08 may 2025 15:04
119

Azərbaycanla Vyetnam arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri ərəfəsində Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının «Vietnam News Agency» agentliyinə müsahibə verib.  Müsahibədə Azərbaycan və Vyetnam arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin vəziyyətinə mühüm yer ayırılıb. Dövlət başçısı müsahibəsində söyləyib ki, ölkəmiz ikitərəfli əlaqələri bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir: «Əvvəlcə qeyd etmək istərdim ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə  SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib».

Xatırladaq ki, Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfər etməsi, müharibədən sonra ölkənin bərpasında və quruculuq işlərində Vyetnam xalqına dəstək verməsi bu gün də Vyetnam xalqında minnətdarlıqla xatırlanır. Ötən əsrdə Azərbaycan vyetnamlı mütəxəssislərin yetişdirilməsində də xüsusi rol oynayıb. Bakıda təhsil alan 2 mindən çox vyetnamlı tələbə müxtəlif sahələrlə yanaşı, Azərbaycanın neft hasilatı və emalı üzrə zəngin təcrübəsini öyrənərək Vyetnamda neft sənayesinin formalaşdırılmasında tətbiq ediblər. Sadalananlar Azərbaycan ilə Vyetnam arasında böyük dostluq körpüsünün təməlinin qurulmasında əhəmiyyətli rol oynayıb.

Sözügedən müsahibədə iqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı bildirib ki, bu gün iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur. Xüsusilə ikitərəfli əlaqələr son illər daha da inkişaf etməkdədir. Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələr, demək olar, stabil xarakterə malikdir. Ümumiyyətlə, tərəflər arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2014-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açmış, əlaqələr bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 2015-ci ilin mayında Vyetnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır.

Hazırda Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq aktiv olaraq genişləndirilməkdədir. Həmçinin iki ölkə arasında qurulan parlamentlərarası əlaqələr dinamik şəkildə inkişaf etməkdədir. Bundan başqa hər iki ölkənin nazirlik və digər qurumları arasında birbaşa əlaqələr qurulmuşdur. Son illər ərzində Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq da yüksək səviyyədədir. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin qarşılıqlı səfərləri mütəmadi olaraq həyata keçirilir.

Azərbaycan və Vyetnam ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir. Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. “2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur”, - deyən dövlətimizin başçısı ölkələrimizin neft sahəsində də qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayıb.

Enerji sektoru Azərbaycan-Vyetnam əməkdaşlığının əsas dayaqlarından biri olaraq qalmaqdadır. Vyetnam uzun illərdir ki, Azərbaycan neftinin sabit alıcılarından biridir. Yalnız 2024-cü ildə Azərbaycandan 138,5 min ton xam neft və neft məhsulları ixrac olunub, bu isə 77,9 milyon ABŞ dolları dəyərindədir. Həmin il neft alışı baxımından Vyetnam alıcı ölkələr arasında 21-ci yeri tutub. SOCAR ilə Vyetnamın aparıcı enerji şirkətləri – «PetroVietnam» və «Vietsovpetro» arasında yataqların kəşfiyyatı, neft tədarükü və emalı sahələrində əməkdaşlıq artıq on ildən çoxdur ki, davam edir.

Ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir. Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri