İşğaldan azad edilmiş ərazilərə ötən il köçürülən təsərrüfatların 30,1 faizini qadın sahibkarların təsərrüfatları təşkil edib. Bu təsərrüfatların sayı 9654-dür.
“İki sahil” xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə illik hesabatında əksini tapıb.
Komitə tərəfindən, həmçinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına köçürülən təsərrüfat subyektləri arasında gender balansının təhlili aparılıb. Köçürülmə prosesi çərçivəsində ictimaiyyətə əvvəlcədən ərazilərin təhlükəsizliyi, köçürülmənin mərhələləri və istifadə ediləcək örüş, otlaq və biçənək sahələrinin coğrafi yerləşməsi barədə məlumat verilib. Bununla yanaşı, əhali arasında geniş maarifləndirmə tədbirləri həyata keçirilib.