14 may 2025 08:28
89

NATO Yaponiya, Cənubi Koreya və Avstraliya liderlərini iyun sammitinə dəvət edəcək

NATO rəhbərliyi Asiya-Sakit Okean regionu ölkələri ilə əlaqələri gücləndirmək kursunu davam etdirərək, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya liderlərini alyansın iyun sammitinə dəvət etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

İyunun 24-ü və 25-də Haaqada keçiriləcək sammit zamanı NATO-nun Asiyadakı tərəfdaşları ilə ayrıca görüşlərin keçiriləcəyi gözlənilmir, lakin NATO-nun baş katibi Mark Rutte bu ölkələrin liderləri ilə görüşə bilər. O, aprel ayında Yaponiyaya səfər edib.

Telekanal qeyd edib ki, Rusiyaya qarşı məhdudlaşdırıcı təsir göstərmək üçün NATO üç il əvvəl ABŞ-nin əvvəlki prezidenti Co Baydenin administrasiyasının təşəbbüsü ilə Asiya-Sakit Okean regionundan tərəfdaş ölkələrin liderlərini sammitlərə dəvət etməyə başlayıb. Alyans Qərbin təhdid olaraq gördüyü iqtisadiyyat və təhlükəsizlik sahələrində Rusiya ilə Çin arasında münasibətlərin möhkəmlənməsi fonunda Asiya-Sakit okean regionu ilə əlaqələri daha da inkişaf etdirməyi planlaşdırır.