29 aprel 2025 23:57
113

“Sağlamlığa Doğru Qaç!”

Lənkəran rayonunda baş tutan “Sağlamlığa Doğru Qaç!” adı altında qaçış yarışı Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq onun əziz xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni oxunub və Vətənimizin azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Yarışda Lənkəran, Yardımlı, Masallı, Lerik, Astara, Cəlilabad rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı şurasından olan 150 nəfərə yaxın üzv iştirak edib. Onlar yarışın şərtinə uyğun olaraq 5 kilometr məsafəni uğurla başa vurublar.

İlk üç yeri tutan qadın və kişi qaliblərə diplom, medal və mükafatlar təqdim olunub. Həmçinin qaliblər Xankəndi şəhərində keçiriləcək FİNAL yarışına vəsiqə qazanıb.

“Sağlamlığa Doğru Qaç!” adlı yarışın qaliblərinə gəldikdə isə qadınlar arasında Astara Rayon Mərkəzi Xəstəxanasının işçisi Zəhra Hüseynova birinci olub. İkinci yerə Fəranə Həsənova (Lənkəran Rayon Mərkəzi Xəstəxanası), üçüncü yerə isə Lənkəran Tibb Kollecini təmsil edən İlahə Səfərzadə çıxıblar.

Elşən Məmmədli (Lənkəran Tibb Kolleci) kişilər arasında birinci, Mircavid Talışov(Lənkəran Rayon Mərkəzi Xəstəxanası) ikinci və Nurlan Talıblı (Lənkəran Tibb Kolleci) üçüncü yeri qazanıblar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü