BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) dinamik və məhsuldar müzakirələrlə yadda qalır. Qlobal şəhərsalma çağırışlarının müzakirə olunduğu bu mühüm platformada iştirakçılar müxtəlif ölkələri təmsil edərək öz təcrübə və baxışlarını bölüşürlər.
“İki sahil” olaraq biz də forumun gedişini izləyir, iştirakçıların tədbirlə bağlı gözləntilərini və təəssüratlarını öyrənirik.
Bu mənim Bakı, Azərbaycan və həmçinin Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə ilk tanışlığım oldu. Burada olduğum üçün çox sevincliyəm və həyəcanlıyam. Forumun 5-ci günü bitir və hazırkı zamana qədər təşkilatçılıq çox yüksək səviyyədədir.
Bunu Qanadan olan nümayəndə Eunice Agyemang-Yeboah “İki sahil”ə özəl açıqlamasında söyləyib.
O, qeyd edib ki, sessiyaların aparılması, panel müzakirələri və Urban Expo çox yaxşı təşkil olunub. Bakı isə çox gözəl şəhərdir. Xüsusilə yeməklərini, çayını və şəhərin ümumi atmosferini çox bəyəndim. Memarlıq üslubu, yollar və ümumi dizayn çox sakit və mədəni bir mühit yaradır.
Forum iştirakçısı vurğulayıb ki, WUF13 çox yaxşı təşkil olunub: “
Mən bir icma inkişafı və su təsərrüfatı sahəsində çalışan mütəxəssis kimi burada bir çox faydalı təcrübələrlə tanış oldum. Xüsusilə müxtəlif ölkələrin kommunal xidmətlər və şəhər idarəçiliyi ilə bağlı yanaşmalarını görmək mənim üçün çox dəyərlidir. Bu təcrübələrin qlobal şəhərsalma gündəliyinə inteqrasiya olunması çox vacibdir, çünki su və şəhər xidmətləri hər bir şəhərin dayanıqlı inkişafının əsasını təşkil edir.”
Həmsöhbətim diqqətə çatdırıb ki, WUF13 gözləntilərini qarşılayıb:”Bu forum mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan çox dəyərli və ilhamverici bir təcrübə oldu. Burada əldə etdiyim biliklər və qurduğum əlaqələr gələcək iş fəaliyyətimdə mənə istiqamət verəcək. Gələcəkdə də bu cür beynəlxalq platformalarda iştirak etməyi və təcrübə mübadiləsini davam etdirməyi çox vacib hesab edirəm.”
Yaqut Ağaşahqızı, “İki sahil”