Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun elmi seminarında korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə edilib.
Bu günlərdə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda ənənəvi Elmi Seminar keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərli Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə təsdiqlənmiş iş planının “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” bəndinin icrası ilə bağlı məruzə ilə çıxış etdi.
Seminara ölkənin aparıcı universitetlərinin və bir sıra dövlət qurumlarının nümayəndələri, o cümlədən İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının, DOST agentliyinin, Auditorlar Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, UNEC-in, ADNSU-nun, Qarabağ Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin əməkdaşları da iştirak edirdilər.
Qeyd edildi ki, korrupsiya və rüşvətə qarşı mübarizə Azərbaycanda aktual mövzudur, ictimaiyyət onu ciddi problem sayır. Doğrudur, korrupsiya bütün ölkələrdə var, amma məsələ onun miqyasında, əhatə dərəcəsindədir. Korrupsiyanın mahiyyəti, növləri, xarakterik xüsusiyyətləri və hətta yaxşı cəhətləri barədə də danışan professor rüşvətin əsas mənfi nəticələrinə onun iqtisadi inkişafı, xüsusilə özəl bölməni “boğmağını”, maliyyə vəsaitlərinin xaricə axmağını, ölkəyə (qeyri-neft sektoruna) xarici sərmayə axınının zəifləməsini, ədalətsiz sosial qütbləşməni, ictimai dəyərlər sisteminin deformasiyaya uğramasını və s. aid etmiş, büdcə oğurluğunu (istər yığım, istərsə də xərclənmə mərhələlərində) korrupsiyanın ən eybəcər forması, yetim malı yemək kimi, dövlət vəsaiti hesabına yaşayan hər kəsin (əsgərin, alimin, müəllimin) cibinə girmək kimi səciyyələndirilmişdir.
“Dürüstlük səfehlik deyil, Allaha yaxınlıqdır!” deyən Nazim Müzəffərli rüşvəti növlər üzrə təsnifləşdirərək, kompensativ rüşvəti (bazarın verməli olub verə bilmədiyinin rüşvətlə alınmasını), klassik rüşvəti (göstərilən xidmət müqabilində alınan rüşvəti), şərikinə rüşvəti (göstərilən xidmət müqabilində təyin edilən faizi) və qolzoru rüşvəti (zorla “qoparılan” rüşvəti) fərqləndirmişdir. Onun fikrincə, korrupsiya və rüşvətə qarşı effektiv mübarizə aparmaq üçün bunların «anatomiyasını» bilmək, elmi araşdırmalarla qiymətləndirmək lazımdır, çünki müxtəlif formalara qarşı aparılmalı olan mübarizənin metodları fərqlidir. Klassik rüşvətə qarşı mübarizədə isə vətəndaşın (ilk növbədə sahibkarın) məmura ehtiyacının azaldılması, tənzimləmə qaydalarının sadələşdirilməsi, rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi daha effektivdir.
N.Müzəffərli korrupsiya və rüşvətə qarşı ictimai dözümsüzlük şəraitinin yaradılmasını bunların bütün formalarına qarşı mübarizənin universal üsulu kimi səciyyələndirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin korrupsiya və rüşvətə qarşı mübarizə ilə bağlı mövqeyi daha geniş və aktiv təbliğ olunmalı, bütün səviyyəli kadr təyinatlarında daha dəqiq nəzərə alınmalıdır.
Sonra mövzu ətrafında geniş müzakirə aparıldı. Çıxış edənlər anti-korrupsiya tədbirləri, onun iqtisadi və hüquqi mexanizmləri barədə öz mülahizələrini bölüşdülər.
Zahid Rza, “İki sahil”