İki ölkə arasındakı iqtisadi əməkdaşlığının genişlənməsinə yeni imkanlar yaranıb
Azərbaycan -İran dostluğu yalnız iki ölkənin mənəvi bağları ilə deyil, həm də iqtisadi əməkdaşlığı ilə genişlənir. Xüsusilə ötən ay İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri mühüm geosiyasi və iqtisadi məqamları ilə yadda qaldı. Ötən yazılarımızda vurğuladığımız kimi, bu, İkinci Qarabağ müharibəsindən sonra İranın ali rəhbərliyinin Azərbaycana ilk səfəri idi. Səfər beynəlxalq aləmdə də maraqla qarşılandı. Eyni zamanda, Məsud Pezeşkianın səfər çərçivəsində ölkəmizə bəslədiyi səmimi duyğularını sərgiləməsi və hətta rəsmi görüşlərdə Azərbaycan dilində şerlər səsləndirməsi bir daha göstərdi ki, qonşu və dost İran bizimlə yeni və daha isti münasibətlər qurmaq niyyətindədir. Bu tarixi həqiqət bir daha təsdiqləndi ki, iki ölkə arasındakı dostluq və isti münasibətləri liderlər yarada da bilər, poza da…
Məlumdur ki, həm 44 günlük Vətən müharibəsində, həm də postmüharibə dövründə İranın keçmiş rəhbərlikləri ermənipərəst mövqe sərgiləyirdilər. Hətta onları silahla, yanacaq və ərzaqla təmin edirdi. Ən biabrçı fakt isə o idi ki, Hindistandan, Rusiyadan, Fransadan və digər ölkələrdən Ermənistana silah daşımaları zamanı İran plastdarm rolunu oynayırdı. Bütün bunların əksinə olaraq İran Prezidenti Məsud Pezeşkian Bakı səfərində mövqeyini açıq şəkildə ortaya qoyaraq Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığa üstünlük verdiyini bildirdi. Hətta səfər zamanı Azərbaycan və İran prezidentlərinin bir-birinə «əziz qardaşım» deyə müraciət etməkləri iki ölkə lideri arasında qarşılıqlı hörmət və inam mühitinin formalaşdığını təsdiq edir.
Azərbaycan dövləti İranla münasibətlərə hər zaman həssaslıqla yanaşıb. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə qeyd edib: «Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk. Ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərinə əsaslanaraq möhkəmlənir.» Dövlət başçısının bu sözləri iki ölkə arasında həm coğrafi, həm də mənəvi bağlılığın dərin və pozulmaz olduğunu bir daha göstərir.
Bu həftə Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumunun panelindəki çıxışında Azərbaycanla İran arasındakı iqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yeni imkanların yaradılamsının vacibliyindən danışaraq deyib: «Biz Avrasiya regionunda inkişaf edən xoşbəxt ölkəyik. Bizim Türkiyə, Rusiya və İran ilə çoxtərəfli əməkdaşlıq əlaqələrimiz var. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də İranla əməkdaşlıq edirik. Çünki islam həmrəyliyi prinsipi bizim üçün vacibdir.» Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və İran iqtisadi əməkdaşlığı davam etdirməli, ikitərəfli əlaqələri gücləndirməlidir.
Hikmət Hacıyev həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan və beynəlxalq əhəmiyyət daşıyan infrastruktur layihələr barədə məlumat verib. Bildirib ki, biz özümüzə və tərəfdaşlarımıza fayda vermək üçün real imkanlardan istifadə etməliyik. Bu xüsusda Avrasiyanın nəqliyyat dəhlizini yenidən tərtib edən Şimal-Cənub layihəsinin əhəmiyyətinə toxunub: «Özümüz üçün yeni təhlükəsizlik arxitekturası qurmağa çalışmalıyıq və həyata keçiriləcək layihələri müəyyənləşdirməliyik».
Ümumiyyətlə, Azərbaycanın iqtisadi- ticari əməkdaşlığında İran ilk onluqda yer alan ölkələrdəndir. Bu qonşu ölkə ilə ticarət əlaqələri daimi yüksələn xətlə inkişaf edir. Məsələn, 2024-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 647 milyon ABŞ dolları (2023-cü illə müqayisədə 33 faiz çox) təşkil edib. 2024-cü ildə Azərbaycandan İrana isə 14 milyon dollar dəyərində məhsul ixrac olunub. Əvəzində isə qonşu ölkədən 633 milyon dollar dəyərində müxtəlif mallar idxal olunub. Bəs İrandan ölkəmizə hansı məhsullar daha çox idxal olunur? Statisikadan görünür ki, qonşu ölkədən əsasən quş əti, dondurulmuş balıq, süd və süd məhsulları, meyvə- tərəvəz, çay, qənnadı məmulatları, tikinti materialları və sənaye məhsulları idxal olunub. Azərbaycandan isə polad yarımfabrikatlar, təbii qaz, elektrik enerjisi, yeyinti sənayesi tullantıları və digər məhsullar ixrac edilib. Bu gün Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib və İranın ölkəmizə yatırdığı investisiyaların həcmi 3,4 milyard ABŞ dollarından çoxdur. Azərbaycanla İran arasında investisiyaların təşviqi və qorunması, enerji, nəqliyyat, gömrük, turizm və digər sahələri əhatə edən 30 sənəd imzalanıb ki, bu da ticarət əlaqələrinin genişlənməsinə hüquqi baza yaradır.
Yaxın gələcəkdə İranla iqtisadi əməkdaşlıq çərçivəsində Pirallahı Sənaye Parkında «Caspian Pharmed» əczaçılıq müəssisəsi fəaliyyətə başlayacaq. Bu müəssisə üçün 20,6 milyon ABŞ dolları investisiya qoyulması nəzərdə tutulub. Sözügedən müəssisə Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək və bu sahədə idxaldan asılılığı azaldacaq. Əvəzində ixrac potensialı xeyli artacaq. Zavodun fəaliyyəti nəticəsində 90 nəfərin daimi iş yeri ilə təmin olunacağı nəzərdə tutulur. Həmçinin bu gün iki ölkənin iqisadi əməkdaşlığı nəticəsində Neftçala Sənaye Məhəlləsində birgə avtomobil istehsalı həyata keçirilir.
Azərbaycanla İran arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat əlaqələridir. Nəqliyyat-logistika sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafıdır. Xüsusi qeyd edilməlidir ki, məhz 2023-cü ildə bu marşrut üzrə yükdaşımaların 50 faiz artması və Ağbənd dəmir yolu körpüsünün tikintisi iki ölkənin logistika imkanlarının genişlənməsinə xidmət edir.
İqtisadçıların fikrincə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi həm Avropa ilə Asiya arasında ən qısa və səmərəli tranzit yolu kimi çıxış edir, həm də iqtisadiyyatın şaxələndirilməsinə, eləcə də beynəlxalq ticarətin genişlənməsinə münbit şərait yaradır. Yəni, Şimal- Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan və Cənub- Şərqi Asiya ölkələrindən gələn yüklərin İranın Bəndər- Abbas limanından Azərbaycan üzərindən daşınmasını gerçəkləşdirəcək. İl ərzində 15 milyon ton yük daşınması planlaşdırılan bu tranzitdən Azərbaycanın çox böyük gəlir (ildə, təxminən, 250-300 milyon dollar) əldə etməsi proqnozlaşdırılır.
Sözügedən dəhlizlə Cənub- Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 kilometr daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzil başına çatdırılacaq. İqtisadçıların hesablamalarına görə, hər 15 ton yükün daşınmasında 2500 dolardan çox vəsaitin qənaət edilməsi gözlənilir. Bu baxımdan Azərbaycan üçün Şimal-Cənub Nəqliyyat Dəhlizinin Qərb marşrutu (Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ilə Samurdan Astaraya, daha sonra inşası davam etdirilən Astara- Rəşt- Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşir) strateji əhəmiyyət daşıyır. Bu dəhliz vasitəsilə Hindistandan Avropaya qədər yüklərin daşınması təmin olunur. Dəhlizin mühüm hissəsi olan Qəzvin- Rəşt- Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin tam istismara verilməsi önəmli məsələ məsələ kimi gündəmdədir.
Bundan başqa, iki ölkə arasında avtomobil daşımaları sahəsində də iqtisadi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Xüsusilə, «Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında» Saziş çərçivəsində Azərbaycanın ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən yükdaşımaları həyata keçirilir. Bu məqsədlə Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvanda İran üzərindən bağlantı yaradılacaq körpülərin layihələndirilməsi artıq başa çatdırılıb. Gündəlik 1100 avtomobil, 30 avtobus və 15 min sərnişinin bu marşrutdan istifadə edəcəyi proqnozlaşdırılır.
İki ölkə arasında enerji sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur. Belə ən mühüm layihələrindən biri də Azərbaycan -İran sərhədində yerləşən «Xudafərin» və «Qız Qalası» hidroelektrik kompleksləridir. Ötən il istifadəyə verilmiş bu komplekslər enerji təminatı və kənd təsərrüfatı sahəsində suvarma sistemlərinin inkişafına ciddi dəstək verir. Bundan başqa, «Xudafərin», «Qız Qalası», «Ordubad» və «Marazad» su elektrik stansiyalarının inşası, 330 kV-luq İmişli-Parsabad elektrik xəttinin tikintisi, eləcə də 2016-cı ildə imzalanmış elektrik enerjisinin satışı ilə bağlı Çərçivə Sazişi bu istiqamətdə atılmış mühüm addımlardır.
Elçin Zaman, «İki sahil»