02 may 2025 15:59
491

ZƏRIFƏ ƏLIYEVA: SİLAHDAŞ, BÖYÜK ŞƏXSİYYƏT, GÖRKƏMLİ ALİM

Azərbaycan qədim tarixi, mədəniyyəti, milli adət-ənənələri, milli mentaliteti, tolerantlığı və multikulturallığı özündə birləşdirən unikal bir dövlətdir. Yaddaşımızı neçə əsr əvvəllərə kökləsək görərik ki, Azərbaycan Müsəlman Şərqinin ən böyük dövlətlərindən biri olmuşdur.

Azərbaycan dövlətinin bütün dövrlərində azadlığı, istiqlaliyyəti uğrunda, tarixi, mədəniyyəti, nümunəvi ailənin yaranması və ənənələrinin qorunub saxlanılması işində neçə-neçə alimlərimizin, şairlərimizin, mədəniyyət xadimlərimizin həyatında məhz qadınlarımızın çox böyük rolu olmuşdur. Öz həyat yoldaşları ilə birlikdə vuruşan, qəhrəmanlıqlar göstərmiş Azərbaycan qadını həm də ailəsinə, yoldaşına və övladlarına da bərabər şəkildə diqqət ayırmışdır. Ümumiyyətlə, dövlət, xalq, millilik, xalqına, torpağına, elinə-obasına bağlılıq məhz ailədən başlayaraq, cəmiyyətə ötürülür. Ailənin tənzimlənməsi, mükəmməl ailə dəyərlərini özündə birləşdirir. Belə ki, ata-ana, valideyn-övlad münasibətləri, onların qarşılıqlı anlayış formaları, cəmiyyətdə özünü necə aparmalı və nümunəvi ailə modeli kimi çox böyük əhəmiyyət kəsb edir. Belə ki, ailə tərbiyənin, bütövlüyün, adət-ənənələrin, böyük-kiçik anlamının, övlad-valideyn münasibətlərinin başlanğıcıdır. Bu sadaladığımız xüsusiyyətlər dolğunlaşaraq, mükəmməl şəkildə cəmiyyətdə necə formalaşmağa, öz vətəninə necə bir şəxsiyyət olmasına bilavasitə qapı açır.

Məhz belə ailə düzənində xalqı layiqincə təmsil edən, savadlı, mükəmməl biliyə malik olan şəxsiyyətlər yetişir. Bu yazıda biz Azərbaycan ailəsi, Azərbaycan qadını, anası, həyat yoldaşı, ailədə həm silahdaş, həm ana, həm də hansısa sahədə yetişmış şəxsiyyətdən söhbət açırıq.

Tarixdə elə şəxsiyyətlər var ki, onlar daima yada salınır, onların keçdiyi həyat yolu, elm, təhsil, yaradıcılıqları ilə nümunə olmuşdurlar. Akademik, Zərifə Əziz qızı Əliyeva da məhz sadaladığımız bütün keyfiyyətləri öz şəxsində birləşdirən böyük Azərbaycanlıdır. Şəxsiyyət sözü çox böyük məfhumdur. Akademik  Zərifə Əliyeva həyatını Azərbaycan dövlətinə, xalqına, ailəsinə, elminə, tarixinə bəxş etdiyi ən zəngin xüsusiyyətləri özündə birləşdirən unikal şəxsiyyətidir. Onu malik olduğu keyfiyyətlərin miqyasına görə XX əsrin Azərbaycan xalqının ailə dəyərlərinə, elminə bəxş etdiyi ən dəyərli siması adlandırmaq olar. Çox təəssüflə deməliyik ki, Zərifə Əliyeva sovet dövründə yaşamışdır. Məhz həmin dövr üçün O, Azərbaycan dövləti və səhiyyəsi üçün çox böyük işlər görmüşdür. Zərifə Əliyeva tarixdə və Azərbaycan tarixində iz qoymuş 3 nəhəng şəxsiyyətin həyatında yer almış  böyük şəxsiyyətdir.

Zərifə Əliyevanın atası Əziz Məmməd Kərim oğlu Əliyev: Tibb elmləri doktoru, professor, Azərbaycanın elm və dövlət, hərbi və ictimai-siyasi həyatında yer tutan, dövlətinə, xalqına çox böyük töhfələr vermiş dəyərli, görkəmli xadim, şəxsiyyətdir. Məhz, Zərifə xanım bu görkəmli ailənin güzgüsüdür. Zərifə Əliyevanın elmə, təhsilə marağı onun boya-başa çatdığı ailəsinin düzənindən, ailədə hamının oxumasından irəli gəlirdi.

Həyat yoldaşı,  silahdaşı, Azərbaycan dövlətinin qurucusu, müstəqilliyini, suverenliyini bərpa etmiş Prezident  Ulu Öndər Heydər Əlirza oglu Əliyev.

Övladları Sevil Heydər qızı Əliyeva və Bütöv, yaxın 2 əsrdə həllini gözləyən Qarabağ problemini, ərazilərimizin bütövlüyünü, müstəqilliyini, suverenliyini rəsmən təsdiq etmiş dünyaşöhrətli, uzaqgörən siyasətçi, Azərbaycan Respublikasının Prezidenti, İlham Heydər oğlu Əliyev.

Ulu Öndər Heydər Əliyev dünyada və Azərbaycanda adını əsl Azərbaycan vətəndaşı, yüksək idarəçilik qabiliyyətinə malik, dünyaşöhrətli ictimai-siyasi xadim kimi tarixdə iz qoyan dahi şəxsiyyətdir. Zərifə xanım Heydər Əliyevin həyat yoldaşı olmaqla yanaşı həm də güclü ailə silahdaşı, ləyaqətli, gözəl, nəcib azərbaycanlı anasına, qızına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirən və dövlətinə, xalqına xidmət edəcək layiqli övladlar tərbiyə edib boya-başa çatdıran şəxsiyyətdir. Zərifə Əliyeva dövlət rəhbərinin, Heydər Əliyevin həyat yoldaşı olmasına baxmayaraq, həm ailəni, həm övladlarının təhsili, tərbiyəsi ilə məşğul olmuş, ailədə idarəciliyi yüksək səriştə ilə həyata keçirmiş, eyni zamanda öz həkimlik sənəti ilə də bütün ömrü boyu xalqına yorulmadan xidmət etmişdir. O, həmişə həyat yoldaşı ilə bərabər, çiyin-çiyinə xalqın içərisində olmuş, insanların, əsasən də bölgələrdə yaşayan insanların qayğılarını diqqət mərkəzində saxlamış və çalışmışdı. Zərifə xanım çox sadə, öz xanımlığı ilə xalq içərisində çox böyük hörmət qazanan layiqli Azərbaycan qadını olmuşdur.

Və nəhayət, Zərifə Əliyeva  xalqının gələcəyi üçün gərəkli, savadlı, tərbiyənin ən yüksək göstərəcilərini özündə birləşdirən Sevil Əliyeva və İlham Əliyev kimi yüksək dövlətçilik, idarəçilik qabiliyyətlərinə malik, Qalib Azərbaycanı dünyada tanıdan  görkəmli ictimai-siyasi dövlət xadimi, xalqın ənənələrinə sadiq olan övlad anası idi.

Bu üç tanınmış şəxsiyyətin ailəsində yaşayan  Zərifə Əziz qızı Əliyeva Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. Sonra oftalmologiya ixtisası üzrə kurs keçərək diqqətini göz xəstəliklərinin yaranması problemlərinin xırdalıqlarına kimi öyrənmiş, tibb elmləri namizədi, doktorluq pilləsini müvəffəqiyyətlə başa vurmuşdur. Bildiyimiz kimi, onun yaşayıb fəaliyyət göstərdiyi illərdə Azərbaycanda sənaye müəssisələri, zavod və fabriklər çoxluq təşkil edirdi. Məhz bu müəssisələrin bəzilərində iş şəraiti, xüsusuilə, zəhərli maddələrlə iş prosesləri mövcud idi. Zərifə Əliyeva burada olan maddələrin, tullantıların insan səhhətinə, gözlərinə edəcəyi mənfi təsirlərdən çıxış edərək həll yollarını axtarmağa çalışırdı. Məhz bu məqsədlə gözdə traxomanın yaranması, habelə yayılması, onların öyrənilməsi, müalicəsinin mümkünlüyü üzərində tədqiqatlar aparmışdır və çoxlu sayda sanballı tibbi əsərlər, monoqrafiyalar, elmi işlərin müəllifi olmuşdur. Zərifə Əliyevanın fəaliyyətinə, ixtira və əsərlərinə Azərbaycanlı həkimlər, tələbələrlə yanaşı tanınmış xarici mütəxəssislər də müraciət edib bəhrələnmişlər və bu gün də davam edirlər. Bu sadaladıqlarımız həm Azərbaycan dövlətinin nailiyyəti, elminin yüksək inkişafı və Zərifə Əliyeva kimi görkəmli oftalmoloqun xidmətlərinin gərəkli olmasından, xaricdə də tanınmasından xəbər verir.  Akademikin cox sayda tələbələri bu gün onun qoyub getdiyi sanballı əsərlər, nəzəriyyələr və praktikasından göz xəstəliklərinin müalicəsində geniş istifadə edirlər. Onun tibb elmi, əsasən də oftalmologiya sahəsində qoyub getdiyi elmi irs bu gün də cox lazımlı və aktuallığını qoruyub saxlayır.

Fikirlərimi ümumiləşdirərək deyə bilərəm ki, əsrlərlə Azərbaycan tarixində, ictimai-siyasi, idarəçilik, xeyriyyəçilik, elmi, mədəni və nəhayət tibb sahəsində  görkəmli qadın xadimlərinin xalqı, dövləti qarşısında böyük xidmətləri olmuşdur. Zərifə Əliyeva bütün ideallara layiq və bu statusu təsdiq edən qadındır.  Qeyd edək ki, Sara Xatun, Həcərlər, Nigarlar yetişdirən Azərbaycan xalqının tarixində ardıcıllığı nəzərə alsaq, Zərifə Əziz qızı Əliyeva dövlətimizin, xalqımızın XX əsrin qadını, anası,  bütün yüksək keyfiyyətləri özündə birləşdirən azərbaycanlı Kamil  ANA SİMAsı adlanır.  

Xanımağa İsmayılova,
AMEA, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi,
YAP Yasamal rayon təşkilatının fəalı