02 may 2025 22:56
156

S.Osmanqızı kimilərin yeri tarixin zibilliyidir

Uzun illərdən bəri, xüsusilə qırx dörd günlük müharibədən sonra Azərbaycana qənim kəsilən qərəzli mərkəzlər, ermənipərəst fondlar yüksək məbləğli qrantlarla yemlədikləri başda AXCP sədri Əli Kərimli olmaqla radikal müxalifət təmsilçilərinin, eləcə də müxtəlif bəhanələrlə xarici ölkələrdə məskunlaşan Qənimət Zahid, Sevinc Osmanqızı, Tural Sadıqlı, Arif Şahmarlı, Arif Yunus kimi antimilli ünsürlərin ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyasını sistemli şəkildə idarə edirlər.  

Müstəqil siyasət yeridən Azərbaycanın uğurlarını, onun beynəlxalq arenada nüfuzunun artmasını həzm edə bilməyən bəzi Qərb ölkələrinin təhlükəsizlik orqanlarının göstərişlərini icra edən bu başıpozuq dəstənin üzvlərinin sosial şəbəkələrdəki fəaliyyətlərini erməni lobbisinə yaxınlığı ilə tanınan bəzi mərkəzlərlə uzlaşdırması son günlər açıq-aşkar özünü göstərir. Sirr deyil ki, uzun illərdən bəri milyonlarla vəsait xərcləyərək ölkəmizə qarşı şər, böhtan şəbəkəsi quran erməni lobbisinin güclü təsiri altında olan mərkəzlər ayrı-ayrı Qərb ölkələrində müxtəlif bəhanələrlə sığınacaq tapan “sapı özümüzdən olan baltaları”, bu xəyanətkar zümrəni qrantlarla, ianələrlə şirnikləndirərək öz çirkin oyunlarına alət ediblər. Bu savadsız, dardüşüncəli, zombiləşmiş məxluqlar da asanlıqla düşmənlərimizin toruna düşüblər.

Son günlər internet resurslarına diqqət edəndə Sevinc Osmanqızı, Arif Yunus kimilərin ölkəmizə qarşı fəallaşdığını müşahidə edirik. AXCP sədri Əli Kərimlinin muzdlu nökəri Qənimət Zahidin “Azərbaycan saatı” internet tv- sində A.Yunusun saxta “siyasi məhbus” siyahısı ilə bağlı yalançı, pafoslu və riyakar çıxışları öz-özlüyündə bu antimilli ünsürlərin eyni mərkəzdən idarə olunmasını təsdiq edir.  Ermənipərəst dairələrin qrant pulları ilə “yağ içində böyrək kimi bəslənən” bu antimilli ünsürlər həmişə olduğu kimi, bu gün də öz fəaliyyətlərini anti-Azərbaycan dairələrlə koordinasiyalaşdırırlar. 

Müşahidlərə görə, okeanın o tayında mühacir kimi məskunlaşan “Osmanqızı Tv”-nin sahibi Sevinc Osmanqızının mübtəla olduğu “erməni xəstəliyi” daha da şiddətlənib. Xalqımızın müqəddəs nemətlər kimi yüksək tutduğu bütün mənəvi dəyərləri, əxlaqi keyfiyyətləri utanıb-qızarmadan ayaqlar altına atan bu başabəla “jurnalist” ölkəmizin beynəlxalq imicinə ləkə yaxmaq, qırx dörd günlük Vətən müharibəsindəki Qələbəmizi ucuzlaşdırmaq, feyk xəbər və məlumatlarla ictimaiyyəti çaşdırmaq üçün ən çirkin üsul və vasitələrdən istifadə edir. Uzun illərdən bəri ölkəmizin əleyhinə əxlaqsızcasına “qara piar” kampaniyası aparan S.Osmanqızı bu dəfə aprelin 29-da ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında “COP29 BMT-nin İqlim Dəyişikliyi Konfransından sonra Azərbaycanda insan haqları” adlı keçirilən dinləmələrini utanıb-qızarmadan sevinclə qarşılayır.

İş orasındadır ki, Konqresdə keçirilən həmin tədbirdə erməni separatçılarına hər cür şərait yaradılıb. Dinləmələrdə həmçinin Qarabağdakı keçmiş separatçı rejimin “dövlət naziri” və “ombudsman”ı olmuş Artak Beqlaryan, keçmiş separatçı rejimin “dövlət naziri” olmuş, hazırda Bakıda mühakimə olunan Ruben Vardanyanın vəkili Cared Qenser çıxış edib. Beqlaryan 2023-cü ilin sentyabrında özü və ailəsi daxil olmaqla 150 mindən çox erməninin “zorla” məcburi köçkünə çevrildiyini bildirib. O, Azərbaycanda azı 23 erməni əsirin həbsdə olduğunu, işgəncəyə məruz qaldığını deyib. Beqlaryan həmçinin Azərbaycanı 2020-2023-cü illərdən bəri itkin düşən azı 200 nəfərin, yoxa çıxan 80 nəfərin taleyi barəsində məlumat verməməkdə ittiham edib. Əslində S.Osmanqızı kimi xəyanətkar özü də çox yaxşı bilir ki, Azərbaycana qarşı dinləmələr məhz ermənipərəst Demokratlar Partiyasının ermənipərəst üzvlərinin təşəbbüs və dəstəyi ilə keçirilib. S. Osmanqızı onu da yaxşı bilir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Qarabağı tərk edən ermənilərin Ermənistana keçidinə şərait yaradıb.

Nəhayət, ermənipərəst dairələrin çirkli pulları ilə yemlənən S.Osmanqızı kimi xəyanətkarlar bilməlidirlər  ki, Azərbaycana qarşı aparılan informasiya müharibəsi gec-tez fiaskoya uğrayacaq. O zaman istifadə müddəti bitən S.Osmanqızı kimilər himayədarları tərəfindən bir kənara, daha doğrusu, tarixin zibilliyinə atılacaqlar.

Zahid Rza, “İki sahil”