24 may 2025 00:58
99

Qərbi Azərbaycan həqiqətləri dünyaya çatdırılır

Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı tarixi ədalətin bərpası ilə yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin, barışığın bərəqrar olması üçün atılan mühüm addım, vacib şərtdir

Azərbaycan 2020-ci ildə qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etdikdən sonra xalqımızda belə bir qəti inam yarandı ki, erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınan Qərbi Azərbaycandan olan soydaşlarımız ölkəmizin başçısının milli maraqlara söykənən, qətiyyətli, prinsipial siyasəti sayəsində tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar.

Prezident İlham Əliyev 2024 cü il sentyabrın 30-da Aşıq Ələsgərin Bakıda abidəsinin açılış mərasimindəki çıxışında XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışarkən bildirib: “Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”. Azərbaycanlıların zaman-zaman Qərbi Azərbaycandan, yəni indiki

Ermənistan ərazisindən qovulması tarixin ən böyük ədalətsizliyidir. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1988-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar həmin ərazilərdən sürgün edilib və hazırda o yerlərdə ancaq ermənilər yaşayır. İndi Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib.

1987-ci ildə Ulu Öndər Heydər Əliyevin Moskvada öz vəzifəsindən istefa verməsindən sonra ermənilər fəallaşaraq SSRİ dövlətinin himayəsi altında Qərbi Azərbaycandan azərbaycanlıların kütləvi deportasiyasını təşkil etdilər. Belə ki, 1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin respublikamıza qərəzli münasibətindən istifadə edən Ermənistan Azərbaycana qarşı qeyri-qanuni ərazi iddiaları irəli sürməklə yanaşı, azərbaycanlıların yeni deportasiyasına başladı. Həmin il noyabrın 23-dən dekabrın 1-dək Ermənistanın 22 rayonundan 200 mindən artıq azərbaycanlı, 18 min müsəlman kürdü, min nəfər rusdilli əhali silah gücünə öz doğma ocaqlarından qovulub. Bu zaman 225 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, minlərlə qadın, uşaq və qoca müxtəlif xəsarətlər alıb, on minlərlə ailənin əmlakı talan edilib.

Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı Qərbi Azərbaycan İcmasının qarşısında mühüm vəzifələr qoyub. İcmanın əsas məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt və digər mühüm beynəlxalq konvensiyalarda öz əksini tapmış qayıdış hüququ beynəlxalq hüququn əsas normalarından biri olmaqla, sülh və birgəyaşayışa xidmət edən mühüm prinsipdir.

Prezident İlham Əliyev bu günlərdə Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Ankarada keçirilən beynəlxalq konfransın iştirakçılarına ünavnaladığı müraciətdə bildirib ki, Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir: “2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı Qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaratmış və onların daha mütəşəkkil qaydada fəaliyyət göstərməsinə imkan vermişdir. Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir”.

Dövlət başçısı, həmçinin qeyd edib ki, Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir: “Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir”.

Ölkəmizin başçısının elan etdiyi “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” beynəlxalq hüquqa əsaslanan sənəddir. Reallıq odur ki, Qərbi Azərbaycan İcması, eləcə də müxtəlif təşkilatlar, ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, QHT-lər həmin çağırışa cavab verərək bu missiyanın reallaşdırılması üçün əllərindən gələni əsirgəmirlər. Qərbi Azərbaycan İcmasının müraciətlərinin Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər nüfuzlu beynəlxalq qurumların rəsmi sənədi kimi yayılması, “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Ankarada beynəlxalq konfransın keçirilməsi və s. Qərbi Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılıması istiqamətində görülən işlərin bariz nümunəsididr.

Zahid Rza, “İki sahil”