Hazırda respublikamızın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr icra edilir. Son vaxtlar kənd və qəsəbələri birləşdirən yolların inşası və yenidən qurulması da geniş vüsət alıb. “Yol mədəniyyət, rahatlıq, müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir” deyən Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarında xüsusi yer tutan bu layihələr ölkəmizin bütün bölgələrini, o cümlədən Quba rayonunu da əhatə edir. Şübhəsiz, bu yolların istifadəyə verilməsi bölgələrdə turizmin, kənd təsərrüfatının inkişafına, əhalinin və nəqliyyatın rahat, təhlükəsiz hərəkətinin təmin olunmasına imkan yaradır. Belə yollardan biri də 2017-ci ildə əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş Quba rayonundakı Rustov-Xanəgah-Gürdəh avtomobil yoludur.
Quba rayonunun Söhüb bələdiyyəsinin sədri Hacıbala Hacıyev “İki sahil”ə bildirdi ki, Rustov-Xanəgah-Gürdəh avtomobil yolunun Xanəgah kəndinə qədər asfalt döşənsə də bu kənddən Girdəh kəndinə qədər olan 5 kilometrlik məsafədə yalnız torpaq işləri görülüb: “Camaat arasındakı söz-söhbətə görə, buna səbəb Rustov-Xanəgah-Gürdəh avtomobil yolunun başa çatdırılmamasıdır. Halbuki, Gürdəh kəndinə asfalt yolunun çəkilməsi ərazidəki Zıxır, Dalıqaya, Söhüb, Rük, Qarxun və Adur kəndlərinin də iqtisadi cəhətdən inkişafına, bu ərazidə yaşayan 3 mindən çox əhalinin həyat şəraitinin yaxılaşmasına, həm də bölgənin turizm potensialının reallaşmasına çox böyük təkan verərdi”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDAA) mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı bildirdi ki, Rustov-Xanəgah-Gürdəh avtomobil yolu yenidən qurulub: “Amma o, yarımçıq saxlanılmayıb. Sadəcə Girdəh kəndinə gedən hissə layihə üzrə beşinci texniki dərəcəyə uyğun olmaqla təmir olunub. Çünki həmin yolun keçdiyi məkan qoruq ərazisidir. Bu səbəbdən həmin ərazidə dördüncü texniki dərəcəyə uyğun yolun çəkilməsi qeyri-mümkündür”.
Bələdiyyə sədri Hacıbala Hacıyev isə belə hesab edir ki, Gürdəh kəndinə alternativ ərazidən də yol çəkmək mümkündür: “Quba-Qonaqkənd yolunun üstündə yerləşən Künxırt kəndindən Gürdəhə təxminən 10 kilometrdir. Əgər Güləzi kəndindən Gürdəhə gedən və hazırda yerli əhalinin istifadə etdiyi bu işlək yol genişləndirilərsə, asfaltlanarsa ərazidəki kəndlərin sakinlərinin problemləri həll olunmuş olar. Qeyd etməyi vacib sayıram ki, bu 10 kilometrlik yolun 4 kilometri 11 saylı “Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin balansındadır”. Bələdiyyə sədri, həmçinin bildirdi ki, digər alternativ yol isə Cagacuq çayının sahilboyu uzanan təxminən 3 kilometrə yaxın yoldur: “Bu yol qeyd etdiyim yoldan onunla fərqlənir ki, burada demək olar ki, yoxuşlar yoxdur. Özü də ata-baba yolu kimi tanınan bu yol ilin bütün fəsillərində gediş-gəliş üçün olduqca əlverişlidir. Amma uzun illər həmin yol istifadəsiz qaldığından kol-kos basıb. Rustov-Xanəgah-Girdəh yolu layihələndirilərkən sakinlər bununla bağlı məlumat da vermişdilər. Amma nədənsə buna əhəmiyyət verilmədi”.
Qeyd edək ki, Gürdəh kəndi dağlıq, həm də meşələrlə əhatə olunmuş ərazidə yerləşir. Bu kəndin, həmçinin həmin yolun üstündəki digər kəndlərin əhalisinin əsas məşğuliyyəti heyvandarlıqdır. Bu dağ kəndlərində 50 min başdan çox qoyun-keçi, 10 min başdan çox mal-qara bəslənir. Dağ kəndlərinin iqtisadi səmərəsini, əhalinin həyat şəraitini nəzərə alıb əraziyə rahat, yəni asfalt yolun çəkilməsi çox vacibdir.
Təkrarsız gözəlliyi ilə insanları heyran edən Qubanın hər yaşayış məntəqəsinin daşında, qayasında bir tarix yatır. Bu tarixin hər sətri əsrlərdən soraq verərək min illərin yaşantılarını daşlaşmış yaddaşlarda yenidən yaşadır. Odur ki, hər il bu məkana yüzlərlə turist gəlir. Amma Girdəh və bu istiqamətdə olan ərazilərdəki sərin bulaqlar, gur sulu çaylar, şəlalələr, sıx meşələr, sıldırım qayalar qeyd etdiyimiz səbəb üzündən turistlərin üzünə həsrət qalıb. Güman edirik ki, bu məsələ əlaqədar təşkilatların diqqət mərkəzində olacaq və Girdəhə də asfalt yol çəkiləcək.
Qvami Məhəbbətoğlu, “İki sahil”