Bu gün Bakıda işə başlamış və 3 gün davam edəcək Avropa və MDB Poçt Liderlərinin I Forumunda Ümumdünya Poçt İttifaqının (ÜPİ) 2026-2029-cu illərdə bu region üçün Regional İnkişaf Planının əsası qoyulacaq.
“İki sahil” xəbər verir ki, bunu ÜPİ-nin Beynəlxalq Bürosunun Baş direktor müavini Marjan Osvald tədbirdə bildirib.
Forumu ÜPİ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə birgə təşkil edib.
"Növbəti üç gün ərzində biz məzmunlu dialoq aparacaq, perspektivli strategiyaları araşdıracaq və bu regionda layihələrimizin, fəaliyyətlərimizin və tədbirlərimizin gələcəyini müəyyən edəcək 2026-2029-cu illər üçün Avropa və MDB üzrə Regional İnkişaf Planının əsasını qoyacağıq. Bu forum ideyaların, əhatə dairəsinin və təcrübənin mübadiləsi üçün əməkdaşlıq məkanı kimi nəzərdə tutulub, mənalı təkliflər üçün imkanlar yaradır", - deyə o qeyd edib.
Qonağın sözlərinə görə, düşüncələri stimullaşdıran sessiyalar və panel müzakirələrindən əlavə, bu forum qarşılıqlı əlaqə üçün dinamik platforma rolunu oynayır: "Mən hamınızı əlaqələr qurmaq imkanlarından tam istifadə etməyə çağırıram. Həmçinin hər birinizi əsas maraqlı tərəflərin öz xidmət və həllərini nümayiş etdirdiyi sərgi sahəsini ziyarət etməyə dəvət edirəm. Orada iştirak edənlər transformasiya və modernizasiya üçün həlledici əhəmiyyət kəsb edən innovativ məhsullar və təcrübə təklif edən sənaye pionerləridir".
M.Osvald forumun təşkilinə və göstərdikləri möhtəşəm qonaqpərvərliyə görə Azərbaycan hökumətinə minnətdarlıq bildirib.