tərəfindən qəbul olunur. COP29 ərəfəsində ölkəmizə qarşı aparılan çirkin qarayaxma və aydın sezilən təzyiq kampaniyasına baxmayaraq, Bakıda əldə olunan nəticələr sübut etdi ki, Azərbaycan etibarlı tərəfdaş və beynəlxalq münasibətlərin müstəqil subyekti kimi bütün maneələri aşmaq və ortaq maraqların əldə olunması naminə siyasi iradə göstərmək gücündədir. İnkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsinin ayrılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması, Paris Sazişinin 6-cı maddəsinin işlək vəziyyətə gətirilməsi iqlim diplomatiyası tarixində yeni səhifənin əsasını qoydu.
Azərbaycan bir daha nümayiş etdirdi ki, Qlobal Cənub ilə Qlobal Şimal arasında etibarlı körpülərin və səmərəli əməkdaşlıq formatının qurulmasına töhfə vermək əzminə sadiqdir, ən başlıcası, bunu reallaşdırmaq üçün təsirli əlaqələr sisteminə və uğurlu müstəqil dövlət idarəçiliyi təcrübəsinə malikdir. Qlobal Cənub dedikdə icə, Çin Xalq Respublikası bu böyük coğrafiyanın aparıcı oyunçularından biri və ya birincisidir. Bu gün Çin iqtisadiyyatı o dərəcədə güclənib ki, onun inkişaf dinamikası bütövlükdə dünya iqtisadiyyatını təsirləndirə bilir. Prezident İlham Əliyev dövlət səfəri ərəfəsində, aprelin 21-də Çinin Sinxua agentliyinə verdiyi müsahibədə xüsusi olaraq qeyd etdi ki, 2024-cü ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3.7 milyard dollar səviyyəsinə yüksəlib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır, onun ölkəmizlə xarici ticarət dövriyyəsindəki payı 7,9 faiz təşkil edir. Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olmaqla yanaşı, həmin layihəyə Çindən sonra ən çox investisiya qoyan ikinci ölkədir. Çünki “Kəmər və yol” layihəsi Avropa ilə Asiyanı birləşdirən geniş coğrafiyada səmərəli iqtisadi bağlantıların qurulmasına zəmin yaratdığı qədər, siyasi, humanitar və mədəni əlaqələrin də etibarlı məcraya yönlənməsinə xidmət edir. Sözsüz ki, bu məqam yeni dünya düzəninin formalaşdığı indiki mürəkkəb şəraitdə ciddi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev, elə bu səbəbdən, müsahibədə həmin məqamı xüsusi olaraq vurğuladı: “ 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”.
Azərbaycanın “Kəmər və yol” layihəsinə böyük investisiya qoyuluşu etməsi həm də ona görə təsadüfi deyil ki, bu layihə ölkəmizin Orta Dəhlizlə bağlı strateji dövlət maraqlarının gerçəkləşməsinə xidmət edir. Ötən il Azərbaycan ilə Çin arasında tranzit daşımalarının həcminin 2023-cü illə müqayisədə 86 faiz artaraq 378 min ton səviyyəsinə yüksəlməsi, həmçinin Orta Dəhliz vasitəsilə ixrac və tranzit rejimində Çindən Azərbaycana 287 yük qatarının yola salınması Ermənistana və onun havadarlarına onun mesajıdır ki, nə etmələrindən, hansı məkrli oyunları qurmalarından asılı olmayaraq, Orta Dəhliz və onun ən optimal tərkib hissəsi olan Zəngəzur Dənlizi dövrümüzün yeni reallıqlarının qaçınılmaz tələbidir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) aparıcı təsisçilərindən biri olan Çin ilə ticari əlaqələrin dərinləşdirilməsinə xüsusi önəm verməsi iqtisadi maraqlarımızla yanaşı, həm dövrümüzün, həm də yerləşdiyimiz coğrafiyanın reallığından irəli gəlir. Ölkəmizin 2016-cı ildən etibarən ŞƏT-də dialoq üzrə tərəfdaş ölkə statusunda təmsil olunması bu cür obyektiv reallıqlarla bağlıdır və həmin əməkdaşlıq formatı iqtisadi təhlükəsizliyimizə əlavə təminat verir. Eyni zamanda, ÇXR ilə diplomatik münasibətlərimizin qurulduğu 2 aprel 1992-ci ildən bu günə qədər Çin bütün beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına birmənaılı dəstək verən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Ötən il iyulun 3-də Astanada keçirilən ŞƏT sammiti çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” isə ölkələrimiz arasındakı əlaqələrin hazırkı inkişaf səviyyəsini əks etdirir. Prezident İlham Əliyev Sinxua agentliyinə verdiyi müsahibədə həmin sənədin əsas məqsədlərindən birinə bu aydınlığı gətirdi: “Birgə Bəyannamədə, həmçinin təsdiq etdik ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq”.
Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində ölkələrimiz arasında mühüm sənədlər imzalandı. Onlar iqtisadiyyatın əksər sahələrini, o cümlədən nəqliyyat, logistika, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat və texnoloji innovasiyalarla bağlı istiqamətləri, habelə elm, təhsil, səhiyyə, mədəniyyət, turizm və hüquqi yardımla bağlı bir çox sahələrdə qarşılıqlı əməkdaşlığı ehtiva edir. Prezident İlham Əliyev və Sədr Si Cinpin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” isə dövlətlərarası münasibətlərin yeni, daha yüksək səviyyəyə qalxdığını təsbit edir. Bu tarixi sənəd 18 müddəadan ibarətdir və onların hər biri ölkələrimiz arasındakı münasibətlərin qarşıdakı illərdə strateji maraqlar müstəvisində davam etdiriləcəyindən xəbər verir. Sənədin 1-ci maddəsində deyilir: “Tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər... Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir”.
Bu müddəa birmənalı olaraq o mesajı verdi ki, Fransa başda olmaqla Avropada bəzi ölkə və təşkilatların sülh gündəliyinə mane olan yersiz təşəbbüsləri, qərəzli qətnamələri və siyasi şantaj mahiyyətli təzyiq üslubu, o cümlədən Ermənistan baş naziri N.Paşinyanın “sülh kəsişməsi” adı altında siyasi oyunbazlığı coğrafiyamızın xəritəsinə və Avrasiya məkanının maraqlarına uyğun olmadığı üçün qəbul edilmir. Sənədin bütün müddəaları kimi, 10-cu maddəsi də dövlət və milli maraqlarımızın qorunmasına əlavə hüquqi təminat verir. Bu maddədə deyilir: “Tərəflər terrorizmin, separatizmin və ekstremizmin milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədə olduğunu və bu bəlanın qarşısının alınmasının və ona qarşı birgə mübarizə aparılmasının vacib olduğunu vurğuladılar”.
Heç şübhəsiz ki, müasir dünyada separatizmə və terrorizmə münasibətdə ayrı-seçkilik göstərildiyinə, onun əsasını vahid və obyektiv dəyərləndirmə təşkil etmədiyinə, həmin münasibət coğrafiyalardan asılı olaraq dəyişdiyinə görə, bu müddəa dövlət və milli təhlükəsizliyimizin qorunması baxımından olduqca əhəmiyyətlidir. Ayrı-seçkilik və ikili standartlar siyasətinin ağır fəsadlarını öz taleyində yaşamış Azərbaycan xalqı bu maddənin əhəmiyyətini bir çoxlarından yaxşı bilir. Birgə Bəyanatın 15-ci maddəsi də Azərbaycan və Çin arasında əməkdaşlığın yeni səviyyəsinin ölkəmizin strateji maraqlarına xidmət etdiyini təsbit edir: “Çin mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi “Bakı Prosesi” adlı təşəbbüsə uyğun olaraq Azərbaycanın səylərini və bu təşəbbüs çərçivəsində çağırılan qlobal forumları dəstəkləyir”.
Birgə Bəyanatda belə bir müddəanın yer alması regional və qlobal oyunçulara, ilk növbədə, onun mesajıdır ki, Azərbaycan yeniləşən beynəlxalq münasibətlər sistemində Cənubi Qafqazın aparıcı dövləti və əsas söz sahibi kimi qəbul olunmalıdır. Prezident İlham Əliyevin Çinə dövlət səfəri onu da nümayiş etdirdi ki, Azərbaycan dünya nizamı ilə bağlı yeni çağırışları öz dövlət maraqlarına uyğun məcraya yönəltmək üçün siyasi iradə ilə yanaşı, Cənubi Qafqazda yeni geosiyasi reallığın müəllifi kimi real imkanlara və müstəqil dövlət idarəçiliyi təcrübəsinə də malikdir. Bu gerçəkliyi Çin kimi aparıcı dövlətlərdən birinin rəhbərliyi də görür və ona görə bu gerçəkliyə obyektiv dəyər verir.
Ülvi Quliyev,
Milli Məclisin deputatı