2025-ci ilin 27-28 aprelində Bakı Konqres Mərkəzində dünya əhalisinin təxminən 80 faizə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu Qeyri-Hökumət Təşkilatları (QHT) rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları Platformasının konfransında Qlobal Cənub QHT Platforması təsis olundu. Prezident İlham Əliyevin konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirilirdi ki, Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb: “Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı “Bakı sıçrayışı”nın əldə edilməsi ilə nəticələnmişdir.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, Forum iştirakçısı Fuad Hüseynzadə “İki sahil"ə açıqlamasında bildirdi ki, Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı, Azərbaycanın beynəlxalq səviyyədə vətəndaş cəmiyyəti sahəsindəki liderliyini bir daha nümayiş etdirdi: “Bu tədbir, həm regionda, həm də dünyada inkişaf etməkdə olan ölkələrin qeyri-hökumət təşkilatlarının əməkdaşlığını gücləndirmək məqsədini daşıyır. Qlobal Cənubun vahid platforması Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb. Bu platforma inkişaf etməkdə olan ölkələrin QHT-lərini bir araya gətirərək, onların təcrübə mübadiləsini və əməkdaşlığını təşviq edir. Konfransda iqlim dəyişikliyi və sosial ədalət kimi qlobal məsələlər müzakirə olundu, bu sahələrdə QHT-lərin rolunun artırılması vurğulandı”.
İctimai Birliyin sədri qeyd etdi ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövründəki fəallığı, bu platformanın yaradılmasında mühüm rol oynamışdır: “Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətdə Azərbaycanın bu təşəbbüsə verdiyi dəstək qeyd olunmuşdur. Bu platforma gələcəkdə daha geniş regional və beynəlxalq əməkdaşlıqların qurulmasına, dayanıqlı inkişaf məqsədlərinə çatmağa və QHT-lərin qlobal məsələlərdə daha fəal iştirakına şərait yaradacaqdır”.
F.Hüseynzadə vurğuladı ki, Qlobal Cənub QHT Platformasının məhz Bakıda təsis olunması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında etibarlı vasitəçi və dialoq platforması rolunu oynadığını açıq şəkildə göstərir: “Bu təşəbbüs ölkəmizin beynəlxalq münasibətlər sistemində getdikcə daha çox geosiyasi və geososial körpü funksiyasını yerinə yetirdiyini nümayiş etdirir. Azərbaycan, Qlobal Şimal ölkələri ilə tərəfdaşlıq etdiyi kimi, Qlobal Cənub dövlətləri ilə də sıx əməkdaşlıq edir. Bu balanslaşdırılmış siyasət ölkəmizi etibarlı vasitəçi kimi tanıdır. Həmçinin QHT-lər arasında əlaqələri gücləndirililir. Qlobal Cənub ölkələrinin QHT-lərinin Bakıda bir araya gətirilməsi həmrəyliyin gücləndirilməsi və ortaq problemlərə birgə həll yollarının axtarılması baxımından mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, Qlobal Cənub QHT Platformasının təsis konfransı Azərbaycanın beynəlxalq arenada vətəndaş cəmiyyəti sahəsindəki təsirini artıran mühüm bir addımdır”.
Zahid Rza, “İki sahil”