24 may 2025 15:01
96

Qarabağ və Şərqi Zəngəzurda yeni yaradılan iş yerlərinin sayı açıqlandı

Bu ilin yanvar-aprel ayları ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 656 yeni iş yeri yaradılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, hesabat dövründə Qarabağda 515, Şərqi Zəngəzurda isə 141 yeni iş yerləri yaradılıb.

Dövr ərzində Qarabağ iqtisadi rayonu üzrə yeni yaradılan ən çox iş yeri Xankəndinin (283), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə Cəbrayılın (31) payına düşüb.

Ümumilikdə, 2025-ci ilin I rübü ərzində Azərbaycanda 23 386 yeni iş yeri yaradılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 90,6 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 74,4 faizi Bakı şəhərinin, 0,9 faizi Naxçıvan Muxtar Respublikasının, 24,7 faizi digər regionların, o cümlədən, 11,4 faizi Abşeron-Xızı, 2,4 faizi Quba-Xaçmaz, 2,2 faizi Qarabağ, 1,7 faizi LənkəranAstara, 1,5 faizi Gəncə-Daşkəsən, 1,3 faizi Şəki-Zaqatala, 1,1 faizi Şirvan-Salyan, 0,7 faizi Mil-Muğan, 0,6 faizi Dağlıq Şirvan, 0,6 faizi Qazax-Tovuz, 0,6 faizi Mərkəzi Aran və 0,6 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Bununla yanaşı, 2025-ci ilin birinci rübü ərzində ölkədə 2,7 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 48,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 20,1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,9 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.