17 may 2025 14:33
107

Türkiyəli ekspert: İrəvanın mövqeyi Ankara ilə münasibətlərin normallaşmasından uzaqdır

Ankara ilə münasibətlərin normallaşdırılmasına hazır olduqları barədə iddialara baxmayaraq, İrəvan Türkiyəyə qarşı kəskin mənfi münasibətilə tanınan ölkələrlə yaxınlaşır və onlarla fəal əməkdaşlıq edir. Bununla yanaşı, Ermənistanda Türkiyə tərəfi ilə dialoq yolunda konkret addımlar atılmır.

“İki sahil” xəbər verir ki, bu fikirləri Ankaradakı Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Selenay Erva Yalçın səsləndirib.

O qeyd edib ki, İrəvanın Türkiyə ilə münasibətlərin normallaşmasına münasibəti regionda etimad mühitinə zərbə vuran addımlarla müşayiət olunur, bu da qonşularla dialoqu ciddi şəkildə ləngidir.

Ekspert nümunə olaraq Ermənistanın Yunanıstanla əməkdaşlığına diqqət çəkib. “Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis uydurma 1915-ci il “soyqırımı” ilə bağlı açıqlamasında İrəvanla həmrəyliyi “sarsılmaz” adlandırdı, mayın 6-da isə Ermənistanın müdafiə naziri Afinada yunan həmkarı ilə danışıqlar apardı. Ertəsi gün Ermənistan nümayəndə heyəti Kipr yunanları ilə də görüş keçirdi. Ermənistanda anlamaya bilməzlər ki, bu cür xarici siyasət Türkiyədə narahatlıq doğurur”, – deyə Yalçın qeyd edib.

O, həmçinin Pakistan və Hindistan arasında münasibətlərin gərginləşməsinə İrəvanın reaksiyasına da diqqət çəkib: “Cənubi Asiyadakı hadisələrə cavab olaraq Ermənistan Təhlükəsizlik Şurasının katibi Yeni Dehliyə səfər planlarından danışdı. Halbuki bir çox ölkələr hər iki tərəfi dialoqa və atəşkəsə çağırırdı. Ermənistan isə Hindistana yaxınlığını nümayiş etdirdi. Bu, bir daha sübut edir ki, İrəvanın balanslı kurs haqqında açıqlamaları uydurmadır”.

Siyasi ekspert Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının təmsilçiləri arasında tüğyan edən türkfobiyaya da diqqət çəkib.

O, xüsusilə, Ermənistan parlamentində mayın 15-də baş vermiş “söz atışması”nı biabırçı adlandırıb. Belə ki, Baş nazir Nikol Paşinyanın partiyasının deputatlarından biri sabiq prezident Robert Köçəryanı “türk” adlandırıb.

“Ermənistanın hakim partiyasının təmsilçilərinin müxaliflərini təhqir etmək üçün “türk” sözünü işlətməsi İrəvanın əsl mövqeyini və xoş qonşuluq prinsiplərinə zidd olan davranışını əks etdirir. Baş verən hadisə İrəvan rəsmiləri tərəfindən açıq və dəqiq izah tələb edir”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, İrəvanda dayanıqlı sülhə gedən yolun və rifahın qonşu ölkələrlə münasibətlərin normallaşmasından keçdiyini nəzərə almırlar. “Aydındır ki, Ermənistan hakimiyyətinin real addımları olmadan Ankara ilə dialoq bir neçə bəyanat və parlamentdə çıxışlarla məhdudlaşacaq, yəni sadəcə “arzu məhsulu” olaraq qalacaq”, – deyə ekspert vurğulayıb.