Ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunur
Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forum keçirilib.
Forumun keçirilməsində məqsəd medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşmasında proaktiv həssas rolunun artırılması, mediadan müxtəlif aktual məsələlərə qarşı mübarizədə düzgün istifadə, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsidir.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib ki, Azərbaycan mediası özünün təməl funksiyalarını yalnız ölkə müstəqillik əldə etdikdən sonra yerinə yetirməyə başlamış və mövcud tarixi şəraitdə müstəqil media təsisatlarının əsası qoyulub.
O qeyd edib ki, bu baxımdan Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda senzuranın ləğv edilməsi plüralizmin genişlənməsinə, jurnalistikanın inkişafına yeni nəfəs verərək, əlverişli şərait yaradıb.
Agentliyin rəhbəri vurğulayıb ki, cəmiyyətin sosial sifarişi kimi meydana çıxan “İctimai proseslər media müstəvisində” platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaqdır.
Ə.İsmayılov xatırladıb ki, zəngin və şərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı bu il özünün 150 illik yubileyini qeyd edir:
“1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc etmiş, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparmışdır”.
İcraçı direktor həmçinin bildirib ki, maarifçilik xüsusiyyətləri ilə seçilən “Əkinçi” qəzeti milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib.
“Öz növbəsində, son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkil edilməsinin nəticəsidir ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunur, cəmiyyətdə neqativ xəbər axınına qarşı dayanıqlı təbii müqavimət – informasiya immuniteti gücləndirilir”, - Ə.İsmayılov vurğulayıb.
Medianın müasirləşməsi ilə bağlı fikirlər İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva tərəfindən də səsləndirilib. Səbinə Əliyeva bildirib ki, son illər rəqəmsal texnologiyalara sürətli keçid, media mühitinin müasirləşməsi və bu qəbildən olan digər innovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır.
O qeyd edib ki, hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən birini müstəqil medianın mövcudluğu, fikir, söz və mətbuat azadlığı təşkil edir. Media cəmiyyətin hüquqi maariflənməsində, baş verən proseslər barədə məlumatların operativ və obyektiv formada ictimaiyyətə çatdırılmasında, bununla da ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır və effektiv ictimai nəzarət vasitəsi kimi çıxış edir.
Səbinə Əliyeva dezinformasiya, nifrət nitqi, şəxsi həyatın toxunulmazlığına müdaxilə, rəqəmsal təqib, kiberzorakılıq, təhsildən yayındırma, zərərli sahələrə meyillilik, aqressiv davranışlara səbəb olma halları ilə bağlı riskləri xatırladıb. Vurğulayıb ki, media sahəsində fəaliyyət həm hüquqi, həm də etik çərçivələrlə tənzimlənməli, milli-mənəvi dəyərlər nəzərə alınmalı və ən əsası, bu fəaliyyətin həyata keçirilməsi insan hüquqlarına hörmət və riayət edilməsi prinsipləri ilə uzlaşdırılmalıdır.
Media hüquqları kontekstində məhkəmə yanaşmasına da toxunulub. Ali Məhkəmənin Kollegiya sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev çıxışında diqqətə çatdırıb ki, Ali Məhkəmə teleməkanda şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması ilə bağlı qərarlar qəbul edə bilər.
Onun sözlərinə görə, media məkanında şəxslərin şərəf və ləyaqətinin müdafiəsi məsələlərinə müəyyən qədər diqqət ayrılsa da, təəssüf ki, vətəndaşların şəxsi həyatının toxunulmazlığı, şəxsi və ailə sirri kimi konstitusion hüquqlarının qorunması ilə bağlı vəziyyət heç də ürəkaçan deyil:
"Xüsusilə televiziya verilişlərində bu hüquqlara qanunazidd müdaxilə adət halı alıb. Bütün bunlar nəzərə alınaraq bu istiqamətdə müvafiq hüquqi tənzimləmənin həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda Ali Məhkəmə tərəfindən mühüm qərarların qəbulu nəzərdə tutulub".
Mövzuya konstitusion hüquqlar aspektindən yanaşan Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev çıxışında vurğulayıb ki, Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar ölkəmizdə siyasi, iqtisadi və hüquq sisteminin köklü dəyişdirilməsindən ibarət olmaqla, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edib. Azərbaycan Konstitusiyasında sosial ədalət konsepsiyası geniş formada öz əksini tapıb. Burada iqtisadiyyatın azad inkişafına təminat verməklə ölkənin hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi funksiyası dövlətin üzərinə qoyulub.
Müasir media mühitinin formalaşmasında rəqəmsal texnologiyaların rolu ilə bağlı çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov qeyd edib ki, ölkəmizdə rəqəmsal inkişaf sahəsində atılan mühüm addımlar media məkanında tərəqqi və müasir tələblərə uyğunlaşma üçün münbit şərait yaradır. Bu yaxınlarda uğurla həyata keçirilmiş onlayn layihələr, internet sahəsində qazanılan nailiyyətlər informasiyaya əlçatanlığı əhəmiyyətli dərəcədə artırıb, ucqar bölgələrdə yaşayan vətəndaşların da müxtəlif mənbələrdən operativ məlumat əldə etmələrinə şərait yaradıb.
Vurğulayıb ki, rəqəmsal media ictimai nəzarət, şəffaflıq və sosial məsuliyyət funksiyalarını daha da gücləndirməklə yanaşı, alternativ informasiya mənbələrinin formalaşmasına və ictimaiyyətin məlumatlara çıxışının təmin edilməsinə töhfə verir. İnsanların gündəlik həyatında uğura, müsbət davranış modelinə və düzgün həyat tərzinə nail olmalarında media böyük rol oynayır.
Tədbir açılış nitqləri və rəsmi hissənin ardınca “Konstitusiya və Suverenlik İlində media gündəmi”, “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” və “Təhlükəsizlik rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” adlı panel sessiyalarla davam etdirilib.
Nigar Orucova, “İki sahil”