03 may 2025 11:31
133

Rumıniya ABŞ ilə vizasız rejimin bərpasına nail olmağı planlaşdırır

Rumıniya ABŞ ilə Vizadan İmtina Proqramının (Visa Waiver Program, VWP) bərpasına nail olmaq niyyətindədir.

“İki sahil” Rumıniya mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Rumıniya ilə ABŞ arasında olan vizasız rejim ləğv edilib

Məlumata görə, ölkədə prezident seçkilərindən sonra Vaşinqton administrasiyasına bununla bağlı müraciət ediləcək.

Qeyd olunub ki, Rumıniya hökuməti ABŞ ilə sərhədlərdə təhlükəsizliyin gücləndirilməsi üçün amerikalı tərəfdaşlarla birgə işləməyə hazırdır.

"4 və 18 may seçkilərindən sonra Rumıniyanın yeni prezidentinin seçilməsi “Visa Waiver” proqramına qəbulun bərpası ilə bağlı amerikalı tərəfdaşlara müraciət etmək baxımından ölkəmiz üçün ən vacib məqam ola bilər", - hökumətin məlumatında bildirilib.

Məlumata görə, Rumıniya vizasız rejim proqramına qoşulmaq üçün bütün texniki şərtləri yerinə yetirib, buna görə də hökumət Buxarestin təkrar müraciətinə mümkün qədər tez baxılmasını istəyir.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və Dövlət Departamentinin birgə həyata keçirdiyi vizasız rejim proqramına əsasən, iştirakçı ölkələrin vətəndaşları həm işgüzar, həm də turizm məqsədilə ABŞ-yə 90 gündən çox olmayan müddətə səfər edə bilərlər.