06 may 2025 13:54
221

Mütəmadi olaraq gənclər arasında insan alveri ilə bağlı maarifləndirmə işi həyata keçiririk - Kənan Qubadzadə

Prezidentin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" hazırlanıb. Daxili İşlər Nazirliyi, beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.

Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə “İki sahil”ə açıqlamasında bildirdi ki,  dövlətimizin sosial siyasətinin prioritetlərindən biri kimi, ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək  layiqli vətəndaş kimi yetişmələri üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir istiqaməti də uşaq əməyinin istismarına qarşı mübarizəyə yönəlib. Ölkəmiz BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, «Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında» Ümumdünya Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulub. Milli qanunvericilik həmin sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar, həmçinin BƏT-in «İşə qəbul etmək üçün minimum yaş həddi haqqında», «Uşaq əməyinin  ən pis formalarının  qadağan edilməsinə və onların  aradan qaldırılması üçün təcili tədbirlərə dair» Konvensiyaları əsasında təkmilləşdirilib.

Kənan Qubadzadə qeyd etdi ki, Gənclər Mərkəzi İctimai Birliyi mütəmadi olaraq uşaq və gəncləri insan alveri ilə bağlı məlmutlandırma və maarifləndirmə aparır, insan alverinə qarşı mübarizə tədbirləri həyata keçirir: "Təşkilatımıza bu təbirlərin həyata keçirilməsində QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Daxili İşlər Nazirliyi dəstək verir. Ötən dövrlərdə təşkilatımız tərəfindən regionlarda  "Uşaq əməyinin istismarına qarşı" mübarizə tədbirləri həyata keçirib. Gənclər Mərkəzi İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT koalisiyasının üzvüdür. Koalissiyanın həyata keçirdiyi təlimlərdə seminarlarda yaxindan istirak edirik. Koalisiyanın dövlət qurumları ilə birlikdə təşkil etdiyi dinləmələrdə insan alverinə qarşı mübarizə ilə bağlı təşkilatımızında təklifləri olub."