30 aprel 2025 16:42
125

Nərimanovda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

YAP Nərimanov rayon təşkilatının “H. Əliyev küçəsi 135A” ünvanı üzrə Ərazi Partiya Təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra isə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinin sədr müavini Səfər Mehdiyev ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etməsindən, Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində suverenliyimizin bərpasından bəhs edib.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyətindən, Azərbaycanın inkişafının yeni mərhələsindən və qüdrətli bir ölkəyə çevrilməsindən danışıb.

Tədbirin sonunda “H. Əliyev küçəsi 135A” ünvanı üzrə Ərazi Partiya Təşkilatından partiyaya yeni üzv olan 537 nəfərə üzvlük vəsiqələri təqdim olunub və xatirə şəkli çəkilib.