23 may 2025 15:57
116

AHİİTA ilə Velosiped Federasiyası arasında əməkdaşlıq görüşü keçirilib

Mayın 23-də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) təşəbbüsü ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının inzibati binasında AHİİTA ilə Azərbaycan Velosiped Federasiyası arasında əməkdaşlıq görüşü keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan Velosiped Federasiyasını vitse-prezident Fikrət Hüseynov və baş katib Elnarə Musayeva, AHİTA-nı isə İctimai Birliyin direktoru Tural Qasımovun rəhbərliyi ilə təşkilatın rəhbər heyətinin üzvləri təmsil edib.

Görüş zamanı velosiped idmanının həmkarlar ittifaqları strukturları daxilində inkişafı, gənclərin idmana cəlb olunması, birgə tədbirlərin təşkili, maarifləndirmə layihələrinin həyata keçirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

AHİTA İB-nin direktoru Tural Qasımov görüş zamanı bildirib: “Velosiped idmanı yalnız idman növü deyil, həm də sağlam və ekoloji həyat tərzinin təbliğində mühüm vasitədir. Biz AHİTA olaraq, federasiya ilə birgə layihələrin reallaşdırılmasını olduqca vacib hesab edirik.”

Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti Fikrət Hüseynov isə görüşün əhəmiyyətini vurğulayaraq deyib: “Biz federasiya olaraq ictimai təşkilatlarla əməkdaşlığa daim açığıq. AHİTA ilə bu istiqamətdə aparılan danışıqlar gələcəkdə velosiped idmanının daha geniş təbliğinə imkan verəcək.”

Tədbir zamanı iki qurum arasında ortaq fəaliyyət planının hazırlanması barədə ilkin razılıq əldə olunub və qarşılıqlı maraqlar əsasında birgə layihələrin həyata keçirilməsi, əməkdaşlığın davamlı xarakter alması üçün atılacaq növbəti addımlar müzakirə edilib.