Mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya səfəri Azərbaycan-Vyetnam münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Dostluq və tərəfdaşlıq ənənələrinə əsaslanan əlaqələrin möhkəmlənməsi kontekstində baş tutan bu səfər dövlətlərarası münasibətlərin strateji xarakter almasına şərait yaradıb. Rəsmi görüşlərdə aparılan müzakirələr, imzalanan sənədlər və verilən bəyanatlar iki ölkə arasında davamlı, sistemli və çoxşaxəli əlaqələrin qurulmasına yönəlmiş ortaq iradənin nümayişi kimi tarixi əhəmiyyət daşıyır.
İki ölkənin liderləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni müstəviyə qədəm qoyduğunu təsdiqləyir. Bu, qarşılıqlı fəaliyyətin siyasi-hüquqi bazasının möhkəmləndirilməsi baxımından önəmli addımdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var: “…Apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır”.
İqtisadi-ticari, energetika, nəqliyyat, mədəniyyət və müdafiə sənayesi sahələri üzrə əməkdaşlığın genişləndirilməsi tərəflərin siyasi gündəliyində xüsusi yer tutur. Hər iki tərəf birgə investisiya təşəbbüsləri, enerji resurslarının şaxələndirilməsi və texnoloji mübadilə imkanlarının araşdırılması istiqamətində razılıq əldə edib. Xüsusilə, Azərbaycanın SOCAR ilə Vyetnamın “PetroVietnam” şirkəti arasında energetika sahəsində anlaşmalar iki ölkə arasında enerji sektorunda genişlənən əlaqələrin əhəmiyyətini təcəssüm etdirir. Rəqəmsal inkişaf və texnologiyalar üzrə əməkdaşlıq da nəzərə çarpan bir istiqamətdir. Bu faktorlar elmi və texnoloji yeniliklərdə qarşılıqlı faydanı təmin etmək və rəqəmsal sahədə inkişafı təşviq etmək məqsədini daşıyır. Dövlətimizin başçısının vurğuladığı kimi, energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik.
İqtisadi sahədə imzalanan memorandumlar, xüsusilə kiçik və orta biznesin inkişafı, mədəniyyət və arxiv sahələrində yeni təşəbbüslər iki ölkə arasında daha sıx əlaqə qurulmasına xidmət edir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VİNEN) arasında yaradılacaq Birgə Biznes Şurası tərəflər arasında bu sahədə əlaqələrin daha da dərinləşdirilməsinə və yeni iş imkanlarının açılmasına şərait yaradacaq. Həmçinin mədəniyyət sahəsində əməkdaşlıq iki ölkənin mədəni irsinin qarşılıqlı şəkildə tanınmasına və təbliğinə yönəlib.
Ümumilikdə, bu razılaşmalar Azərbaycanın və Vyetnamın ikitərəfli əlaqələrini möhkəmləndirərək qarşılıqlı faydalı tərəfdaşlığın yeni mərhələyə keçməsinə şərait yaradacaq.
Azərbaycan və Vyetnam beynəlxalq müstəvidə də geniş əməkdaşlıq potensialına malikdir. BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda göstərilən qarşılıqlı dəstək iki ölkənin qlobal və regional sabitliyə verdiyi töhfəni nümayiş etdirir. Müxtəlif beynəlxalq təşəbbüslərdə birgə iştirak, ortaq maraqların müdafiəsi və multilateral diplomatiyada koordinasiyanın artırılması gələcək perspektivlər üçün mühüm zəmin yaradır.
Bütövlükdə, Vyetnam lideri To Lamın Bakıya səfəri ikitərəfli münasibətlərin inkişafına real töhfə verən əlamətdar hadisədir. Bu səfər çərçivəsində əldə olunmuş razılaşmalar uzunmüddətli tərəfdaşlıq üçün strateji yol xəritəsinin formalaşdırılmasını nəzərdə tutur, həmçinin Azərbaycan ilə Vyetnam arasında qarşılıqlı anlaşma və hörmət prinsiplərinə əsaslanan dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.
Hər iki ölkə qarşıda duran hədəfləri yerinə yetirmək və ikitərəfli münasibətləri daha yüksək səviyyəyə çatdırmaq əzmindədir. Bu isə gələcəkdə Azərbaycan-Vyetnam münasibətlərinin daha dayanıqlı əsaslar üzərində inkişaf edəcəyini deməyə əsas verir.
Bədəl Bədəlov,
Milli Məclisin deputatı