29 aprel 2025 00:57
103

Qlobal Cənubun önəmini artıran mühüm amil - Çin-Azərbaycan əməkdaşlığı

Prezident İlham Əliyevin strateji tərəfdaş Çin Xalq Respublikasına dövlət səfəri ərəfəsində bu ölkənin Sinxua agentliyinə, səfər çərçivəsində, CGTN (China Global Television Network) telekanalının «Danışır liderlər» verilişinə müsahibələri Qlobal Cənubun beynəlxalq aləmdə genişlənən imkanlarının təhlili baxımından çox aktual idi

Prezident İlham Əliyevin bu günlərdə Cin Xalq Respublikasına (CXR) dövlət səfəri maraqlı hadisələrlə, tarixi məqamlarla diqqət çəkdi. Bütün dünya ictimaiyyətinin maraqla izlədiyi bu səfər Qlobal Cənubun dünya siyasətindəki roluna, regionda baş verən hadisələrin təhlilinə bir baxış idi. Səfər ərəfəsində bu ölkənin Sinxua agentliyinə, səfər zamanı CGTN (China Global Television Network) telekanalının «Danışır liderlər!» verilişinə müsahibələrində Çin-Azərbaycan əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsində yeni keyfiyyətlə, dünya siyasətinə uyğun davam etdiyini bildirən Prezident İlham Əliyev hər iki ölkə arasındakı əlaqələrin tarixi, müasir dövrdəki inkişafı ilə bağlı mühüm məqamlara aydınlıq gətirdi. Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə imzaladığı «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə»nin” qəbulunu qarşılıqlı hörmət, bərabər səviyyədə etimad, bir-birinə dəstək və əməkdaşlıq prinsiplərinə əsaslanan strateji əməkdaşlığın mühüm amilləri kimi dəyərləndirdi. İki ölkə arasında illərin sınağından çıxmış dostluq əlaqələrinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün münasibətlərin daha geniş istiqamətləri əhatə etdiyini «Mərhum atam iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynamışdır. O, Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib. Odur düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı» sözləri ilə bildirən Prezident İlham Əliyev Tarixi İpək Yolunun bərpasında Ulu Öndərin xidmətlərini qarşılıqlı əməkdaşlığın təməli adlandırdı. Əsrlərdən bəri mövcud olan əlaqələrin genişləndirilməsinin, müasir dövrdə müxtəlif istiqamətlər üzrə inkişafının beynəlxalq əhəmiyyətini keçirdiyi rəsmi görüşlərdə, müsahibələrində xüsusilə diqqət çatdırdı. İkitərəfli münasibətləri dünya siyasətinə müsbət göstərən tarixi hadisə adlandırdı. Bildirildi ki, səfər çərçivəsində imzalanan 20-dən artıq sənəd Cənubi Qafqaz ilə Qlobal Cənub arasında genişlənən münasibətlərin təcahürüdür.

Çinə ilk dəfə 2005-ci ildə səfər etdiyini, arxada qalan müddətdə bu ölkənin böyük inkişaf yolu keçdiyini, dünyanın enerji xəritəsinin yenilənməsinə verdiyi töhfələri xatırladan dövlət başçımızın vurğuladığı kimi, yeniliklər qarşılıqlı münasibətlərin inkişafına da təsirsiz ötüşməyib. Çin kimi böyük ölkə ilə əməkdaşlığın strateji tərəfdaşlıq formatı Azərbaycan iqtisadiyyatınını inkişafına da stimul verir. Səfər çərçivəsində imzalanan «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında» Birgə Bəyanatda hər iki ölkənin milli maraqlarının, genişmiqyaslı əlaqələrin əhəmiyyəti bir daha göstərildi. Münasibətlərin sonrakı inkişafının prioriteləri diqqətə çatdırıldı. Bildirildi ki, milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirən ölkələrimiz sosial və iqtisadi sahələrdə də əlaqələri genişləndirirlər. Görüşlərdə Azərbaycanın öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında imzalanan bəyanatları xatırladan dövlət başçımız İlham Əliyev Çin ilə Azərbaycan arasında imzalanan Bəyanatın əhəmiyyətini xüsusilə diqqətə çatdırdı. Çinin dövlət başçısının azərbaycanlı həmkarı İlham Əliyevi bu ölkənin yaxın dostu adlandırması isə səmimi əlaqələrdən qaynaqlanan isti münasibətlərin təzahürüdür. CGTN telekanalına müsahibəsində jurnalistlə Azərbaycan çayı ilə bağlı səmimi dialoq ölkəmizin yerli məhsullarının ixrac imkanlarının genişlənməsinə də nümunə idi.

Tərəqqi yolu ilə inkişaf edən, ən müasir texika və informasiya üzrə yeniliklərə imza atan Çinin bu sahədəki təcrübəsindən istifadə edən Azərbaycan dünyada dəstəklənən «Yaşıl gündəlik» layihələrinin tətbiqində də qardaş ölkənin texnologiyalarından istifadə edir. İki ölkənin inikişafını şərtləndirən əsas hədəflərdən biri də bərpaolunan enerji sahəsində güclənən əməkdaşlıqdır. Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunur. Nəticədə iki ölkə arasında bərpaolunan enerji istehsalı istiqamətində birgə fəaliyyətə xüsusi diqqət göstərilir. Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırlar. Birgə Bəyanatda qeyd olunduğu kimi, 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsalı ilə birgə əməkdaşlıq daha geniş sahədə davam etdiriləcək.

Ölkələrimiz arasında genişlənən təhsil, səhiyyə, turizm sahələrində əlaqələrlə xalqlarımız arasındakı münasibətlər daha da möhkəmlənəcək. Ölkəmizdə Çin-Azərbaycan Universitetinin yaradılması barədə təklifin reallaşması ilə mədəniyyətlər arasındakı əlaqələr də strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək. Bu yüksəliş ticari əlaqələrdə də hiss olunur. Çində 6 Azərbaycan Ticarət Evi fəaliyyət göstərir.

Dünyada baş verən hadisələrdən də aydın olur ki, «Bir kəmər, bir yol» layihəsi yalnız tranzit marşrutu deyil. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən hər iki ölkənin infrastrukturunun baxımından qlobal əhəmiyyətə malikdir. Hədəf bu marşrut üzərində biznes imkanları yaratmaq, infrastrukturun coğrafiyasını genişləndirməkdir. Ölkəmizin əlverişli nəqliyyat-tranzit imkanları Çin məhsullarının Avropa, Ərəb körfəzi, Afrika ölkələrinin bazarlarına çıxışı üçün cəlbedicidir. Çin lideri Si Cinpinin ideyası kimi «regional əlaqələri gücləndirmək və daha parlaq gələcəyi əhatə etmək üçün bir cəhd» adlandırılan «Bir kəmər, bir yol» layihəsinin uzunmüddətli hədəfi Çin məhsullarının adıçəkilən bazarlara daha çevik çıxışını təmin etməkdir. Bu mənada Azərbaycanın tranzit imkanları əvəzsizdir. «Bir kəmər, bir yol» təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planının, beynəlxalq multimodal daşımalar haqqında sazişin imzalanması, nəqliyyat əlaqələrinin təkmilləşdirilməsini həyati əhəmiyyətli məsələ kimi aktuallaşdırır. Nəzərə alaq ki, Azərbaycanın infrastruktur təminatı illik 25 milyon ton yük buraxıcılıq qabiliyyətinə malikdir. «Bir kəmər- bir yol» layihəsinin əsas tərkib hissəsi və ən qısa məsafə olacaq Zəngəzur dəhlizinin bərpası ilə bu həcmi 35 milyon tona qədər artırmaq imkanı yaranacaq. Başqa sözlə, Çin məhsullarının dünya bazarlarına çıxarılmasında Azərbaycanın əhəmiyyəti Qlobal Cənubun diqqət mərkəzində olacaq. Bu mənada nəqliyyat-tranzit əlaqələrinə iki ölkə arasında münasibətlərin mühüm istiqaməti kimi yanaşılması zəruridir”.

Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımaları 86 faiz artıb. Nəqliyyat infrastrukturu, gömrük, idarəetmə sahələrində aparılan islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar tətbiq olunan yeniliklərin müsbət nəticələri hiss olunur. Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10 gündən 12 günə qədərdir. Asiya və Avropa, habelə Şimal və Cənub arasında yerləşən mühüm qlobal dəhlizlər Azərbaycan ərazisindən keçir. Bu baxımdan tranzit ölkəyə çevrilmək üçün tərəfdaş, qonşu ölkələrlə münasibətlər qarşılıqlı anlaşma şəratitində formalaşmalıdır. Bu sahədə Azərbaycanla Çinin təcrübəsi nümunə göstərilə bilər.

Azərbaycan dünyada çoxtərəfliliyin güclü tərəfdarı olduğunu humanitar siyasəti ilə təsdiqləyib. Xəzərin qərb sahilində yerləşən güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Azərbaycanın Çinlə strateji tərəfdaş olması Şanxay Əməkdaşlıq Təşkilatı ilə qarşılıq münasibətlərin inkişafında da mühüm rol oynayır. «Biz proaktiv olmağa, yəni, öncədən tədbir görməyə davam etməliyik. Azərbaycan Qlobal Cənubun fəal üzvüdür. Biz bunu yalnız Qoşulmama Hərəkatındakı sədrliyimiz deyil, həmçinin COP29-dakı sədrliyimiz zamanı nümayiş etdirdik. Azərbaycan COP29 konfransına ev sahibliyi etdi. Orada şəxsən mən Qlobal Cənubun maraqlarını müdafiə etdim və iqlim dəyişikliyi ilə əlaqədar Qlobal Cənuba aid bəzi dövlətlərin mövcudluğuna olan təhlükələrlə bağlı narahatlığı ifadə etdim» sözləri ilə Çini Qlobal Cənubun lideri hesab edən Prezident İlham Əliyev bu reallığın beynəlxalq səviyyədə təsdiqləndiyini diqqətə çatdırır. Bu gün Çinin nümunəsi, modernləşməsi və apardığı islahatlar bir çox ölkələrə nümunədir. Bu ölkənin keçdiyi tərəqqi yolu Azərbaycan iqtisadiyyatı üçün də təcrübə məktəbi olmuşdur. İmzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında sənəddə nəzərdə tutulan şərtlərin həyata keçirilməsi ilə bu cür mütərəqqqi nümunələrin sayı daha da artacaq. Hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması isə xalqlar arasında təmasların möhkəmlənməsinə töhfə olacaq. İki ölkə arasında turizmin inkişafına imkan yaradacaq bu şərait xalqlarımızın tarixi, adət-ənənələri, məişəti ilə bağlı məlumaların təbliği baxımından da əhəmiyyətlidir. Göründüyü kimi, beynəlxalq əməkdaşlıq üçün mühüm platforma olan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı olan Azərbaycan qurumun şüarı olan qarşılıqlı etimad, qarşılıqlı mənfəət, bərabərlik, məsləhətləşmə, sivilizasiyaların fərqliliyinə hörmət və vahid inkişafın təmin edilməsini tərənnüm edən «Şanxay Ruhu»nu da dəstəkləyir. Dünyada multikultural dövlət kimi tanınan, çoxtərəfliliyin güclü dəstəkçisi olan Azərbaycan bu imkandan layiqincə istifadə edəcək.
 Qlobal Cənubun üzvü olan Çinlə səylərini birləşdirərək «Bandunq prinsipləri»nə əsaslanan Qoşulmama Hərəkatındakı sədrliyi müddətində göstərdiyi təşəbbüskarlığı bu platformada da davam etdirmək istəyən Azərbaycan niyyətiyyətində qətiyyətlidir. Bu, qənaəti təsdiqləyən amillər yetərincədir. Təşəbbüskarlığını, sivilizasiyalar arasındakı körpü rolunu uğurla davam etdirən Azərbaycanın təcrübəsi nümunə göstərilir. «Azərbaycan COP29 konfransına ev sahibliyi etdi. Orada şəxsən mən Qlobal Cənubun maraqlarını müdafiə etdim və iqlim dəyişikliyi ilə əlaqədar Qlobal Cənuba aid bəzi dövlətlərin mövcudluğuna olan təhlükələrlə bağlı narahatlığı ifadə etdim. Biz Azərbaycanda Çini Qlobal Cənubun lideri hesab edirik və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır» söyləyən Prezident İlham Əliyevin Çinə səfəri bir daha göstərdi ki, suverenlik, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, bərabərlik, çoxtərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verilməməsi prinsipləri Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindəndir.

Xuraman İsmayılqızı, «İki sahil»