15 may 2025 13:20
136

Almaniya müdafiə xərclərini ARTIRIR: HƏDƏF AÇIQLANDI

Almaniyanın xarici işlər naziri Johann Vadeful bildirib ki, Almaniya ABŞ-ın NATO ölkələrinin müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmaq məqsədini dəstəkləyir.

“İki sahil” xəbər verir ki,  bu barədə Reuters məlumat yayıb.

XİN rəhbəri əlavə edib ki, Berlin bu səviyyəyə çatmaq üçün səy göstərmək niyyətindədir. Hazırda bu göstərici 2,1% təşkil edir.

Vadeful Almaniyanın planlarını Antalyada ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra açıqlayıb. Nazir hakimiyyətin məqsədə nə vaxt nail olmaq niyyətində olduğunu açıqlamayıb. Reuters-in məlumatına görə, Almaniya Müdafiə Nazirliyi 2025-ci ildən etibarən xərcləri ildə 60 milyard avrodan çox artırmağı planlaşdırır.

Almaniyanın 2025-ci il üçün federal büdcə layihəsində müdafiə xərclərinə 53 milyard avro ayrılması təklif edilib. Mayın 2-də Reuters xəbər verir ki, Mark Rutte NATO ölkələrinə müdafiə xərclərini ÜDM-in 3,5%-ə, təhlükəsizliklə bağlı digər xərcləri isə 1,5%-ə çatdırmaq planı təklif edib. ABŞ dövlət katibi bundan əvvəl NATO ölkələrini müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmağa çağırmışdı.