Yeni Dehli uzun müddətdir ki, daxili siyasi və təhlükəsizlik uğursuzluqlarını gizlətmək üçün Cammu və Kəşmirin işğal olunmuş ərazilərində qəddarlıq və terrordan istifadə edir. Bu təhlükəli siyasət islamafobiyanı təbliğ etmək üçün də istifadə olunur. Pakistanda terroru dəstəkləyən Hindistan hökumətidir
Cənubi Asiyada hərbi-siyasi gərginlik getdikcə güclənir. Son günlər planetimizin bu bölgəsində baş verənlər iki nüvə dövləti arasındakı böhranı pik nöqtəsinə çatdırıb. Bir neçə gün bundan əvvəl Hindistan və Pakistan əsgərləri arasında Cammu və Kəşmirdə Nəzarət Xətti boyunca atışma iki ölkə arasında uzun illərdən bəri davam edən gərginliyi daha da artırıb. Bunlar aprelin 24-də silahlı yaraqlıların Cammu və Kəşmirin dağlıq Anantnaq rayonunda yerləşən Pahalqam şəhərində turistlərə hücumundan sonra baş verib. Şəhər Hindistanın nəzarətində olsa da, mübahisəli ərazi hesab olunur. Hücum nəticəsində 26 nəfər ölüb, 13 nəfər yaralanıb. Hadisədən dərhal sonra Hindistan heç bir əsas olmadan həmin terror hadisəsinə görə Pakistanı ittiham edib. Hücum zamanı silahlı şəxslər hədəf olaraq əsasən hindistanlı kişiləri vurublar. Hindistanın baş naziri Narendra Modi, ölkəsinin şübhəliləri “dünyanın istənilən yerində təqib edəcəyini” açıqlayıb. Hindistan hökuməti Pakistanı hücuma dəstək verməkdə ittiham edib. Pakistan bu ittihamları rədd edərək müstəqil araşdırma tələb edib.
Hindistanın sudan silah, terror kimi istifadə etməsi Pakistana açıq hücumdur
Hücuma görə məsuliyyəti “Ləşkər-e-Taibə” adlı təşkilatın bir qolu olan Müqavimət Cəbhəsi öz üzərinə götürüb. Hindistanın iddialarının əksinə olaraq, Pakistan tərəfi bu təşkilatla heç bir əlaqəsinin olmadığını bəyan edib. Pakistanın müdafiə naziri Xavaca Asif Britaniyanın “Sky News” telekanalına müsahibəsində bildirib ki, Hindistan hakimiyyəti “Laşkar-e-Taiba” radikal qruplaşmasının terrorçuları ilə Pakistan arasında əlaqə olduğuna dair sübut təqdim etməyib. Dehli bölgədəki sabitliyi pozmaq üçün terror hücumundan istifadə edib. “Onlar-Hindistan səlahiyyətliləri Pakistanı nədəsə ittiham etmək və onların maraqlarına uyğun vəziyyət yaratmaq üçün heç bir sübut təqdim etməyiblər. ...Bizim bununla heç bir əlaqəmiz yoxdur”.
Hadisənin ardınca Hindistan hökuməti əsassız olaraq, İndus Su Müqaviləsinin şərtlərini pozaraq Pakistana axan suyun qarşısını alıb. Rəsmi İslamabad Hindistanın Hind çayından su axınını dayandırmasını müharibə aktı kimi qiymətləndirəcəklərini bəyan edib.
Regionda vəziyyəti süni şəkildə gərginləşdirməkdə maraqlı olan Hindistandan fərqli olaraq Pakistan hadisələrin müstəqil şəkildə araşdırılmasını tələb edir. Pakistanın Baş naziri Şahbaz Şərif və BMT-nin Baş katibi Antonio Quterreşin telefon danışığı zamanı regionda baş verən son hadisələri müzakirə etməsi deyilənlərin əyani təsdiqidir. Şahbaz Şərif söhbət zamanı Pakistanın terrorizmin bütün forma və təzahürlərini pislədiyini təkrarlayaraq, ölkəsinin bu istiqamətdə atdığı əhəmiyyətli addımları xatırladıb. Rəsmi Dehlinin İslamabada qarşı son iddialarını “əsassız” adlandıran Baş nazir Pakistanı Pahalqam hadisəsi ilə əlaqələndirmək cəhdlərini qəti şəkildə rədd edib. Şahbaz Şərif, həmçinin Hindistanın Hind çayı hövzəsinə silah yerləşdirməsinin qəbuledilməzliyini, suyun 240 milyon pakistanlı üçün həyat mənbəyi olduğunu qeyd edərək, Dehlinin hər hansı ehtiyatsız hərəkəti halında ölkəsinin suverenliyini və ərazi bütövlüyünü tam gücü ilə müdafiə edəcəyini bildirib. BMT-nin rəhbəri isə Pakistanın regiona sülh gətirmək səylərini yüksək qiymətləndirib və hazırkı kritik zamanda dünyanın hər hansı bir gərginliyə tab gətirə bilməyəcəyini vurğulayıb. Bir daha qeyd edək ki, Hind çayı Pakistanın əsas su mənbələrindən biridir. Əgər Hindistan bəndlər inşa edərək suyun qarşısını kəsərsə, bu, Pakistan üçün kütləvi aclıq və susuzluq fəlakəti demək olacaq. Hindistanın sudan silah, terror kimi istifadə etməsi Pakistana açıq hücum deməkdir. Hindistan hökumətinin bu məntiqsiz və məsuliyyətsiz addımı çox təhlükəli nəticə verə bilər. Ən böyük təhlükələrdən biri Hindistan hökumətinin onilliklər boyu davam edən Hind Su Müqaviləsini birtərəfli və qeyri-qanuni olaraq pozmasıdır, müqavilədə belə bir müddəa yoxdur. Pakistanın xalqı və iqtisadiyyatı Hind Su Müqaviləsi çərçivəsində Pakistana məxsus olan çaylardan asılıdır. Bu addım Hindistanın beynəlxalq müqavilələrə hörmətsizliyini göstərir və dünya ictimaiyyəti üçün çox təhlükəli bir presedent təşkil edir.
Pakistan heç vaxt Hindistanı aqressiv mövqe və hərəkətləri ilə təhdid etməyib. Bununla belə, rəsmi İslamabadın sülh istəyi zəiflik kimi qəbul edilməməlidir. Hindistan işğal altında olan Cammu və Kəşmirdə kəşmirlilərin azadlıq mübarizəsini yatırmaqda acizliyinə görə Pakistanı günahlandırması yeni hal deyil. Hindistan təhlükəsizlik qüvvələrinin uğursuzluqlarına görə Pakistanı günahlandırması yeni bir hal deyil. Lakin son aqressivlik daha çox narahatlıq doğurur. Pakistan hökuməti insan ölümü ilə nəticələnmiş Pahalqam hücumunu pisləyib, bununla bağlı açıq və şəffaf beynəlxalq araşdırma aparılmasını təklif edib. Hindistan hökumətindən hələ ki, müsbət cavab alınmayıb . Hindistan Pakistanı bu hadisə ilə əlaqələndirmək üçün beynəlxalq ictimaiyyətə heç bir dəlil təqdim edə bilməyib. Pakistan terrorizmi bütün forma və təzahürlərində pisləyir. Pakistanın özü əksər hallarda Hindistan hökuməti tərəfindən maliyyələşdirilən, planlaşdırılan və həyata keçirilən terrorizmin qurbanıdır. Pakistanda terroru dəstəkləyən Hindistan hökumətidir. Hindistan uzun müddətdir ki, daxili siyasi və təhlükəsizlik uğursuzluqlarını gizlətmək üçün Cammu və Kəşmirin işğal olunmuş ərazilərində qəddarlıq və terrordan istifadə edib. Bu təhlükəli siyasət islamafobiyanı təbliğ etmək üçün də istifadə olunur. Unutmayaq ki, Hindistanın işğal olunmuş Cammu və Kəşmirdə 700000-dən çox əsgəri var və onlar Hindistanın işğalı altında olan ərazilərdə əhalinin, o cümlədən qadın və uşaqların yaşamaq hüququnu pozur, şərəf və ləyaqətini alçaldır.
Pakistanın Müdafiə naziri Xavaca Asif bildirib ki, bölgə ölkələri vəziyyətin gərginləşməsini azaltmaq üçün səy göstərirlər. Qardaş ölkənin İnformasiya naziri Attaullah Tarar sosial şəbəkədəki səhifəsində yazıb ki, Hindistan 24-36 saat ərzində Pakistana hərbi zərbə endirmək niyyətindədir: “İstənilən təcavüz aktı qətiyyətli cavabla qarşılanacaq. Hindistan regionda baş verəcək hər hansı ciddi nəticələrə görə tam məsuliyyət daşıyacaq!”.
Bir məsələyə xüsusi diqqət yetirək. Belə ki, Hindistanda baş nazir Narendra Modinin cəmiyyətdə nüfuzu getdikcə aşağı düşür. Onu qeyd edək ki, N.Modi bir müddətdir ki, 2027-ci ilin prezident seçkilərinə hazırlığa başlayıb. Bütün bunların fonunda demək olar ki, nüfuzu getdikcə azalan baş nazir iki ölkə arasında gərginliyin artmasında maraqlıdır. Heç kimə sirr deyil ki, Modi uzun illərdən bəri qardaş Türkiyə əleyhinə olan qüvvələrlə də işbirliyindədir. Aprel ayında Hindistan parlamentində qəbul edilən yeni qanun layihəsi də ölkədə sosial gərginliyi artırıb. Belə ki, anti-İslam ritorikası ilə tanınan baş nazir Narendra Modinin rəhbərlik etdiyi hindu milliyyətçi Bharatiya Janata Partiyası, Müsəlman Vəqfləri Aktına dəyişiklik edərək, fondların idarəsinə dövlətin müdaxiləsini qanuniləşdirib. Yeni qanun layihəsi hökumətə dini, təhsil və xeyriyyə məqsədli müsəlman vəqflərinin torpaqlarını yoxlama və müdaxilə etmə səlahiyyəti verir. Vətəndaş cəmiyyəti və müsəlman təşkilatları bu addımı “mülkiyyət hüquqlarının pozulması” kimi dəyərləndirir. Bir müddət əvvəl isə Pakistan vətəndaşlarına vizalar ləğv edilmiş və ölkədən çıxarılmışdılar.
Bütün bunların fonunda bir neçə gün bundan əvvəl Hindistanın baş verən qanlı olaydan 30 dəqiqə sonra Pakistanı ittiham etməsi deyilənləri bir daha təsdiq edir. Çünki belə qısa vaxt ərzində məsələni araşdırıb həqiqəti üzə çıxarmaq mümkün deyil. Təbii ki, bu kimi ciddi sual doğuran məqamlar rəsmi Dehliyə qarşı əsaslı şübhələr doğurur. Bir nüansı da xüsusilə diqqətə çatdırmaq lazımdır ki, bir neçə il bundan əvvəl, daha dəqiq desək, 2019-cu ildə də eyni taktikadan istifadə edilib. Bütün bunlarla yanaşı, Hindistanı qaşıdurmaya təşviq edən xarici qüvvələrin olmasını nəzərdən qaçırmaq olmaz.
Onu da qeyd edək ki, nəinki Cənub-Şərqi Asiyada, eləcə də bütün dünyada sülhün və əmin-amanlığın bərqərar olmasını istəyən, bu istiqamətdə ciddi addımlar atan Pakistanla Azərbaycanın qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Pakistan İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi hər zaman Azərbaycanın yanında olub. Bütün bunlar xalqımız tərəfindən yüksək qiymətləndirilib. İki dost ölkə arasındakı mükəmməl ikitərəfli münasibətlər Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsindən sonra daha da möhkəmlənib.
Zahid Rza, “İki sahil”