29 aprel 2025 00:36
101

Prezidentdən Azərbaycan mətbuatının inkişafına daha bir töhfə

Milli mətbuatın 150 illik yubileyinin keçirlməsi haqqında Sərəncam söz və mətbuat azadlığının inkişafında yeni mərhələnin başlanğıcıdır

Prezident İlham Əliyev aprelin 25-də  Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam imzalayıb. Sərəncamda milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yeri, mədəniyyətin, maarifçiliyin inkişafında rolu, eyni zamanda, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələri xüsusi qeyd olunub.

Sərəncamda milli mətbuatımızın keçdiyi keşməkeşli və şanlı tarixi yol haqqında  bildirilir ki, XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı: « Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.»

Prezidentin Sərəncamında xüsusi qeyd olunur ki, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı.

Bu,  bir həqiqətdir ki,  milli  mətbuatımızın  inkişafında yeni mərhələ ötən əsrin 90-cı illərinin əvvəllərinə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrə təsadüf edir. Etiraf etməliyik ki, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər. Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum, iqtisadi tənəzzül fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı iqtidar çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci ildə hərbi senzuranın tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ümummilli Lider Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi. Ümummilli Liderin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Bu müddəanın Konstitusiyaya daxil edilməsi Azərbaycanın demokratik inkişaf kursu ilə yanaşı, respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlirdi.

Ulu Öndərin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvidir. Senzuranın mövcudluğu şəraitində medianın müstəqilliyindən danışmaq, əlbəttə ki, mümkün deyildi. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərman kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım oldu. Həmin Fərmanla 1966-cı il 27 oktyabr tarixində yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyətini həyata keçirən Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Bu qətiyyətli addım 1875-ci ildə «Əkinçi» qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması demək idi.

Həmin illərdə Azərbaycanın iqtisadi imkanlarının nisbətən zəif olmasına baymayaraq, Ulu Öndər Heydər Əliyev maliyyə vəziyyəti ağır olan qəzetlərə maddi-texniki dəstəyin göstərilməsi təşəbbüsü ilə çıxış edirdi. 90-cı illərin ortalarında qəzetlərə birdəfəlik yardımlar, subsidiyalar verilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli «2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı» Fərmanı ilə təsdiq edilən  jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə Əlaqələndirmə Şurasının yaradılmasını önə çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu. Azərbaycan mətbuatının yubileylərinin keçirilməsi kimi mütərəqqi ənənənin əsası da məhz Ulu Öndər tərəfindən qoyulub. Hələ 2000-ci ildə Ulu Öndərin müvafiq Sərəncamı ilə Azərbaycan milli mətbuatının yaranmasının 125 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdi. Ulu Öndər həmin tədbirdə dərin məzmunlu geniş nitq söyləyərək mətbuatımızın qarşısında duran vəzifələrdən danışmışdı.

Bundan başqa , 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını qat-qat asanlaşdırdı, bu sahədəki bürokratik əngəlləri tamamilə aradan qaldırdı. 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə edərək həlli istiqamətində tapşırıqlarını verdi. Həmin görüşdən sonra bir çox problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi.  Eyni zamanda, 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Ümumilikdə, mətbuatın problemlərinin həlli ilə bağlı onlarla Fərman və Sərəncam imzalayan bu dahi şəxsiyyəti  ölkə jurnalistləri özlərinin dayağı kimi görürdülər. Elə ona görə də Ulu Öndər 2002-ci ildə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən «Jurnalistlərin dostu» mükafatına layiq görüldü.

Fəxrlə deyə bilərik ki,  Ulu Öndər idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənmişdir. İndi ölkəmizdə istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan qəzet və jurnalların sayı durmadan artır. Eyni zamanda, Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. 

Bu gün Azərbaycan dövləti regional səviyyədə qüdrətli və qətiyyətli bir ölkə kimi tanınır. Xüsusilə İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərdən sonra ölkəmiz inkişafın yeni mərhələsinə qədəm qoyub. Bu işdə milli mətbuatımızın öz dəst –xətti var. Sözügedən Prezident Sərəncamında bu barədə bildirilir ki, müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır: «Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən  «Media haqqında» Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir.»

Sərəncamda Azərbaycan mediasının qarşısında da duran yeni vəzifələr də öz əksini tapır. Bildirilir ki, qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir.

Elçin Zaman, «İki sahil»