03 may 2025 10:00
180

Azərbaycan beynəlxalq media həmrəyliyinin təşəbbüskarıdır

Əsr yarımlıq qədim tarixə, zəngin ənənələrə malik milli mətbuatımız yarandığı ilk gündən onun başlıca qayələrindən biri bəşəri ideyaların, dünyəvi dəyərlərin təbliği, düünyanın tərəqqi dinamikası ilə səsləşmək, qlobal proseslərə uzaqgörənliklə, novatarcasına yanaşmaq olub. Bu mənada şüurlarımızda ali hümanizm prinsipləri cücərdən “Əkinçi”dən, Avropa çağırışları ilə dünyaya açılan “Şərqi-Rus”dan, Şərq yönlü milli inkişaf meyilləri ilə Qərb maarifçiliyini sintez halında çulğalaşdıran “Molla Nəsrəddin”dən, demokratik cəmiyyət quruculuğu prinsiplərinin, türkçülüyün, müasirliyin fəadai təbliğatçısı olmuş “Azərbaycan”dan tutmuş milli mətbuatımızın hər biri milli dəyərlər sitemimizin zirvəsində dayanır. Ümummilli Lider Heydər Əliyevin müstəqil mediamızın inkişaf banisi kimi medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətləri isə daim ehtiramla anılmaqdadır.       Azərbaycan mediası hazırda ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər, Azərbaycan həqiqətləri ilə bağlı mühüm məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Müasir siyasi tariximizə islahatların müəllifi kimi daxil olan Prezident İlham Əliyev ölkədə mətbuatın qlobal informasiya mühitinin müəyyən etdiyi fəaliyyət prinsiplərinə uyğun inkişafı istiqamətində daim yeni təşəbbüslərlə çıxış edir. KİV sahəsində normativ-hüquqi bazanın yaradılması, jurnalistlərin peşəkarlığının artırılması kimi mühüm məqamları əks etdirən dövlət media siyasəti həyata keçirilir. Azərbaycanda bir sıra mühüm tarixi qərarların, xüsusilə də “Media haqqında” Qanun kimi media subyektlərinin gələcək inkişaf konsepsiyasını müəyyənləşdirən dövlət sənədinin qəbul edilməsi, həyata keçirilən zəruri islahatlar medianın keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəlməsinə xidmət edir. Milli jurnalistikanın müasir demokratik prinsiplər əsasında inkişafı, dünya birliyinə inteqrasiyası, bu sahədə beynəlxalq əməkdaşlığa əsaslanan inkişaf platformasının formalaşdırılması Azərbaycanda həyata keçirilən dövlət media siyasətinin əsas hədəflərini təşkil edir. Azərbaycanın yaratdığı beynəlxalq media forumu ənənəsi isə beynəlxalq media həmrəyliyi təşəbbüsü kimi tarixiləşib.

21-23 iyul 2023-cü il tarixlərində “Heydər Əliyev İli” çərçivəsində, Azərbaycan milli mətbuatının 148-ci ildönümü ilə əlaqədar Şuşa şəhərində “4-cü sənaye inqilabı dövründə yeni media” mövzusunda keçirilən Birinci Şuşa Qlobal Media Forumu öz əhəmiyyəti ilə Azərbaycanın media siyasətin mühüm uğuru sayıla bilər. Forumun məqsədi informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi texnoloji əsr dediyimiz müasir dövrdə jurnalistikanın gələcək inkişaf istiqamətlərini müzakirə etmək idi. Forumda həmçinin Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra apardığı konstruktiv və inkişaf siyasəti, eləcə də xarici siyasətdə yeni konseptual mövqeyi təqdim olundu. 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya qurumlarının, 12 beynəlxalq təşkilat və media qurumlarının, 60 yerli KİV rəhbərlərinin və nümayəndələrinin iştirakı bu tədbirin genişmiqyaslı olduğunu bir daha təsdiqləyir. Prezident cənab İlham Əliyevin Forumun açılış mərasimində iştirak etməsi və sualları cavablandırması bu tədbirə xüsusi siyasi qiymət verdi.                                             

Qeyd edək ki,  Prezident İlham Əliyev 2022-ci ildə Milli Mətbuat Günündə Şuşada keçirilmiş Azərbaycan KİV nümayəndələrinin birinci Forumu zamanı forumun beynəlxalq səviyyədə təşkili ilə bağlı göstəriş verməklə bu mühüm tədbirin ideya təşəbbüskarı olmuşdur. Şübhəsiz ki, Azərbaycanın qlobal ictimai mühitə açıq olması, informasiya mübadiləsinə marağı onun ədalətli tərəf olmasından, həqiqəti sevməsindən, öz suverenliyini tam bərpa etməkdən qürur duymasından, sülh və quruculuq siyasətindən, siyasi və iqtisadi qüdrətindən irəli gəlir.            

Cənab Prezidentin məqsədyönlü şəkildə forumda geniş nitqdən imtina etməsi, stereotipləri aşaraq polemikaya, müzakirələrə üstünlük verməsi, 3 saat ərzində geniş auditoriyanın suallarını xarici dildə, siyasi məntiqə əsaslanan dəqiq natiqliklə, uğurlu diplomatik gedişlərlə cavablandırması müasir dünya siyasəti tarixində nadir hadisə idi. Prezident İlham Əliyev forum zamanı Azərbaycanın baş tacı olan Şuşanın tarixi, çağdaş hərb tariximiz, Vətən müharibəsi illərində Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədalətini necə bərpa etməsi barədə qürurla ifadə etdiyi siyasi fikirlər qısa müddətdə bir çox dünya mətbuatının əsas manşetinə çevrildi. Dövlət başçısının erməni vandalizminin bəşər faciəsi olması, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi - Böyük QAYIDIŞ Proqramı, ölkəmizin Cənubi Qafqazda sülhü bərqərar etmək kimi şərəfli missiyanı üzərinə götürməsi ilə bağlı verdiyi məlumatlar beynəlxalq ictimaiyyət üçün maraqlı real faktlara çevrildi. Prezident İlham Əliyev zəngin siyasi təcrübəsinə əsaslanaraq qlobal media proseslərini təhlil edərək vurğuladı ki, Azərbaycanda aparılan media islahatlarının əsas konsepsiyasını “...Azərbaycan mediasının müstəqilliyi cəmiyyətimizin inkişafı üçün əsas şərtlərdən biridir” ideyası təşkil edir. O, Azərbaycan mediasının beynəlxalq hüququn və ərazi bütövlüyümüzün bərpası, informasiya cəbhəsində mübarizə aparması istiqamətində fəaliyyətini yüksək qiymətləndirdi: “...Bizim üzləşdiyimiz problemi təkcə beynəlxalq hüquq prizmasından deyil, həm də ümumi insani prizmadan dünya ictimaiyyətinə çatdırmaq üçün media bizim ilk vasitəmiz olub”. Prezident növbəti mərhələdə mediaya daha geniş beynəlxalq auditoriyaya çıxmağı tövsiyə edərək, milli jurnalistikanın prioritet vəzifələrini də açıqladı : "Bu gün bizim qismətimiz yenə öz həqiqətimizi sübuta yetirməkdir. Çünki bizə qarşı kampaniya bu gün də davam edir. Qələbəmizi həzm edə bilməyənlərə, uğurumuza paxıllıq edənlərə, bizə qarşı açıq informasiya müharibəsi başlatanlara tutarlı və real arqumentlərlə cavab verməliyik və veririk. Bunun nəticəsidir ki, bu gün bütün bu böhtanlara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycan xalqının və mətbuatının haqlı səsi, Azərbaycan xalqının səsi eşidilir. Bunun üçün əsas vasitədir, ona görə də cəmiyyətdəki həmrəylik və birlik bizə bu üstünlüyü təmin edir”. Dövlət başçımız milli jurnalistikada gedən son inkişaf proseslərini belə dəyərləndirdi: "Çox şadam ki, mətbuatımızda sağalma prosesi uğurla gedir və xalqın mənafeyinə zidd, dövlətin mənafeyinə xələl gətirə biləcək yazılara indi çox az rast gəlinir. Yəni, bu, yenə də medianın məsuliyyətindən xəbər verən amildir". O, ölkədə baş verən ədalətsizlik, bürokratiya, idarəçilik və ya digər neqativ hallarla daha çevik mübarizə aparmaqda, bir sözlə, cəmiyyətdən xəbər tutmaqda sosial medianın əhəmiyyətindən danışarkən bildirdi ki, fərqli ünsiyyət kanallarından biri də sosial mediadır və ölkə başçısı kimi burada baş verənlərlə bağlı mütəmadi olaraq məlumat alır. Dövlət başçısının bu fikirləri ölkədə məmur özbaşınalığına, qanunsuzluqlara qarşı mübarizədə medianın ictimai nəzarət funksiyasına qiymət vermək, “dördüncü hakimiyyət”in nüfuzunu dəstəkləmək deməkdir. Eyni zamanda sosial medianın məsuliyyət və öhdəlik yükünü də artırır, yalandan, qərəzdən, böhtandan çəkinməyə çağırır.

Forum jurnalistika və kommunikasiyada yeni vasitələrin müəyyənləşdirilməsi və bu kontekstdə ənənəvi medianın və sosial medianın cəmiyyətdəki mövcud rolunun, yeni tendensiyalar fonunda jurnalistikada yaranan problemlərin və yeni istiqamətlərin müzakirəsi, eləcə də bu sahədə rəqəmsal vasitələrin tətbiqinin yaratdığı nəticələrin müəyyənləşdirilməsi baxımından qarşıya qoyulan məqsədə nail olub. Bu mühüm tədbir davamlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak meylləri və media savadlılığı, dezinformasiya və saxta xəbərlərlə mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələlərin müzakirəsi baxımından da yaddaqalan olub. Dünya mediasının dili ilə desək, o, dünya media rəhbərləri arasında birlik yaratmaq missiyasını həyata keçirib.

Forumun media həmrəyliyi baxımından əhəmiyyətini onda görmək olar ki, tədbir Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Albaniya, Bolqarıstan və Filippinin informasiya agentlikləri arasında əməkdaşlığın əsasını qoydu. Forum çərçivəsində Avropanın aparıcı xəbər agentliklərini birləşdirən və Mərkəzi Avropanın aparıcı informasiya provayderlərini bir araya gətirmək məqsədi daşıyan “Mərkəzi Avropa Hesabatı” (www.cereport.eu) layihəsi təqdim olunub, treninq, ustad dərsi keçirilib. Bütün bunlar milli jurnalistikanın dünyaya inteqrasiyası, müasir medianın tələblərinə cavab vermək, beynəlxalq təcrübəyə əsaslanan inkişafa nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edirdi. Ermənistan hakimiyyətinin elə ilk gündən boykot və təhdid kampaniyasına başlamasına baxmayaraq Qlobal Media Forumu qarşıya qoyduğu məqsəd və vəzifələrə uğurla çatdı ki, belə bir mühüm tarixi hadisənin dünya mediasını “işğal etməsi” faktı bunu bir daha təsdiq edir. Təsadüfi deyil ki, Şuşa Qlobal Media Forumu Şuşada Azərbaycanın böyük və beynəlxalq informasiya qələbəsi kimi qiymətləndirildi. Dünya mətbuatı tarixində baş vermiş bu əlamətdar hadisə haqqında geniş və operativ məlumat verənlər sırasında türkdilli dövlətlərin, müsəlman ölkələrinin, xüsusilə də qardaş Türkiyə Respublikasının aparıcı media qurumlarının adlarını ayrıca qeyd etmək lazımdır. Forumla bağlı məlumatlar ABŞ-ın “The Associated Press” agentliyi və “newyorkinsider.net” xəbər portalı, Rusiya mətbuatının gündəmində də geniş yer tutdu. İyulun 22-də forum çərçivəsində Prezident İlham Əliyevin geniş müsahibəsinin “Çin Qlobal Televiziya Şəbəkəsi” televiziya kanalında yayımlanmasını, dövlət başçısımızın həmin gün Şuşada Avropanın ən yüksək tamaşaçı reytinqinə malik “Euronews” televiziyasına müsahibə verməsini dünya media tarixinin mühüm hadisəsi adlandıra bilərik. Dünyanın tanınmış media ekspertləri Azərbaycan Respublikası Prezidentinin timsalında daha operativ və daha etibarlı, zəngin və intellektual informasiya mənbəyi, başlıcası isə səmimi dost kəşf etmiş oldular. Təsadüfi deyil ki, TASS Agentliyinə rəhbərlik edən Mixail Qusman Prezident İlham Əliyevi ölkəsinin Silahlı Qüvvələrinin Ali Baş Komandanı olmaqla yanaşı, “milli informasiya qüvvələrinin Ali Baş Komandanı” adlandırdı. Forumda dövlət başçısının da fəxrlə bəyan etdiyi kimi, Qlobal Media Forumunun qələbə və sülh rəmzi Şuşada keçirilməsi buraya toplaşan beynəlxalq media nümayəndələrinə hər şeyi öz gözləri ilə görmək, Azərbaycan həqiqətlərini olduğu kimi öz ölkəsinə, xalqına, ictimaiyyətinə çatdırmaq məqsədinə uğurla xidmət etdi.         

20-22 iyul 2024-cü il tarixdə keçirilən 2-ci Şuşa Qlobal Media Forumunun mühüm qlobal mövzuya – “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna həsr edilməsi isə xüusi rəmzi siyasi məna kəsb edir. Belə bir forumun məhz yalan məlumatlardan, dezinformasiyadan istər zaman, istərsə də miqyas etibarilə ən çox əziyyət çəkən ölkələrdən biri olan, lakin dövlət başçısının siyasi iradəsi, xalqın və cəmiyyətin çoxillik zəngin təcrübəsi nəticəsində təkcə hərb cəbhəsində deyil, informasiya cəbhəsində də tarixi zəfər qazanan Azərbaycanda keçirilməsi tarixi zərurətdən irəli gəlirdi. Təsadüfi deyil ki, dövlət başçımız forumdakı tarixi çıxışı, çoxsaylı sualları cavablandırdığı zaman müasir informasiya müharibəsində çox geniş işlənən informativ təsiretmə növlərinin səciyyəvi xüsusiyyətlərinı, funksiyasını məhz Azərbaycanın məruz qaldığı informasiya savaşını, dezinformasiya hücumlarını nümunə göstərməklə geniş təhlil etmişdir. Dövlətimizin başçısı forum zamanı beynəlxalq ictimaiyyətin, dünyanın məhşur media təmsilçilərinin iştirakından istifadə edərək Azərbaycanın yeni tarixinə həqiqət işığnda yenidən nəzər saldı, müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, tərəfdaşlarla səmərəli əməkdaşlıq yolu ilə iqtisadi problemlərin böyük əksəriyyətinin həll edilməsi ilə bağlı dünya ictimaiyyətini və mediasını məlumatlandırdı, İkinci Qarabağ savaşı, həmçinin 2023-cü ilin sentyabr ayında gerçəkləşdirilmiş antiterror əməliyyatları zamanı aparıcı dövlətlərin informasiya müstəvisində yol verdikləri manipulyasiyaları konkret faktlarla diqqətə çatdırdı. Bu problemdən yeganə çıxış yolunu isə Azərbaycan reallıqlarını dünya ictimaiyyətinin nümayəndələrinə bu kimi tədbirlər vasitəsilə əyani şəkildə çatdırmaqda gördüyünü bildirdi. Ölkə başçımızın konkret faktlara əsaslanan təhlilindən də bir daha məlum oldu ki, beynəlxalq media proseslərini, dünya informasiya-kommunikasiya texnologiyaları sahəsindəki ən son yenilikləri, xüsusilə də internet medianın inkişaf istiqamətlərini yaxından izləyir: “Mən Azərbaycanla bağlı beynəlxalq medianı izləyirəm və ölkəmizlə bağlı hansısa beynəlxalq təşkilatlarda hər hansı bir material dərc edilibsə, hər səhər mənə məlumat verilir” .                  

Dövlət başçımız dezinformasiyanın çox zərərverici olduğunu keçmiş münaqişə zamanı bütün erməni diasporunun, ermənipərəst siyasətçilərin, media nümayəndələrinin Azərbaycana qarşı hücum etmələri, ölkəmiz haqqında yanlış narrativlər yayması timsalında geniş izah etdi, həmçinin dezinformasiya yaradıcılarının siyasi məqsədləri, fəaliyyət metodları, təsir mexanizmləri barədə də əhatəli məlumat verdi. Eyni zamanda göstərdi ki, təxribatçı informasiyalardan yeganə xilas yolu həqiqi informasiyalardan səmərəli şəkildə yararlanmaqdır. Azərbaycan Prezidenti forumda informasiya müharibəsinin bitmədiyini, keyfiyyətcə yeni – daha kəskin, sərt mərhələyə qədəm qoyduğunu diqqətə çatdırdı, belə bir dövrdə informasiya sferasında qarşıda duran aktual məsələlərdən də bəhs etdi. İlham Əliyev bununla həm də Azərbaycan cəmiyyətinə və mediasına daha məsuliyyətli və fəal olmaqla bağlı çağırış etdi. Artıq dünyada nüfuzu ilə yetərincə tanınan siyasi lider beynəlxalq media təmsilçilərinə bu məramını da çatdırdı: “Əlbəttə, biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir”.                            

Prezident İlham Əliyev ölkəmiz haqqında, Prezident kimi siyasi fəaliyyəti ilə bağlı natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş məlumatların məhz Qərbdən qaynaqlandığını cəsarət və qətiyyətlə bildirdi. Lakin ölkə başçısının da qeyd etdiyi kimi vaxt keçdikcə siyasi dairələr – Qərb reallığı daha açıq şəkildə qəbul etməyə və Azərbaycana bərabər tərəfdaş kimi yanaşmağa başlamışdır ki, bu da informasiya cəbhəsi də daxil olmaqla bütünlükdə Azərbaycanın mühüm tarixi siyasi qələbəsidir.                                                   

Forumun ən maraqlı məqamlarından biri də o oldu ki, müxtəlif ölkələrin – məsələn Azərbaycan və Ukraynanın dezinformasiyaya məruz qalma dərəcələri, habelə Fransanın timsalında müəyyən ölkələrin buna bilavasitə maraqlı olmaları müqayisəli şəkildə təhlil və şərh edildi. Dezinformasiya ilə mübarizədə ölkələrarası tərəfdaşlığın, müttəfiqliyin əhəmiyyəti, bu yolla daha çox uğur qazanma mümkünlüyü önə çəkildi. Belə ki, strateji tərəfdaş olan Pakistan və Azərbaycanın hər ikisinin dezinformasiya kampaniyalarından əziyyət çəkdiyi qeyd edildi. Prezident İlham Əliyev Pakistan mediasına Azərbaycana hər zaman qardaş dəstəyi göstərdiyi üçün minnətdarlığını bildirdi, dezinformasiya ilə mübarizə sahəsində səylərin birləşdirilməsi fikrini dəstəklədi. Ölkələrin bir-birini müxtəlif istiqamətlərdə dəstəkləyə bilməsi, beynəlxalq media təşkilatlarına çıxış imkanlarından birgə yararlanmaq üçün birgə media işçi qrupu yaradılması, bunun təkcə Pakistan deyil, digər dost ölkələrlə də həyata keçirməyin mümkünlüyü Azərbaycanın dövlət başçısının səsləndirdiyi konkret, eyni zamanda dəyərli təşəbbüs və təkliflər idi.                                                             

Mövzu ilə bağlı bir mühüm məqam da diqqətə çatdırıldı ki, ayrı-ayrı ölkələr məlumatların yalan və ya həqiqət olmasına öz siyasi mənafelərindən və kriteriyalarından qeyri-obyektiv yanaşmamalıdıır. Qeyd olundu ki, media qurumları müəyyən ölkələrin informasiya təminatında öz subyektiv maraqlarına uyğun hərəkət etdiyini, onun ideoloji konstruksiyasını yaratdığını nəzərə almalı, reallığı bütün gerçəkliyi ilə öyrənib qəbul və təqdim etməyə çalışmalıdır.

Dövlət başçımız dünyəvi müstəvidə “media sahəsi kəskin şəkildə siyasiləşdirilib” qənaəti ilə dünya dövlətlərinə informasiya siyasətində ədalətli olmağa tarixi çağırış etdi, bu qlobal problemin həlli üçün media təmsilçilərinin siyasətçilərə tövsiyələr verməli olduqlarının bunu onların başlıca vəzifəsi kimi qabartdı.                                               

Forumda Azərbaycanın Qlobal Şimal ilə Qlobal Cənub arasında körpülər qurması, Azərbaycanın Avropanın enerji, təbii qaz təchizatındakı rolu, bir sözlə Azərbaycanın xarici siyasətdəki uğurları öz təzahürünü tapdı ki, heç şübhəsiz ki, bu da dünya dövlətlərinin Azərbaycana qarşı informasiya siyasətinə də effektiv təsir göstərəcək amillərdir.                    

Ölkə başçımız xarici siyasət strategiyasından bəhs edərkən beynəlxalq ictimaiyyət qarşısında qətiyyətlə bəyan etdi ki, Ermənistanla sülh sazişinin mümkünsüzlüyünün real səbəbi məhz Ermənistan konstitusiyasında Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü təhdid edən maddənin mövcud olmasıdır. Bu faktın özü mövzu ilə bağlı dezinformasiyanı beynəlxalq sferada bir daha təkzib etmək, eyni zamanda gələcək dezinformasiya təhdidlərini də zərərsizləşdirmək baxımından ölkəmiz üçün çox əhəmiyyətli idi.

Forum zamanı bir məsələyə də aydınlıq gətirildi ki, II Qarabağ müharibəsinin gedişi və 23 saat 41 dəqiqəlik xüsusi antiterror tədbirləri, Azərbaycanın regiondakı hərbi-siyasi vəziyyəti tamamilə dəyişdirməsi informasiya muharibəsini daha fərqli formada – kəskin və sərt şəkildə, geniş miqyasda qızışdırdı. Fransa yalan informasiyalarla manipulyasiyalar etməklə Avropada və Cənubi Qafqazda Azərbaycana qarşı əsl dezinformasiya kampaniyasına başladı. Azərbaycanın haqq işi terror kimi təqdim olundu. Azərbaycan da bu dezinformasiya hərəkatına adekvat cavab olaraq informasiya müharibəsinin gedişini dünyanın diqqətini Fransa üçün təhlükəli məcraya – Sakit Okean hövzəsindəki və Afrikadakı fransız müstəmləkələrinə qarşı yönəltməklə dəyişdi. Azərbaycan Fransadan fərqli olaraq yetərəli real fakt və arqumentlərdən istifadə etməklə Fransanın antidemokratik və istismarçı siyasətini ifşa etməyə başladı. Bu, Azərbaycanın informasiya müharibəsində birmənalı qələbəsi idi.

Prezident İlham Əliyev media sənayesinin gələcəyi və süni intellektin bu prosesdə rolu ilə bağlı məsələyə də münasibət bildirdi ki, bu mövzu hazırda tamamilə yeni məcraya yönəlməkdədir. O, suni intellektdən istifadə ilə feyk “yaradıcılığının” təhlükə dərəcəsini nüvə silahına malik ölkələrin süni intellekt tərəfindən manipulyasiyaya məruz qala biləcəyi ilə izah etdi. O, insanların münasibətlərinə, ləyaqətinə, nüfuzuna xələl gətirə biləcək, xüsusilə də ictimai şəxslərin fərqli feyk video, vizual və audioməlumatlarla tamamilə yamsılanmasına qarşı media ictimaiyyətini fəal mübarizəyə çağırdı, siyasətçilərə yol göstərməyə, onları bu sahədə çox ciddi qərarlar qəbul etməyə istiqamətləndirməyə səslədi. Prezident İlham Əliyev media subyektlərinin diqqətini bu məsələnin ciddiyyətinə yönəltməklə yanaşı, beynəlxalq səviyyədə mübarizə mexanizmi işlənib hazırlanması təşəbbüsü ilə də çıxış etdi, bunun, heç bir halda söz azadlığının məhdudlaşdırılması kimi qəbul olunmayacağına əminliyini bildirdi. Prezidentin beynəlxalq səviyyədə, BMT səviyyəsində, yaxud da “Böyük 20”lik tərəfindən buna son qoyulması ilə bağlı təşəbbüslər irəli sürülməsi ilə bağlı çağırış etməsi isə günün tələbindən irəli gələn zəruri çağırış idi.                  

                                                            

2-ci Şuşa Qlobal Media Forumunda iqlim dəyişikliyinin də müzakirə mövzusu olmasına əsaslanaraq deyə bilərik ki, bu forumu təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycanda reallaşacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) əsas hazırlıq mərhələsi də hesab etmək olar. Belə ki, forum zamanı dünya ictimaiyyəti və mediasının əsas təmsilçiləri COP29-da Azərbaycanın prioritetləri barədə bu tarixi hadisəyə ev sahibliyi edəcək ölkənin prezidenti tərəfindən şəxsən məlumatlandırıldı. O da qeyd edildi ki, ölkəmiz COP29 tədbirlərinə hazırlaşdığı bir zamanda yenidən informasiya manipulyasiyaları ilə üzləşir. Bütün bunlara əsasən qeyd etmək olar ki, növbəti Şuşa Qlobal Media Forumu eyni zamanda Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı ölkəmizi gözləyən çox ciddi dezinformasiya hücumlarını zərərsizləşdirmək kimi daha böyük siyasi məqsədlərə hədəflənmişdi. Xatırladaq ki, sonrakı proseslər də bunu bir daha təsdiq etdi. Növbəti dezinformasiyalar ilə bağlı siyasi proqnozların özünü doğrultması bəhs etdiyimiz beynəlxalq media forumunun necə qlobal və aktual mövzuya həsr olunduğunu bir daha təsdiq etdi. COP29 ilə bağlı aparılan güclü deizinformasiya kampaniyası əleyhinə görülən tədbirlər, Azərbaycanın COP29 sammitində informasiya açıqlığını və şəffaflığını tam təmin etməsi nəticəsində COP29 möhtəşəm uğurla yekunlaşdı, COP29 sammiti üzrə informasiyalar qlobal xəbər gündəmində trendə çevrildi.    

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu informasiya müharibəsinin və dezinformasiya hərəkatının əsas məqamlarının təhlil və şərh edilməsi, dezinformasiya ilə birgə mübarizə üsullarının, əsas hədəflərin və baçlıca vəzifələrin müəyyənləşdirilməsi baxımından beynəlxalq media tarixində mühüm hadisə idi. Çünki, yeni kommunikasiya texnologiyalarının sürətli inkişafı özü ilə bərabər dezinformasiya problemini də aktuallaşdırır. Bu da öz növbəsində dezinformasiya proseslərini siyasi-nəzəri və informasiya-kommunikasiya dəyərləndirilməsi baxımından mütəmadi şəkildə müşahidə və təhlil etmə zərurətini meydana çıxarır. Forumun panel sessiyasında və paralel müzakirələr zamanı da qlobal və aktual məsələlər – dezinformasiya anlayışının təhlili, yeni media müstəvisində dezinformasiya dinamikalarının, mənbələrinin və növlərinin araşdırılması, müasir informasiya platformaları üzrə dezinformasiyanın yayılma arealının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparıldı, media sahəsində mövcud innovativ texnologiyaların inkişaf perspektivlərinə müasir yeniliklər kontekstdə birgə nəzər salındı. Bu mənada heç də təsadufi deyil ki, Şuşa Qlobal Media Forumu unikal hadisə kimi qiymətləndirilir.         

                                     

Azərbaycanın informasiya sahəsində ciddi müsbət dəyişikliklərə nail olması bu forumda bir daha onun siyasi iradə və gücünü nümayiş etdirən faktor kimi təsdiqini tapdı. Başlıcası isə, bu uğurlar dövlətimizin siyasi iradəsinin və milli həmrəyliyin təcəssümü kimi diqqəti çəkdi. Forumda Azərbaycan dövlətinin informasiya siyasətinin uğurlu icrası istiqamətində milli jurnalistikanın üzərinə düşən vəzifələr də müəyyənləşdirdi. Növbəti forumda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun təmsilçilərinin iştirakı bir daha təsdiq edir ki, bu forum artıq beynəlxalq səviyyədə mühüm bir platforma kimi – birgə müzakirə və hərəkət platforması kimi qəbul olunur. Təsadüfi deyil ki, forumun gedişi, Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər, irəli sürdüyü təşəbbüslər, müzakirə mövzuları, forumun müəyyənləşdiriyi əsas hədəflər və vəzifələr dünya mediasının manşetində uzun müddət yer aldı. Bu faktın özü Azərbaycan reallıqları ilə birbaşa, ilkin mənbədən – şəxsən ölkə rəhbərinin özünün təqdimatı ilə tanış olmaq və olduğu kimi təqdim etmək baxımından forumun əsas məqsədə çatdığını, dezinformasiya ilə mübarizənin unikal nümunəsini göstərdiyini bir daha təsdiq edir.      

 

Forumdan sonra mətbuatımızın inkişafı, xüsusilə xaricidilli mətbuatımızın fəaliyyətinin operativləşməsi, beynəlxalq media qurumlarının ölkəmizə marağının artması müşahidə olunur. Bu mühüm tədbir mədəniyyət paytaxtımız Şuşanın qədim tarixinin və zəngin mədəniyyətinin dünya şöhrətli media nümayəndələri tərəfindən dünyaya tanıdılması baxımından da son dərəcə faydalı olmuşdur. Şübhəsiz ki, birgə məqsədyönlü fəaliyyət çağırışları ilə yadda qalan forum milli jurnalistikanın dünyaya inteqrasiyası, müasir dünya mediasının inkişaf hədəflərinin müəyyənləşdirilməsi baxımından bundan sonra da öz bəhrəsini verəcək. Milli mətbuatımız yeni zəfərlər ilə bağlı informasiya təminatçısı kimi 150 illik yubileyini layiqincə qeyd edəcək, dünya media arenasında peşəkarlığı, həqiqətpərəstliyi və operativliyi ilə seçiləcək.. Qarşıda isə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamında da qeyd olunduğu kimi başlıca hədəflər vardır: “Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır”.

Mehriban SULTAN,
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti,
filologiya üzrə fəlsəfə doktoru