08 may 2025 17:42
96

Perspektivli əməkdaşlıq istiqamətləri

“Azərbaycanla Vyetnam coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşsə də, iki ölkə arasında qarşılıqlı münasibətlər dövlətlərin siyasi qətiyyətinə və cəmiyyətlərin istəyinə uyğun olaraq uğurla inkişaf edir. Diplomatik münsaibətlərin qurulduğu son otuz ildən artıq bir müddətdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, o cümlədən energetika, müdafiə sənayesi, ticarət, mədəni-humanitar və digər sahələrdə müsbət nəticələr əldə edilib”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki,  Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində əlaqələrimizin tarixi və gələcək perspektivləri haqqında fikirlərini ifadə edib. Dövlət başçısının müsahibədə dediyi kimi, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Hələ 1959-cu ildə, yəni sovetlər dönəmində  Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycana səfər edib. Eləcə də,  Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən 1983-cü ildə Vyetnamda səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.

Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnamın Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilib. Bugünlərdə, yəni 7-8 may tarixlərində  Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri etməsi isə əlaqələrimizin gələcək  inkişafından xəbər verir. Səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” qəbul edilib. Bu, hər iki tərəfin münasibətləri daha yüksək səviyyəyə qaldırmaq istəyinin əyani təsdiqidir. “…İmzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır”, - deyə Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, cənab To Lamın respublikamıza baş tutan səfəri iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəridir. Beləliklə, qarşılıqlı münasibətlərdə yeni bir səhifə açılır. Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. To Lam da  mətbuata bəyanatında ölkəsi ilə Azərbaycan arasında dostluq münasibətlərinin 1959-cu ildən başladığına xüsusi diqqət çəkib. “Şadıq ki, ölkələrimizin münasibətləri Prezident Ho Şi Minin Azərbaycana 1959-cu ildə səfəri ilə başladı”, - deyə ali qonaq bildirib.

Tərəflərin xoş məramı əsasında qurulan  Azərbaycan-Vyetnam münasibətləri hazırda çoxşaxəi səciyyə daşıyır. Prezident İlham Əliyev bildirib ki, bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Səfər çərçivəsində baş tutan tədbirlərdə ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlıq imkanları geniş müzakirə olunub. Həmçinin Bakıda imzalanan  sənədlər əlaqələrin əhatə dairəsinin genişləndirlməsi üçün möhkəm hüquqi əsaslar yaradır. Tərəflər  iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verirlər. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bu həcm mövcud potensialla adekvatlıq təşkil etmir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında perspektiv əməkdaşlığın bir sıra mühüm istiqamətlərinə diqqət çəkib. Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr deməyə əsas verir ki, yaxın gələcəkdə bu sahədə əməkdaşlıq daha da genişlənəcək. Qarşılıqlı sərmayə qoyuluşu aktual müzakirə mövzusudur. Artıq göstəriş verilib ki, müvafiq qurumlar  həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri ilə  bağlı konkret addımlar atsınlar. Perspektivli əməkdaşlıq istiqamətlərindən biri bərpaolunan enerji sahəsidir. Həmçinin müdafiə sənayesi sahəsində çox böyük potensial var. Prezident İlham Əliyevin bildirdiyi kimi, hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər. Eyni zamanda, hər iki ölkə həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdırmaq imkanlarına malikdir.

Pərvin Kərimzadə qeyd edib ki, Birinci vitse-prezidentimiz Mehriban xanım  Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da Vyetnamda humanitar layihələr reallaşdırır. Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkənizə səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.

“Hesab edirəm ki, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri qarşılıqlı əməkdaşlığın güclənməsinə böyük təkan verəcək”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.