Prezident İlham Əliyev mətbuata bəyanatında üçtərəfli əməkdaşlıq layihələrinin müzakirə olunmasına da diqqət çəkdi. Bu layihələr arasında Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Ölkə başçısı bildirdi ki, Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda isə artacaq yüklər nəzərə alınaraq nəqliyyat imkanları və infrastruktur genişləndiririlir. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün ölkəmiz böyük sərmayə qoyuluşu layihələrinə başlayıb.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın səfəri zamanı həmçinin humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verilib. Yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi üçün birgə qərara gəlinib. Bəyanatında bu haqda fikir bildirərkən Prezident İlham Əliyev vurğuladı ki, xalqlarımız ortaq tarixə və mədəniyyətə sahibdirlər. Xalqlarımız əsrlər boyu bir məkanda, bir dövlət çərçivəsində yaşayıb. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və İran bölgədə önəmli rol oynayır. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.
Mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd etdi ki, səfər zamanı aparılan danışıqlarda həmçinin bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri