16 may 2025 02:26
83

Sülh çağırışları fonunda silahlanma

Son vaxtlar Ermənistanın müdafiə nazirinin müxtəlif ölkələrə səfərləri intensivləşib. Bu səfərlərin məqsədi həmin ölkələrlə hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi adı altında silah tədarükünə nail olmaqdır. Rəsmi İrəvanın silah tədarükü üçün üz tutduğu ünvanlardan biri də Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatı zaman Ermənistanı dəstəkləyən Yunanıstandır. Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti bu günlərdə sözügedən ölkədə növbəti dəfə səfərdə olub. Papikyan yunan həmkarı Nikos Dendias ilə görüşdə regional təhlükəsizlik məsələlərini, eləcə də Ermənistan–Yunanıstan formatında müdafiə sahəsində əməkdaşlığı müzakirə edib.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məlumatına görə, 2024-cü ildə Ermənistanın silah idxalı əvvəlki illə müqayisədə 32% artıb. Əsas silah tədarükçüləri isə Fransa, Hindistan və Yunanıstandır. Yeri gəlmişkən, Hindistan bu ilin iyulunda Ermənistana “Akash” zenit raket komplekslərinin ikinci partiyasını göndərməyə hazırlaşır. Qeyd edək ki, ötən il bu komplekslərin ilk batareyası artıq Ermənistana göndərilib. Bütün bunlar 2022-ci ildə Ermənistanla təxminən 710 milyon dollar dəyərində 15 “Akash” sisteminin alınmasına dair imzalanan sazişin tərkib hissəsidir. Bu silahın xarakteristikasına gəldikdə isə qeyd etmək lazımdır ki, Hindistanın “Akash” sistemi qırıcı təyyarələri, qanadlı və “hava-yer” tipli raketləri, pilotsuz uçuş aparatlarını və 25 kilometrə qədər məsafədə digər hava vasitələrini vura bilən “hava-hava” tipli raketdir.

Ermənistanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi adı altında intensiv şəkildə silahlanması bir daha göstərir ki, təcavüzkar dövlət bu gün Azərbaycana dost olmayan qüvvələri-Fransanı, Hindistanı, Yunanıstanı öz ətrafında cəmləşdirərək ölkəmizə hansısa təzyiqlər göstərməyə çalışır. Şübhəsiz, bu, həm də bölgədə Rusiyanın təsir dairəsini zəiflətmək, Cənubi Qafqazda yeni siyasi balans yaratmaq strategiyasının tərkib hissəsidir.

Halbuki, Ermənistanın baş naziri Nikol Paşinyan 9 May – Faşizm üzərində Qələbə Günü ilə bağlı xalqa təbrik mesajında bildirib ki, bu gün regionumuzun dinc və firavan gələcəyinə töhfə vermək imkanımız var: “Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir və biz bu yolla gedəcəyik. Sülh və firavanlıq şəraitində yaşamaq regionumuzun haqqıdır və məhz belə də olmalıdır”. Amma göründüyü kimi, əslində Ermənistan sülh çağırışları fonunda silahlanmaqda davam edir.

Hərbi ekspert Ramil Məmmədli mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, martda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb: “Amma hələ də Azərbaycanın ərazi bütövlüyünə olan iddialar Ermənistan konstitusiyasından çıxarılmayıb, o cümlədən uzun illər iflic vəziyyətində olan Minsk qrupu ləğv edilməyib. Bunlar sülh prosesində ciddi maneələrdir.  Amma Ermənistan hələ də buna məhəl qoymur, əksinə silahlanmaqda davam edir”.

Hərbi ekspert qeyd etdi ki, Yunanıstan, Fransa və Hindistanın Ermənistanın silahlanmasındakı xüsusi canfəşanlığı ölkəmizdə haqlı olaraq narazılıq doğurur: “Rəsmi Bakı Ermənistanın silahlandırılması ilə bağlı ölkəmizin narahatlığını dəfələrlə beynəlxalq aləmə çatdırıb. Lakin bu xəbərdarlıqlara baxmayaraq, rəsmi İrəvan nəticə çıxarmaq istəmir. Təcavüzkar ölkə unutmasın ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini və milli maraqlarını təmin etməyə qadirdir. 44 günlük müharibənin yekununda düşməni kapitulyasiya aktını imzalamağa məcbur edən, 23 saat ərzində separatçıların kökünü tamamilə kəsən ordumuz bu gün yüksək döyüş qabiliyyətinə malik ordu kimi bütün dünyada qəbul edilir. İrəvanı silahlandıran dövlətlər bilməlidirlər ki, Azərbaycan Ordusu ərazi bütövlüyünü və suverenliyini istənilən xarici təhlükədən, o cümlədən Ermənistanın revanşist niyyətlərindən qorumağa hər zaman qadirdir. Təcavüzkar ölkənin və onun himayədarlarının Cənubi Qafqazda yeni gərginlik ocağı yaratmaq cəhdləri uğursuzluğa məhkumdur. Yəni, Ermənistan bölgədə möhləmlənmək istəyən qüvvələrə arxalanaraq revanşist xəyallara düşsə, yenə də əzilən tərəf olacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”