29 aprel 2025 23:16
112

Sosial şəbəkələr: Həyatımızın bu ayrılmaz hissəsi ilə necə davranaq? - MÜSAHİBƏ

Psixoloqdan çağırış: Gündə neçə saat sosial şəbəkədə olduğunuzu izləyin və özünüzə limit qoyun, faydalı məzmunlara üstünlük verin, təhsil verən, inkişaf etdirən və motivasiya edən səhifələri izləyin, real həyatda sosiallaşın, ailə və dostlarla üz-üzə görüşməyə daha çox vaxt ayırın

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının rolu getdikcə artır. Texnologiyanın inkişafı artıq sosial şəbəkələri həyatımızın ayrılmaz bir parçasına çevirib desək, yanılmarıq.  Çünki  sosial şəbəkələr bir çox işlərimizin həll olunması, ən son informasiyaların əldə olunması, o cümlədən yeni insanlarla əlaqələrin qurulması istiqamətində başlıca vasitələrdir. Bu gün sosial şəbəkələrlə bağlı cəmiyyətdə fikirlər müxtəlifdir. Bəziləri bu vasitədən sosial şəbəkələrdən istifadəyə qarşı olsalar da, çoxluq sosial şəbəkələrdən istifadənin tərəfdarıdır. Bu da əsassız deyil…

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva mövzu ilə bağlı “İki sahil”in suallarını cavablandırır.

- Niyə görə sosial şəbəkələri bu qədər həyatımıza yaxın buraxmışıq?

- Sosial şəbəkələrin həyatımızın mərkəzinə keçməsinin bir neçə əsas səbəbi var. Bu səbəblərdən birincisi  əlaqə və kommunikasiya asanlığıdır. Yəni, insanlar sosial şəbəkələr vasitəsilə dostları, ailəsi və tanımadığı insanlarla belə dərhal əlaqə qura bilirlər. Daimi məlumat axını vasitəsilə xəbərlər, trendlər və gündəmdəki hadisələr birbaşa sosial şəbəkələrdə yayıldığı üçün insanlar buranı əsas informasiya mənbəyi kimi qəbul edirlər. Özünüifadə və tanınmaq istəyi ilə istər şəkillər, istər videolar, istərsə də statuslarla insanlar özlərini ifadə etmək və diqqət çəkmək imkanı qazanırlar. Asudə vaxtın keçirilməsi üçün sosial şəbəkələr əyləncə mənbəyi kimi də çıxış edir. Qısa videolar, zarafatlar, oyunlar və s. bu platformalarda vaxt keçirməyi cəlbedici edir. Dopamin təsiri isə bəyənmələr, şərhlər və paylaşmalar beynimizdə "nəfəs kimi" bir mükafat sistemini aktivləşdirir. Bu da bir növ asılılıq yaradır. Sosial təsdiq ehtiyacı  isə odur ki, insanlar başqalarının rəyini, təsdiqini və diqqətini almaq üçün sosial şəbəkələrə daha çox bağlanırlar.

- Sosial şəbəkələr bizlərə bir çox üstünlüklər təqdim etməkdədir. Lakin hər sahədə olduğu kimi, sosial şəbəkələrdən də normadan çox istifadə  fəsadlarla nəticələnə bilir. Necə deyərlər, artıq içiləndə dərd  verir su da... Sosial şəbəkələrdən  necə düzgün istifadə edək?     

- Mütəmadi sosial şəbəkələrdən istifadə edən şəxslərdə zaman keçdikcə aqressivlik, stress, yuxu və qida rejimimin pozulması, depressiya halları müşahidə olunur, özü də bilmədən həm özünə, həm də başqalarına qarşı xoşagəlməz rəftar edir. O cümlədən son zamanlar bir qrup saxta istifadəçilər tərəfindən bəzi şəxslərin şantaj edilməsi, onlara hədə-qorxu, təhqiredici mesajların göndərilməsi nəticəsində həmin insanlarda psixoloji narahatlıqlar yaranır. Bunların qarşısı vaxtında alınmadıqda sonu heç də xoş olmayan hallarla nəticələnir. Heç kimlə dərdini paylaşmayan, depressiv və tək qalmağa meyil göstərən bu insanlar hətta daha sonra özlərinə ziyan vurur, hətta sonu ölümlə nəticələnən intihara əl atırlar.

- Sosial şəbəkələrdən düzgün istifadə etməsək asılılıq və aludəçilik yaranar. Bunun qarşısını almaq üçün nələrə diqqət etməliyik?  

- Bəzən hər hansısa bir məsələ ilə bağlı sosial şəbəkələrə daxil oluruq, lakin özümüz də fərqinə varmadan orada uzun müddət keçiririk. Odur ki, orada vaxtımızı daha səmərəli keçirmək üçün sosial şəbəkələrə sadəcə vaxt keçirmək üçün yox, öyrənmək, ünsiyyət qurmaq və inkişaf etmək üçün daxil olmalı, sizi inkişaf etdirən səhifələrə və qruplara üzv olmalı, paylaşımlar edərkən diqqət etməliyik. Bundan başqa, sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, gündə neçə saat sosial şəbəkədə olduğunuzu izləyin və özünüzə limit qoyun. Faydalı məzmunlara üstünlük verin, təhsil verən, inkişaf etdirən və motivasiya edən səhifələri izləyin. Real həyatda sosiallaşın, ailə və dostlarla üz-üzə görüşməyə daha çox vaxt ayırın. Neqativ kontentdən uzaq durun, yəni sizi narahat edən və mənfi düşüncələrə səbəb olan səhifələri izləməyin. Sosial şəbəkə detoksu edin, yəni həftədə və ya ayda bir dəfə sosial mediadan fasilə götürərək, real həyatınıza daha çox fokuslanın.

- Sosial şəbəkələrdən hansını insan psixologiyası üçün daha çox riskli hesab edirsiniz?

- Sosial şəbəkələrin hamısının müəyyən riskləri var. Ən riskli platforma istifadəçidən asılı olaraq dəyişir, amma ümumilikdə, “TikTok” və “Instagram” gənclər üçün, “Facebook” və “X” isə məlumat təhlükəsizliyi və sosial təsir baxımından daha riskli sayılır. Sosial şəbəkələrdə təhlükəsiz qalmaq üçün bu tövsiyələrə əməl etməyin böyük faydası var. Bunların bəzilərini diqqətinizə çatdırıram ki, şəxsi məlumatlarını minimum paylaşın, güclü parol istifadə edin, şübhəli linklərə klik etməyin, paylaşdığınız məzmuna fikir verin, məzmunun psixoloji təsirinə diqqət yetirin.

- Sosial şəbəkələrdə qurulan əlaqələrin  əvvəl dostluq, sonra evlilik... Belə münasibətlərin gələcəyini necə görürsünüz?   

- Sosial şəbəkələrdə başlayan münasibətlərin əvvəl dostluq, sonra evliliklə nəticələnməsi bu günün reallığıdır və getdikcə daha da yayılır. Bu cür münasibətlərin gələcəyinin müsbət və mənfi tərəfləri var. Sosial şəbəkələrdə qurulan əlaqələrin müsbət tərəflərindən söz açdıqda vurğulamalıyıq ki, insanlar ilkin mərhələdə daha sərbəst və açıq şəkildə ünsiyyət qururlar.    Zaman və məkan məhdudiyyəti olmadan qarşılıqlı tanıma imkanı yaranır. Uyğun maraqlar və dəyərlər üzərində qurulan dostluqlar daha möhkəm təməl yarada bilər. Belə münasibətlərin mənfi tərəfi isə odur ki, bəzən insanlar özlərini sosial şəbəkələrdə olduqlarından fərqli göstərirlər, bu da sonradan məyusluq yarada bilər.   Real həyatda ünsiyyət və uyğunluq sınaqdan keçmədiyi üçün evlilikdən sonra problemlər meydana çıxa bilər.  Emosional bağlılıq tez formalaşsa da, qarşılıqlı məsuliyyət hissi və həyat tərzi uyğunluğu olmaya bilər. Yəni, belə münasibətlərin uğur qazanması üçün ilkin tanışlıqdan sonra real həyatda kifayət qədər vaxt keçirmək, bir-birini şəxsən tanımaq və qarşılıqlı güvəni inkişaf etdirmək vacibdir. Belə münasibətlərdə ən vacib təhlükə insanların bir-birini gerçək şəxsiyyətləri ilə deyil, virtual imicləri ilə tanımasıdır. Sosial şəbəkələrdə insanlar özlərini daha cazibədar, uğurlu və mükəmməl göstərə bilirlər. Bu isə qarşı tərəfdə real olmayan gözləntilər yaradır.

- Sizcə, uşaqların sosial şəbəkələrdən istifadə etməsi məqsədəuyğundurmu?

- Uşaqların sosial şəbəkələrdən istifadə etməsi müəyyən çərçivədə və nəzarət altında olduğu halda qismən faydalı, amma nəzarətsiz şəkildə olduqda təhlükəli hesab olunur. Uşaqların sosial şəbəkələrdən istifadə etməsinin müsbət tərəfi odur ki,sosial şəbəkələr onların informasiya əldə etmə, yaradıcılığın inkişafı və texnoloji bacarıqlarının formalaşmasına kömək edə bilər. Uşaqlar maraq dairələrinə uyğun qruplara qoşularaq sosiallaşa bilərlər. Məsələnin mənfi və təhlükəli tərəfinə gəldikdə isə qeyd etməliyəm ki, bunlar zorakılıq, təhqir və kiberbullinqə məruz qalma riski,  yaşlarına uyğun olmayan məzmunlara çıxış, asılılıq yaratma və real ünsiyyətdən uzaqlaşma, eləcə də şəxsi məlumatların təhlükəsi və özlərini düzgün təqdim etməmə problemi yaratmış olur. Bu səbəblə, uşaqların sosial şəbəkələrə girişi üçün valideyn nəzarəti, yaş məhdudiyyəti və maarifləndirmə vacibdir.

- Ümumiyyətlə, uşaqlara mobil telefon və kompyuterdən istifadəyə neçə yaşda və hansı zaman kəsiyində icazə verilməlidir?

- Uşaqlara mobil telefon və kompyuter istifadəsinə icazə verilməsi yaş mərhələlərinə, məqsədə və valideyn nəzarətinə görə tənzimlənməlidir. Mütəxəssislərin və psixoloqların tövsiyələrinə əsasən aşağıdakı qaydalar daha uyğun hesab olunur:

0–2 yaş:

Tam qadağa. Bu yaş dövründə ekran qarşısında vaxt keçirmək uşağın beyin inkişafına mənfi təsir göstərə bilər. Yalnız valideynlə birlikdə qısa müddətli video baxışları (maksimum 10 dəqiqə) qəbul edilə bilər.

3–6 yaş:

Gündə 30 dəqiqəyə qədər, valideyn nəzarətində.Tədris yönümlü, əyləncəli və yaşa uyğun proqramlardan istifadə edilə bilər. Bu mərhələdə uşağa ekranın məqsədli istifadəsi öyrədilməlidir.

7–12 yaş:

Gündə 1 saata qədər.Kompüter və ya planşet tədris məqsədilə istifadə oluna bilər. Oyun və sosial media istifadəsi isə ciddi nəzarət altında olmalıdır. Bu dövrdə internet təhlükəsizliyi haqqında maarifləndirmə vacibdir.

- Sonda mütəxəssis  olaraq mövzu ilə  əlaqədar  oxucularımıza tövsiyələrinizi eşitmək istərdik...

- Güvənmədiyimiz, tanımadığımız insanlarla öz şəxsi məlumatlarımızı bölüşməməli, məqsədi bilinməyən qrup, səhifələrdən uzaq olmalıyıq. Həmçinin fiziki və psixoloji fəsadlarla üzləşməmək üçün vaxtımızı sosial şəbəkələrdə daha az və faydalı şəkildə keçirməli, hər hansı bir çətinliklə üzləşdikdə bunları gizlətməməli, ailəmiz, yaxınlarımızla bölüşməli, ehtiyac olarsa mütəxəssislərə müraciət etməliyik.

Yaqut Ağaşahqızı, “İki sahil”