Terrorsuz Türkiyənin son məqsədi bəllidir. Silahların basdırılması. Terror təşkilatının tamamilə tərksilah edilməsi, ləğvetmə qərarının tam yerinə yetirilməsi, qanunsuzluqdan əl çəkilməsi zəruridir. Qəbul edilmiş qərarların (PKK terror təşkilatının dağılaraq tərksilah edilməsi qərarı – red.) icrasını çox yaxından izləyəcəyik. Şəhidlərimizin mənəvi xatirəsinə, şəhid yaxınlarımızın və qazilərimizin hüquqlarına xələl gətirmədən terrordan azad Türkiyəyə nail olacağıq.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
Dövlət başçısı bildirib ki, terrorun Türkiyənin gündəmindən tamamilə çıxarılması ilə yeni bir dövrün qapısı açılacaq: “Baxın, terror bəlası illərdir bu ölkənin başına buxov kimi düşüb. Bizi yavaşlatan və ayağımızı bağlayan zəncirləri qırmağa başladıq. Terror təşkilatı yerləşdiyi bölgələri tərk etdikdən sonra niyə Cənub-Şərq və Şərqdə halay rəqsləri ifa olundu? Bütün bu halayların bir mənası var idi. İndi Şərqə və Cənub-Şərqə sülh gəldi, mənim vətəndaşlarım orada halay rəqsi etdi. Tayyib Ərdoğan bölgəyə gələn bu sülh və rifahı özü üçün deyil, ölkəsi və bölgəsi üçün istəyir. Bunu birdəfəlik çox yaxşı bilməliyik. Bütövlükdə bu regionda iqtisadi bərpa bu sülh mühiti ilə gələcək. Şərq və Cənub-Şərqdəki xalqımın həyatı çox fərqli olacaq. Həm ticarət həyatı canlanacaq, həm də vətəndaşlarım küçə və prospektlərdə nəfəs alacaqlar. Yaylalar canlanacaq, inkişaf edəcək. Yaylada çobanlarımız sürüləri ilə təhlükəsiz yaşaya biləcəklər. İndi bütün ölkəmdə sülh hiss olunacaq. Bir neçə zəif səs var, amma vətəndaşlarımız prosesi dəstəklədikcə bu səslər də susacaq. Bizim gözləntimiz terror dəftərinin bağlanması və bir daha açılmamasıdır”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”