Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq edir və bir çox qlobal və regional təşəbbüslərdə fəal iştirak edir. Eyni zamanda, beynəlxalq münasibətlərin möhkəmləndirilməsi məqsədilə tərəfdaş qurumlarla birgə kompleks tədbirlər həyata keçirilir.
Bu çərçivədə, Azərbaycan Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə Bakı şəhərində həmin beynəlxalq təşkilatın Altıncı Plenar İclas və İdarəetmə Komitəsinin onuncu görüşü baş tutur.
Tədbir çərçivəsində, beynəlxalq təşkilatlar və xarici dövlətlərin nümayəndə heyətləri ilə bir sıra görüşlər təşkil olunub.
“İki sahil” xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bu gün Baş prokuror Kamran Əliyev, Avropa Dövlət Prokurorluğunun Baş Prokurorunun müavini Petr Klementinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş prokuror görüş zamanı qanunun aliliyi və ədalətin təmin edilməsində Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Avropa Prokurorluğu arasında əlaqə mexanizminin yaradılması və gücləndirilməsinin vacibliyini qeyd edib.
Petr Klementin görüşdə Azərbaycanda həyata keçirilən hüquqi islahatların və onların beynəlxalq hüquq və ədalət prinsipləri ilə uyğunluğunu müsbət qiymətləndirib. O, həmçinin Azərbaycanın hüquqi sisteminin inkişafı istiqamətində atdığı addımları alqışlayıb və Avropa Prokurorluğunun bu islahatları dəstəkləməyə davam edəcəyini bildirib.
Görüşdə bütün dünyada antikorrupsiya hüquq-mühafizə orqanları arasında birbaşa əməkdaşlığın gücləndirilməsi məsələsi də müzakirə edilib. Kamran Əliyev, GlobE Şəbəkəsinin bu sahədəki əhəmiyyətini vurğulayıb və Azərbaycanın bu şəbəkə ilə əməkdaşlığını daha da inkişaf etdirməyə maraqlı olduğunu bildirib.
Bundan əlavə, hüquqi əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində bilik və təcrübə mübadiləsi, habelə beynəlxalq hüquq normalarına uyğun fəaliyyətin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Görüş Azərbaycan ilə Avropa İttifaqı arasında hüquqi əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım olub.