Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiya keçirilib.
Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın moderatorluq etdiyi paneldə Baş Dövlət Yol Polisi İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Bakı Metropoliteni” QSC, həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndələri spiker qismində çıxış ediblər.
Panel sessiya zamanı nəqliyyat sektorunda davamlı inkişafa yönələn təşəbbüslərin ictimaiyyətə düzgün və effektiv şəkildə çatdırılması, media qurumları ilə aidiyyəti dövlət orqanları arasında informasiya mübadiləsinin gücləndirilməsi və ictimai kommunikasiyanın institusional əsaslarla inkişaf etdirilməsi müzakirə olunub.
Panel müzakirənin sonunda sual-cavab sessiyası keçirilib.
On il əvvəl cəmiyyətdə avtoxuliqanlıq qəhrəmanlıq kimi görünürdüsə, medianın gücü ilə artıq bunun tam əksi baş verir
Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev çıxışında qeyd edib ki, Azərbaycan həm MDB, həm də türk dövlətləri arasında yol qəzalarında ölüm və xəsarət hallarının ən az olduğu ikinci ölkədir. Azərbaycanda yol hərəkəti təhlükəsizliyi istiqamətində qabaqcıl və ardıcıl işlər görülməkdədir: “Artıq cəmiyyətdə yol mədəniyyətinin formalaşdığını rahatlıqla deyə bilərik".
Şöbə rəisi DYP ilə medianın bu istiqamətdə birgə fəaliyyətinə toxunub: “Media bu istiqamətdə bizə çox böyük dəstək nümayiş etdirir. Ən adi nümunə çəkim, on il əvvəl cəmiyyətdə avtoxuliqanlıq qəhrəmanlıq kimi görünürdüsə, medianın gücü ilə artıq bunun tam əksi baş verir”.
Rövşən Tağıyev panelin sual-cavab hissəsində deyib ki, Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır. Mübarizə hallarına baxmayaraq, yenə də qanunsuz taksi fəaliyyəti var: “Yol polisi bir nöqtəyə daimi təhkim oluna bilməz, bu, aydındır. Buna görə də polis heyəti ərazidən uzaqlaşan zaman yenidən qanunsuz taksi fəaliyyəti hallarına rast gəlinir. Biz bu istiqamətdə mütəmadi olaraq mübarizə tədbirləri həyata keçiririk və bu proses davam etdiriləcək”.
2030-cu ilə qədər 20-dən çox yeni təyyarənin AZAL donanmasına əlavə olunması nəzərdə tutulur
Nəqliyyat sahəsində təhlükəsizlik və xidmət keyfiyyətinin artırılması yalnız yerüstü deyil, hava nəqliyyatında da diqqət mərkəzindədir. Bu istiqamətdə görülən işlər barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov məlumat verib. O, çıxışında bildirib ki, 2050-ci ilə qədər beynəlxalq aviasiya sahəsində “net zero” (xalis sıfır emissiya) hədəfinə nail olmaq planlaşdırılıb və AZAL da bu istiqamətdə öhdəliklər götürüb. Şirkətin donanmasının yenilənməsi prosesi artıq başlanılıb. Bu çərçivədə 2030-cu ilə qədər 20-dən çox yeni təyyarənin AZAL donanmasına əlavə olunması nəzərdə tutulur.
Fərid Hüseynov, həmçinin gecikən aviareyslər barədə ictimaiyyətin vaxtında məlumatlandırılması istiqamətində də fəal iş aparıldığını vurğulayıb.
O diqqətə çatdırıb ki, hava nəqliyyatı ölkə vətəndaşlarını ən çox maraqlandıran sahələrdən biridir. Bu baxımdan, AZAL-da xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə son illər ərzində əməliyyat və sərnişin dövriyyəsi sahələrində mühüm irəliləyişlər əldə olunub.
Medianın ciddi dəstəyinə ehtiyacımız var
Şəhər nəqliyyatının digər mühüm seqmentlərindən biri olan metro sahəsində də kommunikasiya və ictimai əlaqələrə xüsusi diqqət yetirilir. Bu barədə “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib. O, bildirib ki, Bakı Metropolitenində 1980-ci ildən bəri arzulanan bir işin, yəni "qırmızı" və "yaşıl" xətlərin ayrılmasının həyata keçirilməsi üçün 11 ay çox da böyük müddət deyil. Bu səbəbdən qarşıdakı dövrdə medianın ciddi dəstəyinə ehtiyacları var: “Bu ilin sonunda “Dərnəgül” istiqamətində “28 May” - “Nizami” və “Nizami" - “28 May” xəttinin bağlanması əvvəlcə cəmiyyət arasında xeyli müzakirələrə səbəb oldu. Çünki “28 May” stansiyası bağlanır" başlığı altında xəbərlər yayıldı. Bu kimi hallarda, şübhəsiz, medianın işi, informasiyanın doğru çatdırılması məsələsi vacibdir”.
Bəxtiyar Məmmədov, həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə gələcək dövrdə bu istiqamətdə birgə fəaliyyətə də diqqət çəkib: “Məhz həmin dövrdə AYNA ilə vahid komanda, inteqrasiya olunmuş nəqliyyat anlayışını icra edəcəyik”.
Belə halları sosial mediada görən kimi dərhal araşdırmalar aparırıq
Şəhərdaxili nəqliyyatın effektivliyi və sərnişin məmnuniyyəti baxımından yerüstü nəqliyyat sahəsində də vacib addımlar atılır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov məlumat verib. O, qeyd edib ki, hazırda Azərbaycanda 27 min sürücü taksi fəaliyyətinə icazə verən buraxılış kartını alıb. Ötən il isə bu rəqəm 67 minə bərabər idi.
Vəli Məmmədov panelin sual-cavab hissəsində bilıdirib ki, sosial mediada bəzi marşrut avtobusları sürücülərinin kobudluğuna dair yayılan faktlar dərhal araşdırılır. O, marşrut avtobusları sürücülərinin sərnişinlərə qarşı kobudluqlarının yolverilməz olduğunu bildirib: “Biz belə halları sosial mediada görən kimi dərhal araşdırmalar aparırıq. Yaxşı olar ki, problemlə qarşılaşan sərnişinlər özləri də bizi məlumatlandırsın”.
Hamı deyir müştəri avtomobilini harada saxlasın?
AYNA rəsmisi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin obyektlərin qarşısında avtomobil saxlamağa icazə verilməməsinə münasibət bildirib. O deyib ki, bu gün avtobus zolağı daha prioritetdir: “Bir çox ərazidə parklanma yerləri yaradılıb. Xaqani bağının ətrafında, yollarda biz avtomobillərin girişini bağlayanda düşünürdülər ki, obyektlər ziyan görəcək. Amma piyadalaşma artdı deyə, həmin obyektlərdə canlanma baş verdi. Bir çox küçədə parklanma yoxdur, amma o küçələrdə kifayət qədər obyekt var, amma onların heç biri bağlanmır. Hamı deyir müştəri avtomobilini harada saxlasın? Amma biz görürük ki, piyadalaşma hesabına o obyektlər daha çox xeyir verir. Şərifzadə küçəsində olan obyektlərin qarşısındakı parklanma yeri faktiki olaraq oranın müştərilərinə bəs etməyəcək”.
Nigar Orucova, “İki sahil”