Azərbaycanla Çin dost və strateji tərəfdaş ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Çinin “Sinxua” agentliyinə müsahibəsində ölkələrimiz arasında münaibətləri yüksək dəyərləndirib.
Ötən il Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşıq Təşkilatının sammiti çərçivəsində dövlət başçılarımızın görüşü zamanı strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə Bəyannamə qəbul edilib. Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində isə aprelin 23-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Bu sənəd Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Birgə Bəyanatda qeyd edildiyi kimi, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Eyni zamanda, Çin regionumuzda Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.
Azərbaycan Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir. Prezident İlham Əliyev hələ 2015-ci ilin dekabrında Çində dövlət səfərində olarkən, iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Dövlətimizin başçısı 2019-cu ildə 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Bütövlükdə, Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb.
Bu gün Çin və Azərbaycan strateji tərəfdaş ölkələrdir. Hər iki ölkənin rəhbərləri arasında çox yaxşı münasibətlər var. Ümumiyyətlə, ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsi yüksəkdir. Eləcə də, iqtisadi-ticarət münasibətləri də qənaətbəxşdir. Bundan başqa, Çin COP29-un ölkəmizdə keçirilməsini də yüksək səviyyədə dəstəkləyən dövlətlər sırasında olub. Çin Xalq Respublikasının da böyük nümayəndə heyəti ilə iştirakı iştirakı ölkənizin iqlim dəyişiklikləri ilə qlobal mübarizədə mövqeyinin göstəricisi olmaqla yanaşı, Azərbaycana olan isti münasibətinin ifadəsidir.
“Bir kəmər, bir yol” layihəsi indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox önəmli təşəbbüsdür. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu. Ötən dövr ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Ələt Limanın yükaşırma qabiliyyəti 15 milyon tondur və bu göstəricinin 25 milyon tona qədər artırılması nəzərdə tutulur. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. Eləcə də, Zəngəzur dəhlizi reallaşandan sonra bu layihənin önəmi daha da artacaq. Məlumdur ki, Çinin qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır. Bu baxımdan, Azərbaycanın bu ölkə ilə iqtisadi münasibətlərinin böyük əhəmiyyəti var. Bu münasibətlər beynəlxalq platformalar çərçivəsində də uğurludur. Hər iki ölkə beynəlxalq müstəvidə bir-birinin ərazi bütövlüyünü dəstəkləyib və bu gün də dəstəkləyir.
Bütövlükdə, Prezident İlham Əliyevin Çinə reallaşan dövlət səfəri qarşılıqlı əlaqələri daha gücləndirəcək. Eləcə də, bu səfər münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.
Elçin Quliyev,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri