Azərbaycan-İran münasibətləri çoxşaxəli olmaqla, tarixi, siyasi, mədəni və iqtisadi baxımdan olduqca mürəkkəb proseslərdən keçib. Bu münasibətlərin formalaşması və inkişafında həm regional, həm də qlobal faktorlar mühüm rol oynayıb.
Regionda sülhün və təhlükəsizliyin təmin olunması strateji əhəmiyyət daşıyır. Bu baxımdan, səmərəli əməkdaşlıq mexanizmləri dayanıqlı sabitliyin təmin olunmasında mühüm rol oynayır. Dövlət başçılarının yüksək səviyyəli görüşləri isə bu məqsədlərə nail olmaq üçün effektiv dialoq platforması kimi çıxış edir. Prezident İlham Əliyev ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplərin üstün tutulduğunu qeyd edib.
Azərbaycan-İran münasibətlərinin formalaşma dinamikası düzətli olmasa da, yaxın qonşuluq, eyni coğrafiyanı bölüşmək və xalqlar arasındakı tarixi-dini bağlar iki ölkə arasında davamlı münasibətləri zəruri edib. Məhz, bunun nəticəsidir ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi daim artan xətt üzrə inkişaf edir.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Bu mexanizm çərçivəsində mütəmadi olaraq görüşlər, biznes forumlar və sərgilər təşkil olunur.
Hazırda Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçmiş, İranın ölkəmizə yatırdığı investisiyaların həcmi isə 3.4 milyard ABŞ dollarını keçmişdir. İki ölkə arasında investisiyaların təşviqi və qorunması, enerji, nəqliyyat, gömrük, turizm və digər sahələri əhatə edən təxminən 30 sənəd imzalanmışdır.
Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə Hindistandan Avropaya qədər yüklərin daşınması təmin olunur. Bu dəhlizin mühüm hissəsi olan “Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan)” dəmir yolu xəttinin tam istismara verilməsi prioritet məsələ kimi dəyərləndirilir.
Orta Dəhliz və nəqliyyat layihələri vasitəsilə İpək Yolu üzərində əməkdaşlıq, enerji mübadiləsi və texnoloji əməkdaşlıq, xüsusilə yaşıl enerji sahəsində, humanitar və mədəni dialoqların inkişafı kimi məsələlər Azərbaycan-İran ikitərəfli münasibətlərinin potensial istiqamətləri kimi dəyərləndirilə bilər. Ümumilikdə isə, Azərbaycan-İran münasibətləri mürəkkəb, lakin qarşılıqlı maraqlara əsaslanan bir balans tələb edir. Hər iki ölkə üçün dialoq, qarşılıqlı hörmət və real əməkdaşlıq formatı uzunmüddətli sabitliyin açarı ola bilər.
Ən mühüm əməkdaşlıq layihələrindən biri Azərbaycan-İran sərhədində yerləşən "Xudafərin" və "Qız Qalası" hidroelektrik kompleksləridir. 2024-cü ildə istifadəyə verilmiş bu obyektlər enerji təminatı və kənd təsərrüfatı sahəsində suvarma sistemlərinin inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyev açılış mərasimində İran-Azərbaycan münasibətlərinin sarsılmaz olduğunu bir daha bəyan edərək bildirmişdir ki: “İran-Azərbaycan birliyi və dostluğu sarsılmazdır. Heç kim bizim aramıza nifaq sala bilməz.”
Bütün bunlar bir daha sübut edir ki, sülhpərvər və beynəlxalq hüquqa hörmətlə yanaşan Azərbaycan Respublikası İran İslam Respublikası ilə heç bir məhdudiyyət olmadan, qarşılıqlı fayda və mehriban qonşuluq prinsipləri əsasında siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləşdirilməsində maraqlıdır.
Əminə Ağazadə,
Milli Məclisin deputatı