26 aprel 2025 00:37
101

Ermənistanın İudası

Tarix boyu şər yuvası olan erməni kilsələri hər zaman qonşu xalqlara qarşı aqressiv münasibəti təlqin edib, həmişə savaşa səsləyən dini mərkəz funksiyasını yerinə yetirib. Təkcə bir faktı xatırladaq ki, azərbaycanlıların Ermənistandan qovulmasında və təcavüzkar ölkənin Azərbaycana qarşı hərbi təcavüzündə əsrlər boyu xalqımıza nifrət sərgiləmiş erməni kilsələri  xüsusi fəallıq nümayiş etdiriblər. Erməni kilsələri Birinci  və İkinci Qarabağ savaşları zamanı da təxribatçı mövqe tutublar.

Bu gün də erməni kilsələri bütün ermənilərin katalikosu II Qareginin timsalında bu missiyasını davam etdirir. Belə ki, o, növbəti dəfə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına mane olan fikirlər səsləndirib. Məsələn, II Qaregin guya Qarabağın işğal olunduğunu söyləməklə yanaşı, bu məkanı könüllü tərk etmiş ermənilərin seçimlərinə başqa don geyindirməyə çalışıb. Hətta utanıb-qızarmadan, heç bir fakta əsaslanmadan baş verənləri soyqırımı kimi dəyərləndirib. Halbuki, Azərbaycan Ermənistanın heç bir ərazisini işğal etməyib. Sadəcə, öz əzəli torpaqlarını erməni işğalından azad edib. Bununla da ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qarabağın Azərbaycanın ərazisi olması dünya ictimaiyyəti tərəfindən qəbul edilmiş bir reallıqdır. Azərbaycan Ordusunun birgünlük lokal antiterror əməliyyatı zamanı heç bir erməninin burnu belə qanamayıb. Bu faktı beynəlxalq qurumlar, həmçinin Ermənistan rəsmiləri də təsdiq ediblər. Xalqımıza qarşı tarix boyu soyqırımı törədən isə məhz ermənilər olublar. Şübhəsiz, II Qaregin bunları bilməmiş deyil. O bütün bunları etiraf etmək əvəzinə erməni diasporlarını Ermənistan ətrafında birləşərək hərəkətə keçməyə səsləyib. Bununla da İudanın yolunu tutmaqda israrlı olduğunu bildirib.

Bütün bunlar bir daha göstərir ki, II Qaregin bu kimi yalanları ilə  erməni əhalisini revanşa, müharibəyə təhrik edir. Bu biçarə hələ də anlamır ki, belə bir dönəmdə onun bu kimi çağırışları ümumilikdə bölgə üçün təhdiddir. Digər tərəfdən, belə çağırışlar həm də hazırda iqtisadi cəhətdən tənəzzülə uğramış Ermənistanın inkişafına maneədir.

Doğrudanmı, II Qaregin  Ermənistanın inkişafını istəyir? Faktlar sübut edir ki, əsla yox. Əgər istəsəydi  bu kimi cəfəng iddialarla çıxış etməzdi. Xocalı cəlladları, Ermənistanın sabiq prezidentləri - Serjik Sarkisyanla, Robert Koçaryanla, eləcə də sabiq müdafiə naziri Seyran Ohanyanla, həmçinin keçmiş xarici işlər naziri Vardan Oskanyanla, xalqı küçə yürüşlərinə təhrik edən Tavuş yeparxiyasının başçısı, Baqrat Qalstanyanla  “işbirliyi” qurmazdı. Bəs onun istəyi nədir? Sadəcə,  bölgəni müharibəyə sürükəmək...

Kilikiya katolikosu I Aram da “erməni soyqırımı”nın 110-cu ildönümü münasibətilə ermənilərə çağırış edib. Guya erməni xalqının hüquqlarının pozulmasını “əsas” gətirən keşiş müraciətində bu, “mübarizəmizə yeni təkan verməyə çağırışdır” fikrini də səsləndirib.

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, erməni kilsələri daim Ermənistanın işğalçılıq siyasətində başlıca rol oynayıb: “Təkcə Ermənistanda deyil, dünyanın ayrı-ayrı ölkələrində olan keşişlər tərəfindən absurd fikirlər səsləndirilməkdədir. Halbuki, rəsmi İrəvan Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını ən azı sözdə də olsa tanıyıb. Belə bir kontekstdə erməni kilsələrinin, o cümlədən bütün ermənilərin katalikosu II Qareginin cəfəng bəyanatlar verməsi növbəti təxribatdan başqa bir şey deyil”.

Müsahibimiz, həmçinin vurğuladı ki, danışıqların intensivləşdiyi bir dönəmdə baş verənlərə kilsənin də baxış bucağı dəyişməlidir: “Amma görünən odur ki, erməni kilsələrini baxış bucağını əsla dəyişmək fikrində deyil. Bununla da sadə Ermənistanı yenidən fəlakətə sürükləməklə məşğuldur. Onu da vurğulayaq ki, Ermənistan Konstitutsiyasında kilsənin xüsusi statusi var”.

Qvami Məhəbbətoğlu, “İki sahil”