05 may 2025 22:44
104

Rusiyanın qeyri-dost addımının arxasında HANSI SƏBƏBLƏR DAYANIR? - ŞƏRH

Çox təəssüf ki, Rusiya tərəfi dost və strateji tərəfdaş kimi davranmaq, suallara cavab vermək, məsələni obyektiv araşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, hələ də qaranlıq oyunlarını davam etdirir...

Bu günlərdə Azərbaycan Respublikasının Milli Məslisinin deputatı Azər Badamovun Moskvada hava limanında saxlanılaraq Həştərxana rəsmi səfərə buraxılmaması ilə bağlı Rusiya Federasiyasının aidiyyətı qurumları tərəfindən hələ də izahat verilməməsi təəccüb, ciddi sual və dərin təəssüf doğurur.

Əvvəlcə məsələyə aydınlıq gətirək. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamov 2025-ci ilin 4 may tarixində Rusiya Federasiyasının Həştərxan vilayətində keçiriləcək tədbirdə iştirak etmək məqsədilə nümayəndə heyətinin tərkibində Rusiyaya səfər edib. Ancaq Moskvada hava limanında ona Həştərxan reysinə minməyə icazə verilməyib və ölkəyə girişinə qadağa qoyulub. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb. Təccüblü olduğu qədər müəmmalı olan isə odur ki, Milli Məclisin deputatına məsələ ilə bağlı əvvəlcədən xəbər verilməyib.

Bu yerdə belə sual ortaya çıxır: Görəsən, Milli Məclisin üzvü, həm də Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü Azər Badamova qarşı bu cür qeyri-etik davranışın səbəbi nədir? Rusiya tərəfi əsl səbəbi göstərməsə də bəzi məsələlər artıq bizə aydındır. Məlum olduğu kimi, Azər Badamov bu ilin fevral ayında Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Nikolay Valuyevin Azərbaycan xalqını və dövlətimizi təhqir edən açıqlamalarına ciddi münasibət bildirmişdi. Ancaq A.Badamov N.Valuyevdən fərqli olaraq o zaman qeyri- etik ifadələrə yol verməmiş, ən əsası isə Rusiya Federasiyasını hədəf almamışdı. Həmin vaxt Milli Məslisin deputatı yazırdı: “Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir”. Yeri gəlmişkən, Azər Badamovun bu fikirləri o zaman çox haqlı olaaraq ictimaiyyətimiz tərəfindən təqdirlə qarşılanmışdı.

İş orasındadır ki, həmin vaxt Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Nikolay Valuyevin ölkəmizə girişinə qadağa qoymuşdu.  Ancaq Rusiya Xarici İşlər Nazirliyi Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulması barədə heç zaman açıqlama verməyib. Digər bir məsələ isə bundan ibarətdir ki, A.Badamov bir neçə gün bundan əvvəl Rusiya Federasıyasının Dağıstan Respublikasına səfər etmiş və heç bir çətinliklə üzləşməmişdi. Görəsən,  birdən-birə nə baş verdi ki, Azərbaycan parlamentinin üzvü, həm də Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyuldu?

Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məsələ ilə bağlı yerli mətbuatın  sualların cavablandırarkən bildirib ki, Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub: “Nümayəndə heyətinin Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb”.

A.Hacızadə, həmçinin qeyd edib ki, məsələ ilə əlaqədar, dərhal Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib: “Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik”.

Təbii ki, bütün bunlar eləcə də şimal qonşumuzdan gələn iyrənc sovet təbliğatı, ucuz şoular, həqarət və təhqirlər heç cür qəbul oluna bilməz. Açıq demək lazımdır ki, bir müddət əvvəl Rusiya ərazisində AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı kifayət qədər aydın mövqenin ortaya qoyulmaması, “Rus evi”nin Bakıda qanunsuz fəaliyyət göstərməsi ilə bağlı görülən tədbirlərdən sonra Azərbaycana qarşı kiberhücumlar edilməsi, eləcə də “Komsomolskaya pravda” kimi yandaş media vasitələrində ölkəmizə qarşı sifarişli, qərəzli məqalələr dərc edilməsi, məlum dairələrdə bəzi qərarların diskriminasiya və rasizmə əsaslanaraq qəbul edilməsi, bu ölkədə yaşayan azərbaycanlıları və Mərkəzi Asiyadan gələnləri “şobla-vobla” adlandıran N.Valuyev kimi şovinist rasistlərə “gözün üstə qaşın var” deyilməməsi  bir daha göstərir ki, Rusiyadakı bəzi qüvvələr iki ölkə rasındakı dostluq və strateji müttəfiqlik üzərində qurulan münasibətləri gərginləşdirmək üçün ən çirkin vasitələrə əl atırlar. Açıq deyək ki, həmin dairələr ilə işbirliyində olan bəzi simasızların, media orqanlarının dövlətimizin, xalqımızın ünvanına təhqir və həqarətlər yağdırması rəsmi Moskvaya heç də başucalığı gətirmir.  

Bir məsələni də xüsusi ilə diqqətə çatdırmaq istərdik ki, hətta AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya səmalarında vurulduqdan, onlarla sərnişin həlak olduqdan sonra belə Azərbaycan tərəfindən Rusiyanın ünvanına təhqir, hədə, səslənməmişdi. Sadəcə olaraq, o zaman insanlar çox haqlı şəkildə nə baş verdiyini sual edirdilər. Azərbaycan Prezidenti də mediaya müsahibə verərək bu işdə məsuliyyətin, ədalətli istintaqın, günahkarların cəzalandırılmasının və zərər çəkənlərə kompensasiya ödənilməsinin vacibliyini diqqətə çatdırmışdı. Bu günlərdə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qəbulu zamanı pravoslav icmasına Azərbaycanda göstərilən qayğıdan bəhs etməsi Kremldəki bəzi təxribatçı dairələrə tərs şillə effekti verdi. 

Nəhayət, çox təəssüf ki, Rusiya tərəfi dost və qonşu dövlət kimi davranmaq, suallara cavab vermək, məsələni obyektiv araşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, hələ də qaranlıq oyunlarını davam etdirir…

Zahid Rza, “İki sahil”