16 may 2025 11:27
93

Qərbi Azərbaycan haqqında xatirələrim

Atam Əmir Əliyev və ailəm İrəvan xanlığının Uluxanlı qəsəbəsindəndir. Qədim türk yurdu olan Uluxanlı təhsil səviyyəsi yüksək olan ziyalıların yetişdiyi mərkəz olaraq tanınırdı.

1881-ci ildə Uluxanlıda Azərbaycanın ilk dünyəvi orta məktəblərindən biri açılmışdır. Bu məktəbdə Azərbaycanın görkəmli mütəfəkkir və ziyalısı olan Cəlil Məmmədquluzadə dərs demişdir.

Uluxanlıda çoxlu sayda görkəmli ziyalı müəllim , həkim və alim yetişmişdir. Atam Əmir müəllim də bu cür ziyalılardan idi. O da Uluxanlı məktəbindən məzun olaraq Bakıya gəlmiş, Mirzə Fətəli Axundov adına Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə qəbul olunmuşdur. Bu əlamətdar hadisə keçən əsrin 30-cu illərinin əvvəlinə təsadüf etmişdir.

Təhsil aldıqdan sonra atam doğma kəndinə qayıdaraq xalqın maariflənməsi üçün böyük xidmətlər göstərmişdir.

Lakin Uluxanlı kimi elm, mədəniyyət və ziyalılar məskəni olan torpağımız Ermənistan SSR-in daşnak rəhbərliyini narahat edirdi. Bu xain qaragüruh Azərbaycan xalqına kin bəsləyərək məkrli və xəbis planlar quraraq millətimizi öz ata yurdundan çıxarmaq üçün fürsət gözləyirdi.

Kəndə müəllim olaraq yeni gələn atam ilk gündən yerli kommunist cildinə girmiş daşnak terroristlərinin təzyiq və təqiblərinə məruz qalmışdır. Xalqın aydınlatılmasını istəməyən erməni idarəsi atam kimi ziyalıların tədris işində iştirakını əngəlləməkdə idi. Bu təqiblər və təzyiqlər nəticəsində atam öz doğma yurdunu tərk edərək Azərbaycan SSR-in paytaxtı Bakıya gəlmiş və burada Maarif Nazirliyindən Balakən rayonuna təyinat almışdır.

Bundan sonra ailəmizin həyatı Vətənimizin gözəl guşələrindən olan Balakənlə bağlanmışdır. Burada atam müəllim olan anam Səkinə xanımla evlənmişdir. Bir ziyalı olaraq valideynlərimiz bizi milli ruhda yetişdirməyə çalışmışlar.

Atam 1969-cu ildə Ümummilli Liderimiz Heydər Əliyevin respublikaya rəhbər seçilməsini böyük sevinc və həyəcanla qarşılamış, Vətənimizin yeni inkişaf mərhələsinə keçdiyinə sidq ürəklə inanmışdır.

Biz beş bacıyıq. Atam hər birimizə ali təhsil vermişdir. Ümumiyyətlə, atam - Əmir müəllim bütün şagirdləri elmə, təhsilə səsləmiş, uşaqların yaxşı oxuması üçün əlindən gələni əsirgəməmişdir. Atam Balakən rayonunda böyük nüfuza malik idi.

Mən öz ata- baba yurdumuz olan Uluxanlını çox az görmüşəm. Kəndimizə uşaqlıqda bir neçə dəfə qısa müddətlik olaraq getmişik. Ancaq bu xatirələr mənim hafizəmdə xəyal olaraq qalmaqdadır. Hal-hazırda mən də ailə ənənəsini davam etdirərək təhsil sahəsində çalışıram. Azad Vətənimizin Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında tərəqqi və inkişaf yolunda surətlə irəlilədiyini görüb sevinirəm.

Mən inanıram ki, biz bir gün öz ata- baba yurdumuza gedəcəyik. Mən Prezidentimiz cənab İlham Əliyevə inanır və güvənirəm.

Mehriban Mehdiyevə,
Balakən şəhər 3 nömrəli körpələr evi-uşaq bağçası müdiri