2024-cü ilin sonlarında Tükiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı PKK terror təşkilatının (Kürdüstan Fəhlə Pariyası) ən qısa zamanda qurultay keçirərək özünü buraxması və silahların təhvil verilməsi gərəkliyini bildirmişdi. Baxçalı DEM Partiyası rəhbərliyinin gecikmədən Öcalanla görüşüb, 40 ildən çoxdur davam edən terror probleminin birdəfəlik həllinə çalışmalarını tələb etmişdi: “Kürdləri türklərdən ayırmaq dünyanı günəş sistemindən ayırmaq qədər qeyri-mümkün və çılğınlıqdır. Bizim gələcəyimiz birdir, terroru tamamilə gündəmimizdən çıxarmaq üçün əl-ələ verib ürəyimizi yoğrumalıyıq. Kandildən dəmlənənlər artıq öz qərarını verməlidirlər. Onlar ya qədərin, ya da terrorun yanında olduqlaırnı göstərməlidir. MHP hər zaman sözünün arasındadır. Biz 22 oktyabrda nə dediksə, arxasındayıq. DEM partiya liderləri İmralıya getməli və Öcalanla danışmalıdır”.
Türkiyə Cümhuriyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ya silahları göməcəklər, ya da silahlarla gömüləcəklər”, - deyə qəti iradə nümayiş etdirdi. Bütün bunlardan sonra bəzi xarici qüvvələrin əlində alətə çevrilən PKK-nın lideri Abdullah Öcalan fevralın 27-də təşkilatın silahları yerə qoyaraq qurultay keçirib özünü buraxması barədə çağırış etdi. Kürdüstan Fəhlə Partiyası 5-7 may tarixlərində keçirilən XII qurultayında 40 ildən çox davam edən silahlı mübarizəyə son qoyduğunu və təşkilatın özünü buraxdığını elan etdi.
Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və ölkəsini də sevindirdiyini bildirən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd edib. Dövlət başçısı vurğulayıb ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin Silahlı Qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir.
Bu barədə Azərbaycan dövlət başçısının “X”dəki rəsmi səhifəsində paylaşımda deyilir: “Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm. Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram”.
Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb. Bu barədə qurumun “X” hesabındakı paylaşımında bildirilir: “Davamlı sülh və sabitlik yolunda mühüm addım olan PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq. Bölgədə terror təhlükəsinə son qoymaq üçün ən qısa zamanda praktiki addımların atılmasını gözləyirik. Qardaş Türkiyə rəhbərliyini terrorizmin kökünün kəsilməsi, təhlükəsizliyin gücləndirilməsi və sabitliyin təşviqi istiqamətindəki sarsılmaz öhdəliyinə görə alqışlayırıq”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə hökumətin Ankarada keçirilən iclasının yekunlarına dair bəyanatla çıxış edərək bildirib ki, Türkiyə ölkə gündəmindən terrorla mübarizə məsələsini çıxarmaq hədəfinə doğru qətiyyətlə irəliləyir. O, bildirib ki, “Terrorsuz Türkiyə” yolunda kritik mərhələ geridə qalıb. Hökumətin iclasının keçirildiyi zala Türkiyə Cümhuriyyəti bayrağı formasında 102 güldən ibarət buklet qoyulması xüsusilə diqqət çəkib. Məlum olub ki, bu təşəbbüs Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçılıya məxsus olub. MHP sədri Türkiyənin “terrorsuz ölkə” hədəfinə doğru qət etdiyi yolun rəmzi” kimi təqdim etdiyini bildirib. D.Baxçalı qeyd edib ki, ölkədə 47 il davam edən qanlı terror səhifəsi artıq bağlanmalıdır.
Türkiyə Cümhuriyyəti terrorla 47 illik mübarizəsini zəfərlə bitirdi. Qardaş ölkənin uzun illərdən bəri yüz milyardlarla dollar xərcləyərək mübarizə apardığı terror bəlası artıq yox edildi. PKK-nın fəaliyyətinin sona çatması ilə Türkiyədə, eləcə də Yaxın Şərqdə yeni bir dövr başlanacaq. Qardaş ölkənin Cənub-Şərq bölgəsində iqtisadiyyatın inkişafı üçün əlverilşi şərait yaranacaq. Sənaye, turizm, kənd təsərrüfatı və digər sahələrdə sürətli irəliləyişlər baş verəcək. Şəhərlər, kəndlər yenidən qurulacaq, minlərlə iş yeri açılacaq, yeni məktəblər, səhiyyə müəssisləri tikiləcək, avtomobil və dəmir yolları salınacaq. İraqdan başlanan, Türkiyə və bölgə ölkələri üçün xüsusi əhəmiyyət kəsb edən, lakin PKK-nın terrorçu fəaliyyəti ilə təhdid altında olan “İnkişaf Yolu” layihəsi sayəsində bütün bölgədə böyük canlama baş verəcək. Türkiyənin Cənub-Şərqi istehsal, idxal və ixracatın yeni mərkəzinə çevriləcək.
Zahid Rza, “İki sahil”