12 may 2025 15:01
123

Azərbaycan-Vyetnam əlaqələrini daha yüksək pilləyə qaldıran sənəd

2025-ci il mayın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanda səfərdə  olan Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lam mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin Başçısı bu səfərin Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Səfərin nəticələrinin uğurlu olacağını və əldə edilmiş razılaşmaların konkret layihələrə çevriləyəcəyini bildirdi. Cənab Prezident İlham Əliyev bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etdi.

Dövlətimizin başçısı çıxışına davam edərək bildirdi ki, Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksək səviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox  istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin  imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır.Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında demişdir: “Bizim  beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə biz minnətdarıq. Eyni zamanda, biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır. Biz bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında - beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır.”

Bahar Məmmədova, 
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri