17 may 2025 00:43
96

Şeyxülislamı Fazil Məmmədbağır oğlu İrəvani - Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri

Azərbaycanın ən böyük elm, maarif, mədəniyyət mərkəzlərindən olan İrəvan şəhəri daim tarixdə iz qoymuş görkəmli şəxsiyyətlər yetirib. Bakı Şamaxı, Təbriz, Şuşa, Naxçıvan kimi şəhərləri ilə yanaşı, İrəvan da ölkəmizə, xalqımıza görkəmli ziyalılar, dünya şöhrətli alimlər bəxş etmişdir.

Belə şəxsiyyətlərdən biri də görkəmli ədib, alim və ictimai xadim, Qafqazın Şeyxülislamı axund Fazil Məmmədbağır oğlu İrəvanidir. Fazil Məmmədbağıroğlu 1782-ci ildə İrəvan şəhərində anadan olub. O ilk təhsilini bu şəhərdəki molla məktəbində alıb. F.Məmmədbağıroğlu 20 yaşında İslam dünyasının dünyanın ən qədim universitetlərindən biri olan Qahirədəki Əl-Əzhər Universitetində təhsil almaq üçün  Piramidalar ölkəsi Misirə yollanır. Təxminən 20-25 il Qahirədə yaşayan F.İrəvani  burada mükəmməl təhsil aldıqdan sonra İsfahan və Təbriz şəhərlərində axundluq etmişdir. Əsası 970-ci ildə Misir Fatimiləri tərəfindən qoyulan, əvvəlcə cümə məscidi kimi fəaliyyət göstərən, tədricən ənənəvi (nəqli) və rasional (əqli), dini və dünyəvi elmlər mərkəzinə çevrilən Əl-Əzhər Universitetində dərin biliklərə yiyələnən, dini-mənəvi eləmləri mükəmməl əxz edən F.İrəvani sonralar Şərq tarixinə, dini elmlərə aid əsərlər yazmışdır. O, Vətənə qayıdandan sonra İrəvandakı Göy məscidin baş axundu olmuşdur.

Görkəmli ədib F.İrəvaninin “Qızılgül və bülbül” povesti Sankt-Peterburqda yaşayan Xocens Markar Geğamyan tərəfindən tərcümə olunaraq 1812-ci ildə erməni və rus dillərində çap edilmişdir. Oğurluq üzrə missilsiz peşəkarlıq nümayiş etdirən ermənilər bu dəfə də öz xizlətlərinə sadiq qalırlar. Beləki “Qızılgül və bülbül” povesti sonralar Xocens Markarın əsəri kimi Avropada fransız və alman dillərində, Pterburqda, Təbrizdə, Paris və Berlində dəfələrlə çap edilmişdir. Əsəri fransız dilinə Vayyan de Floribal (1826), alman dilinə isə Yozef fon Hammer (1832-1833) tərəfindən tərcümə edilmişdir.

Müctəhid Fazil İrəvani 1843-cü ildə Tiflis şəhərində yerləşən Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsi sədrinin müavini, 1847-1872-ci illərdə Qafqazın Şeyxülislamı olmuşdur. 1872-ci ildə Şeyxülislam vəzifəsindən istefa verən Fazil İrəvani yenidən İrəvana qayıtmış, özünün adı ilə adlandırılan “Şeyxülislam” məhəlləsində yaşamışdır. Fazil İrəvaninin “Kitabüt-təharət” (“Paklıq kitabı”) əsəri 1883-cü ildə Təbrizdə daşbasması (litoqrafiya) üsulu ilə çap olunub. Əldə etdiyi uğurlara görə I, II, III dərəcəli “Müqəddəs Georgi” ordenləri ilə təltif edilən Şeyxülislam Fazil İrəvani, həmçinin İran hökuməti tərəfindən də yüksək mükafatlara layiq görülmüşdür.

Fransız tədqiqatçısı Şarl Jorjien 1892-ci ildə yazmışdır ki, “Qızılgül və bülbül” əsəri Fazil və ya Fazili adlı türk müəllifinin əsəridir. Xocens Markar sadəcə olaraq, “Qızılgül və bülbül”ü erməni və rus dillərinə tərcümə edərək öz əsəri kimi çap etdirmişdir. Kitabın əsl müəllifinin Fazil İrəvani olduğu bəlli olduqdan sonra belə, ermənilər “Qızılgül və bülbül”ü 1950-ci ildə yenə də erməni müəllifinin əsəri kimi, Freznoda (ABŞ) çap etdirmişlər. “Qızılgül və bülbül” əsərinin orijinalı Matenadaranda- Mesrop Maştos adına Qədim Əlyazmalar İnstitutunda saxlanılır.

Tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, dosent Lütfiyyə Əsgərzadə yazır: “Misirin Əl-Əhzər universitetinin məzunu, uzun müddət İraqda (Nəcəf), İranda (İsfahan və Təbriz) axundluq etmiş, Qafqazın II Şeyxülislamı Fazil İrəvani şərəfli ömrünü İslam maarifini, islam fəlsəfəsini öyrənməyə və öyrətməyə həsr etmiş, Şərq tarixi və dini elmlərə aid bir neçə risalənin müəllifi kimi Şərqdə böyük şöhrət qazanmışdır. Mənbələrdə, Fazil İrəvaniyə aid edilən 15-ə yaxın kitab məlumdur. Əsərləri bir çox dillərə tərcümə olunmuş, Təbriz, Peterburq, Berlin, Parisdə çap olunmuş Fazil İrəvaninin “Paklıq kitabı” adlı əsəri Cənubi Azərbaycanın məşhur din xadimi Molla Əhməd Güzəkünaninin tapşırığı ilə 1883-cü ildə Təbrizdə fars dilində Xəttat Məhəmməd Təbrizi tərəfindən çap olunmuşdur. XIX əsrə aid olan türk, gürcü və erməni mənbələrindən məlum olur ki, Fazil İrəvaninin “Tarixi-İrəvan” adlı əsəri də (əlyazması) olmuşdur. İrəvan və Qərbi Azərbaycan əyalətlərinin tarixinə, Azərbaycan xanlıqlarının fəaliyyətinin tarixi tədqiqatına həsr edilmiş əlyazmanın təəssüf ki, bu günə qədər hansı arxivdə saxlandığı məlum deyil. Bəlkə də əlyazma indiki İrəvan arxivlərində ya məhv edilib, ya da hansısa erməni müəllifinin adına dəyişdirilərək nəşr edilmişdir”.

İslam dünyasının ən qədim təhsil ocaqlarından olan Əl-Əzhər Universitetinin məzunu, 25 il Qafqazın Şeyxülislamı olmuş, görkəmli ədib, ictimai xadim Fazil Məmmədbağır oğlu İrəvani 1885-ci ildə 103 yaşında İrəvan şəhərində haqqın dərgahına qovuşmuşdur.

Zahid Rza, “İki sahil”