Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiyaya buraxılmamasının səbəbi açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS mənbələrə əsasən məlumat yayıb.
Mənbə bildirib ki, azərbaycanlı parlamentari 2025-ci il mayın 4-də Rusiya ərazisinə buraxılmayıb.
Qeyd olunur ki, Azər Badamovun “Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına daxil olma qaydası haqqında” Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq bu ölkəyə daxil olmasına icazə verilmir. Bunun əsas səbəbi Milli Məclisin deputatının guya dəfələrlə anti-Rusiya və rusofob bəyanatlar verməsidir.
"Məlum olduğu kimi, əvvəllər də bir sıra rusiyalı deputatlara qarşı Azərbaycana giriş qadağası qoyulub. Sonuncu belə hal Dövlət Dumasının deputatı Nikolay Valuyevlə bağlı olub”, - mənbə bildirib.
Moskvanın addımı heç bir məntiqə əsaslanmır. Rusiya A.Badamovun ölkə ərazisinə buraxılmamasını onun Valuyevlə bağlı fikirləri ilə əsaslandırır. Nəzərə almaq lazımdır ki, azərbaycanlı siyasətçi Rusiya dövlətini və ya hakimiyyətini deyil, sadəcə Valuyevin fəaliyyət və fikirlərini tənqid edib. Bu, təbii haldır və əslində normal qarşılanmalıdır. Həmçinin Azər Badamov Valuyevin Azərbaycan xalqı və hakimiyyətini təhqir edən fikirlərinə etik çərçivədə cavab verib. Belə olan halda Rusiya ya A.Badamovun Valuyevlə bağlı tənqidlərindən bəhanə kimi istifadə edir və əslində prvokativ addım atır, ya da dözümsüzlük nümayiş etdirir. Bunlardan heç biri strateji tərəfdaşlığa uyğun davranış deyil.
Rəsmi Bakı artıq məsələyə münasibət bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deputatın Rusiyaya buraxılmaması qeyri -dost addım kimi qiymətləndirilib: “Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib. Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyirik", - qurumun rəsmisi Ayxan Hacızadənin şərhində bildirilib.
Nəzərə almaq lazımdır ki, Rusiyada Azərbaycanla bağlı qeyri-obyektiv bəyanatlar səsləndirən Konstantin Zatulin kimi siyasətçilər heç də az deyil. Rəsmi Bakı Rusiyadan fərqli olaraq adekvat davranır və belə məsələlərin ikitətərfli münasibətlərə zərbə vurmasına şəraut yaratmır. Beləliklə, Rusiyanın sözügedən addımı Azərbaycanda haqlı suallar yaradır. Fikrimizcə, Rusiya bu sualların sayını artırmaq əvəzinə, onların aydınlaşdırılmasına çalışmalıdır. (Report)