ULu Öndər Heydər Əliyev Azərbaycan tarixində dərin iz qoymuş, xalqının yaddaşında böyük lider kimi qalmış bir şəxsiyyətdir. Onun həyat yolu və fəaliyyəti müasir Azərbaycanın inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi ilə birbaşa bağlıdır. Dərin zəkası, uzaqgörənliyi və vətəninə olan sonsuz sevgisi ilə Heydər Əliyev milli dövlətçiliyimizin memarıdır.
“Doğum günləri sadəcə təqvimdəki bir tarix deyil, həm də həyatın başlanğıc nöqtəsidir.” Amma elə insanlar var ki, onların doğum tarixi təkcə fərdi həyatın yox, xalqın taleyinin dönüş nöqtəsi olur. Məhz belə bir tarixdir – 10 may. Bu gün, 1923-cü ildə Azərbaycan xalqı tarixə yalnız bir övladını deyil, gələcəyinin memarını bəxş etdi. Bu, Heydər Əliyevin doğulduğu gündür – sadəcə bir insanın yox, bir ideyanın, bir xalq sevgisinin doğulduğu gün.
Lider – xalqının səsinə qulaq asan, onun acısını hiss edən, qorxularını cəsarətə çevirən, ümidsizliyə ümid verən şəxsiyyətdir. Heydər Əliyev belə bir lider idi. Onun doğumu təkcə ailəsinin sevinci deyildi – zaman keçdikcə onun həyat yolu sübut etdi ki, bu, bir millətin gələcək iradəsinin təcəssümüdür.
Heydər Əliyev siyasət meydanına sadə bir memar kimi deyil, düşüncə memarı kimi daxil oldu. O, milliliklə müasirliyi vəhdətdə təqdim edən nadir liderlərdən idi. Dövlət idarəçiliyində milli maraqları hər şeydən üstün tutdu, Azərbaycanın gələcəyini bir dövlət strategiyasına çevirdi. “Əsrin müqaviləsi”nin imzalanması, ordu quruculuğu, təhsil islahatları – bütün bunlar təsadüfi deyil, uzaqgörən siyasətin nəticəsi idi. O, “təhsil millətin gələcəyidir” deyərək məktəblərin əsasını möhkəmləndirdi, minlərlə gəncin dövlətçiliyə bağlı ruhda yetişməsinə zəmin yaratdı.Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” sözləri bir vətəndaşlıq manifestinə çevrilmişdir.
1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildikdən sonra ölkənin iqtisadi və mədəni inkişafında böyük dönüş yaratdı. Sovet dövründə belə o, Azərbaycanın maraqlarını qətiyyətlə qorumağa çalışmış, çoxsaylı kadrların yetişdirilməsinə şərait yaratmışdır.
1993-cü ildə ölkədə siyasi və sosial vəziyyətin gərgin olduğu bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Onun rəhbərliyi ilə hüquqi dövlət quruculuğuna başlandı, iqtisadi islahatlar həyata keçirildi, neft strategiyası formalaşdı.
Ulu Öndər Heydər Əliyev yalnız dövlət xadimi deyil, həm də böyük ziyalı, xalqının milli dəyərlərini qoruyan və gələcək nəsillərə ötürən bir lider idi.
Onun ideyaları bu gün də yaşayır və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin irsi müstəqil Azərbaycanın əsas sütunudur və gələcək nəsillər üçün örnək olacaqdır.
Aytən İbrahimova,
YAP Xətai rayon təşkilatının fəalı