03 may 2025 09:42
197

Ermənistanın və ermənilərin bəlası – Paşinyanın yalanları

Baş nazir hər ay ölkə iqtisadiyyatının inkişaf etdiyini desə də, bu ölkənin dövlət borcu ötən ilin sonuna olan göstərici ilə müqayisədə 5,8 faiz artaraq, 13,581 milyard ABŞ dollarına çatıb

Ermənistanın və ermənilərin başbiləni hökumət başçısı Nikol Paşinyan yalanları ilə ad çıxarıb. Elə bütün bəlalar da bundan doğur. Rəsmi məlumatlara görə, ölkənin dövlət borcu bu ilin aprel ayının əvvəlinə 5,32 trilyon dram təşkil edib. Bu barədə maliyyə naziri Vahe Hovanisyan ötən gün keçirilən mətbuat konfransında bildirib. Məlumata görə, bu rəqəm 2024-cü ilin sonuna olan göstərici ilə müqayisədə 4,4 faiz çoxdur. Dollar ifadəsində borc 5,8 faiz artaraq, 13,581 milyard ABŞ dollarına çatıb.

Hər ötən il dövlət borcunun şişməsi bir daha erməni iqtisadiyyatının tənəzzülünə işarə edir. Buna baxmayaraq, Paşinyan hökuməti hər ay ölkə iqtisadiyyatının inkişaf etdiyini, vergi yığımlarının artdığını bildirir. Erməni mətbuatında yayılan xəbərlər isə əslində, belə olmadığını, məlumatların təhrif edildiyini, rəqəmlərin süni şəkildə şişirdildiyini üzə çıxarır. Ermənistan parlamentinin tribunasından çıxış edən Nikol Paşinyan qışqıraraq bəyan edir ki, onların hakimiyyətə gəlməsindən sonra dövlət büdcəsinin gəlirləri misli görünməmiş dərəcədə artıb. “İnqilabdan sonrakı 7 il ərzində Ermənistan Respublikasının dövlət büdcəsinə əlavə 4,2 milyard dollar daxil olub. Bu rəqəmə təbii ki, dövlət borcuna daxil deyil, dövlət borcu dövlət büdcəsinin gəliri kimi qeyd olunmur. Bu rəqəmə həmçinin 2020-ci ildə “Hayastan” Ümumerməni Fondunun dövlət büdcəsinə köçürdüyü vəsaitlər də daxil deyil. Yəni söhbət büdcəyə daxil olan saf, “inqilabi” gəlirdən gedir”, - deyə Paşinyan iddia edib və beləliklə, sanki öz hökumətinin büdcə gəlirlərini artırmaqda fövqəladə uğur əldə etdiyini göstərməyə çalışıb. Əslində isə, keçmiş dövrlərdə büdcə gəlirlərində daha böyük artım olmuşdu və Paşinyanın “uğur” kimi təqdim etdiyi artım o qədər də nadir hal deyil. Bununla belə, məsələ yalnız bu deyil. Paşinyan “təvazökarlıqla” 4,2 milyard dollar əlavə büdcə gəlirindən danışır, halbuki real rəqəmlər bundan xeyli çoxdur. Ermənistan büdcəsinə yalnız vergi və rüsum şəklində 4,2 milyard dollar daxil olmayıb, son 7 ildə “inqilabçı hökumət”, eyni zamanda, 6,9 milyard dollarlıq kredit və digər borc da toplayıb. Bu isə o deməkdir ki, Paşinyanın hakimiyyəti dövründə onların sərəncamında ümumilikdə 11 milyard dollardan artıq əlavə vəsait olub. Bu, Ermənistan kimi kiçik ölkə üçün fantastik bir məbləğdir. Bəs bu 11 milyard dollar hara gedib? Hansı sahəyə yönəldilib? Ermənilərin sosial rifahı baxımından hansı nəticələr əldə olunub? Ədalətli cavab budur: Heç bir nəticə yoxdur!

Bu illər ərzində Ermənistanda heç bir iri iqtisadi və ya infrastruktur layihəsi həyata keçirilməyib. Başlanan azsaylı layihələr də yarımçıq qalıb, nəticəsi görünməyib. Əhalinin kasıb təbəqəsi olduğu kimi yerində qalıb, hətta inflyasiya və aşağı gəlirlər səbəbindən daha ağır duruma düşüb. İnflyasiya səviyyəsi ermənilərin gəlirlərinin artımını xeyli üstələyib. Aşkar olan budur: Ermənistan vətəndaşları bu gün 7 il əvvəldən daha ağır yaşayır. Hətta kəskin yoxsulluğun səviyyəsini də azaltmaq mümkün olmayıb. Bütün bunlar baş versə də, digər tərəfdən, hakimiyyətə gələn “gənc inqilabçılar” misli görünməmiş sürətlə zənginləşiblər. Onlar yüksək maaşlar, müxtəlif sərfəli dövlət proqramları (xüsusən də dövlət dəstəyi ilə mənzil alma proqramları) vasitəsilə rifahlarını artırıblar. Sadəcə, dövlət ipoteka proqramına 7 ildə təxminən 680 milyon dollar xərclənib. Bu məbləğ, Ermənistanın 500 minə yaxın təqaüdçüsünün təqaüdlərinin artırılması üçün son 7 ildə ayrılan 580-590 milyon dollardan daha çoxdur.

Başqa sözlə, Paşinyan sosial ehtiyaclıların rifahının yaxşılaşdırılmasından daha çox, yüksək gəlirli təbəqənin və məmurların mənzil problemini həll etməyə vəsait ayırmağa üstünlük verib. Üstəlik, Ermənistanda “iqtisadi layihə” adı altında göstərilən proqramların heç bir real nəticəsi olmayıb. Nəticə də budur ki, iqtisadiyyatın potensialı artmayıb, sənaye və kənd təsərrüfatında istehsal azalıb, yeni istehsal müəssisələri açılmayıb, yeni məhsullar bazara çıxmayıb, iqtisadiyyatın komplekslik indeksi dəyişməyib. Başqa sözlə, Ermənistanın dövlət büdcəsinə daxil olan əlavə milyardlar tamamilə mənasız xərclənib və iqtisadiyyat üçün real aktivlərə çevrilməyib. Ermənistanın gələcəkdə bu borcları necə qaytaracağı isə böyük sual altındadır.

Sevinc Azadi, “İki sahil”