22 may 2025 23:43
89

Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbul etməsi dayandırıldı

ABŞ prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbul etməsini dayandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə The New York Times (NYT) məlumat yayıb.

ABŞ daxili təhlükəsizlik naziri Kristi Noemin təhsil ocağına göndərdiyi məktubda deyilir: “Sizə məlumat verirəm ki, Harvard Universitetinin beynəlxalq tələbə və akademik mübadilə proqramının lisenziyası ləğv edilib”.

“NYT”nin mənbələri qərarın Harvardda son aylarda aparılan araşdırmanın bir hissəsi olduğunu bildirib.

Tramp və onun administrasiyası Harvard və digər nüfuzlu Amerika universitetləri ilə bağlı dəfələrlə açıqlamalar verib. Səlahiyyətlilərin fikrincə, universitet İsrailin Qəzza zolağında hərbi əməliyyatlarına qarşı çıxan fələstinpərəst fəallardan yəhudi əsilli tələbələrin tam təhlükəsizliyini təmin edə bilməz.

Bundan əvvəl ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Departamenti Harvard üçün nəzərdə tutulan 60 milyon dollarlıq federal qrantı ləğv edib. Departamentin məlumatına görə, universitet antisemitizm, etnik və irqi ayrı-seçkilik məsələlərini həll edə bilmir.