19 may 2025 15:43
331

Azərbaycan Milli QHT Forumu vətəndaş cəmiyyətinin ideya generatoruna çevrilib

2024-cü il mayın 15-də keçilrilmiş Azərbaycan Milli QHT Forumunun Ümumi Yığıncağı təsisatın həyatında tam yeni səhifə açıb, keyfiyyət mərhələsi yaradıb. Etiraf etməliyik ki, güclü ənənələri və əhəmiyyətli tarixi missiyası olan Forum ötən dövrdə getdikcə zəifləmişdi. Artıq Forumun həyatında müşahidə edilən durğunluq və tənəzzülə son qoyulub, əvvəlki tərkib buraxılıb və struktur ləğv edilib, yeni və çevik idarəçilik mexanizmi yaradılıb.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan Milli QHT Forumu ölkə QHT-lərinin çətir təşkilatı kimi öhdəsinə düşən funksiyaları icra etməyə başlayıb, vətəndaş cəmiyyətinin ideya generatoruna çevrilib: "Artıq əminliklə deyə bilərik ki, Azərbaycan Milli QHT Forumu beynəlxalq miqyasda yaxşı tanınan və qəbul edilən nüfuzlu təşkilatdır. Bu, Forumda birləşən Azərbaycan QHT-lərinin birgə əməyinin nəticəsi, uğur hekayəsidir. Beynəlxalq təşkilatlar Milli QHT Forumuna etibar edir və onun fəaliyyətini dəstəkləyir".