Şeytana papış tikənlər haqq qarşısında çarəsiz qalıblar
Suda batanın vəziyyətinə düşmüş Ermənistan rəhbərliyi beş ildir ki, dörd bir yana vurnuxaraq çıxış yolu axtarır. Amma hər yerdə əlinə “saman çöpü” gəlir.
Rusiyadan əli üzülmüş Ermənistan xeyli müddətdir ki, hansısa beynəlxalq dəstəkdən yapışmağa çalışır. Ona şirin vədlər verənlər də var. Ona görə də sülh sazişini bir yana atıb həllini tapmış Qarabağ məsələsini beynəlxalq platformaya daşımağa cəhd edir.
Baş nazir Nikol Paşinyan bununla erməni lobbisinin və bəzi dövlətlərin gücündən istifadə etmək istəyir.
Məqsəd isə Azərbaycana təzyiq etməkdir. Azərbaycan sülh danışıqları üçün ikitərəfli görüşlər təklif etdikcə, Nikol Paşinyan bölgəyə Avropa Birliyinin müşahidəçi missiyası adı altında hərbi mütəxəssisləri gətirir, vəziyyəti öz orbitindən çıxarırdı. Vaxtaşırı olaraq, fərqli sammitlərdə Almaniya, Fransa, Avropa Birliyi, AŞPA, ABŞ proseslərdə daha çox Ermənistanın tərəfində oldular.
Nostalji tərəfkeşlikdən yararlanan Ermənistan yenidən ondan istifadə etməyə çalışır. Həmin sırada olan ABŞ, Almaniya və Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən daha çox Ermənistanı dəstəkləmiş ölkələrdir. Rusiya ilə son vaxtlardakı gərginliyi kənara qoysaq, terrorçu dövlətə onun da dəstək verdiyini deyə bilərik.
Sülh sazişini imzalamaqdan müxtəlif bəhanələrlə yayınan məğlub Ermənistan nəyə güvənir? Niyə qalib Azərbaycanın qətiyyətlə tələb etdiyi Minsk qrupunun buraxılmasını əngəlləməklə danışıqları pozur? Bununla nəyə nail olacağını düşünür?
Ermənilər bilir ki, ATƏT-in Minsk Qrupunun əsas məqsədlərindən biri də Qarabağda yaşayan ermənilərin gorbagor olmuş statusu məsələsi idi. Baş nazir Nikol Paşinyan Minsk qrupunu “gordan” çıxarmaqla yenidən Xankəndi və ətraf ərazilərlə bağlı hansısa bir məqamı gündəmə gətirməyə çalışa bilər. Burada həm beynəlxalq dəstək almaq, həm də status məsələsinin mümkünsüzlüyünü gündəmə gətirmək üçün ATƏT-in Minsk qrupunun saxlanması Ermənistanın işinə yarayır. Qısaca desək, hər şeyin bitdiyi bir şəraitdə Minsk qrupu yeni mübahisə yaratmaq alətidir. Onsuz da Cənubi Qafqazda yerləşmək üçün göydə bəhanə axtaran Avropa üçün bu imkan yerdə əlinə düşür. Daha radikal siyasət yeridən Fransa isə Ermənistana zirehli maşınlar, silah-sursat verir, humanitar yardımlar göndərir, prezident Emmanuel Makron daim onun yanında olacaqlarını deyir.
Aydın məsələdir ki, sülh müqaviləsindən sonra belə qurumun varlığı Ermənistana lazım olmayacaq. Bunu yaxşı bilən avantürist ermənilər qrupun ləğvinə qarşı çıxırlar. Açıq görünür ki, hər vaxt illüziyalara uyan qondarma dövlətin başbilənləri lənətə gəlmiş “Miatsum” yuxusundan hələ də ayılmayıblar. Əslində, Ermənistanın “qoltuğunun altına qarpız” verən Minsk qrupu münaqişəni uzatmaqla Azərbaycanla ikinci müharibəyə bais oldular. Odur ki, qrupun həmsədrlərinin əlləri İkinci Qarabağ müharibəsində ölən və yaralanan ermənilərin də qanına batıb. Yəni ermənilərin faciəsinin əsas günahkarlarından biri də həmin bu bədnam qurumdur. Görəsən, erməni cəmiyyətinin və ideoloqlarının bunu dərk etməyə ağılları çatırmı? Belə görünür ki, yox. Çatsaydı onlara sığıncaq vermiş qonşu ölkəyə təcavüzə qarşı çıxar, ona düzgün yol göstərər, müharibənin qarşısını alar, indi də dizlərinə-başlarına döyməzdilər..
Azərbaycan tərəfi isə hansısa bir şəkildə yoluna maneə kimi çıxa biləcək faktorlardan qurtulmağa çalışır. Ölkəmiz uzun illər ATƏT-in Minsk qrupunun “fəaliyyətini” yaddan çıxarmayıb. Bu, həmin qrupdur ki, iyirmi altı il müddətində hər iki ölkənin başını bölgəyə nəticəsiz və tamamilə mənasız səfərləri ilə qatırdı. Azərbaycan xalqı həmsədrlərin səfərlərini lağ mövzusuna çevirmişdi.
Minsk qrupunun həmsədrlərinin özləri də başa düşürdülər ki, bu qurum daha heç nəyə yaramır. Odur ki, 2022-ci il aprelin 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ləğv edildiyini demişdi. 2024-cü il fevralın 18-də Azərbaycan Prezidenti İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti Helqa-Mariya Şmidlə görüşündə bildirib ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtı çoxdan yetişib. Əvvəllər qurumun ləğv edilməsinə razılığını bildirən Nikol Paşinyan sonradan kiminsə diktəsi ilə fikrindən daşındı. Həmişə siyasətində və fikirlərində yarımçıq olan baş nazir bu məsələdə də yarımçıq mövqedə batıb qalmaqdadır.
Ancaq Azərbaycan hakimiyyəti düzgün olaraq hesab edir ki, “missiyasını bitirmiş” ATƏT-in Minsk qrupunu ləğv etmək ən doğru versiyadır. Ermənistandan fərqli olaraq Azərbaycan rəhbərliyi irəli sürdüyü fikirlərin həyata keçirilməsi üçün vaxtında lazımi addımlar atır. Artıq həmsədr ölkələr öz aralarında olan münaqişələri belə, həll edə bilmirlər. Rusiya-Fransa, ABŞ-Fransa narazılıqları getdikcə qarşıdurmaya çevrilməkdədir. Burada “Keçəl dərman bilsə, öz başına sürtər” məsəli yada düşür. Yəni öz aralarında davam edən münaqişələri həll edə bilməyənlər başqasının münaqişəsinin həll olunmasına necə münsiflik edə bilərlər?
Vəli İlyasov, “İki sahil”